Ukraynanın İliçevsk şəhərində universal döyüş üzrə 18-20 yaşlı gənclər arasında Avropa birinciliyi keçirilib. Yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 12 idmançı təmsil edib. Birincilikdə 26 ölkədən 220-ə qədər idmançı layt və klassik versiya üzrə yarışlarda qüvvələrini sınayıb.
Komandamızın üzvləri uğurla çıxış edərək 6 qızıl, 2 gümüş medal əldə ediblər. Oğlanlar arasında yarışlarda Əli Həsənli (75 kq, layt), Fuad Vahidzadə (95 kq, layt), Allahşükür Fərzəliyev (+ 95 kq layt), Raqif Manafzadə (60 kq klassik) qızıl medallar qazanıblar. Zərif cinsin nümayəndələri arasında Dilarə Abbasova (48 kq, layt) və Səkinə Məmmədova (45 kq, layt) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər. Raqif Manafzadə layt versiyası üzrə yarışlarda da fərqlənərək gümüş medal qazanıb. Daha bir gümüş medala Ülvi Teyyubzadə (70 kq, layt) sahib çıxıb. Ümumi hesabda yığma komandamız 26 ölkə arasında ikinci olub. Ukrayna millisi birinci, Rumıniya yığma komandası isə üçüncü pillədə qərarlaşıb. Yarışda Elşən İsmayılov ölkəmizi baş hakimin köməkçisi kimi də təmsil edib. Komandanın çıxışı barədə məlumat verən Elşən müəllim qeyd etdi ki, bu, gənclərdən ibarət yığmamızın 18-20 yaşlılar arasında qazandığı ən yüksək nailiyyətidir. O, komandanın çıxışından razı qaldığını bildirdi: "Yarışlara yüksək səviyyədə hazırlaşmışdıq. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən komandamızın hazırlığı üçün hərtərəfli şərait yaradılmışdı. Sevindirici haldır ki, idmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Xatırladım ki, keçən il universal döyüşçülərimiz bu yaş qrupu üzrə Avropa birinciliyində 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmışdılar. İndiyədək 18-20 yaşlı idmançılarımız Avropada 6 qızıl medala sahib çıxa bilməmişdilər. Bu, yüksək nəticədir. Komandamızın heyətində ən gənc idmançı Ülvi Teyyubzadə idi. Ülvi 17 yaşı olmasına baxmayaraq, 18-20 yaşlılar arasında döyüşərək ümidləri doğrultdu. İdmançımız demək olar çempionluğun bir addımlığında büdrədi və ukraynalı rəqibi Aleksandr Qonçarova 2:1 hesabı ilə uduzdu. Yığmanın üzvü Əli Həsənli çox gözəl çıxış nümayiş etdirdi və dünya və Avropa çempionu Sergey Plaxotnıya 4:1 hesabı ilə qalib gəldi. Xatırladım ki, Əli keçənilki yarışda da qızıl medal qazanmışdı. İkinci dəfə Avropa çempionu adını qazanmaqla idmançımız keçənilki uğurunun təsadüfi olmadığını sübuta yetirdi”.
Qeyd edək ki, təlim-məşqlərini paytaxtda davam etdirən gənclərdən ibarət yığmamızı sentyabrda bu yaş qrupu üzrə keçiriləcək dünya birinciliyi gözləyir.