“Palandökən” turnirində yüksək nəticə

“Palandökən” turnirində yüksək nəticə


Azərbaycan milli komandasının bir neçə üzvü Türkiyənin Ərzurum şəhərində 12-ci Beynəlxalq "Palandökən” Karate Turnirində uğurla yarışıb. Böyüklərin fərdi yarışlarında Rafiz Həsənov (-67 kq) və Asiman Qurbanlı (+84 kq) turnirin qalibi olublar. 14-15 yaşlı yeniyetmələr arasında Hümmət Baxşəliyev (-57 kq), 18-21 yaşlılar arasında isə Rafiq Əmirov gümüş medala sahib çıxıblar.
16-17 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən Murad Hacızadə (+76 kq) və Elcan Məmmədrzayev (-61 kq), 18-21 yaşlılardan isə Üzeyir Alışanov (-67 kq) bürünc medal əldə ediblər.
Rafiz Həsənov, Pənah Abdullayev və Asiman Qurbanlıdan ibarət heyət komanda yarışlarında qalib adını qazanıb. Bu nəticələrlə Azərbaycan 41 ölkə arasında Türkiyə və İrandan sonra üçüncü yeri tutub. Qeyd edək ki, müxtəlif yaş qruplarının çıxış etdiyi və 4 gün davam edən ənənəvi "Palandökən” turnirində 2000-dək idmançı yarışıb.