Şahmatçımız gənclər arasında dünya çempionu oldu

Şahmatçımız gənclər arasında dünya çempionu oldu


Avqustun 1-8-də Polşanın Ostroda şəhərində 58-ci Dünya Şahmat Bəstəçiliyi Konqresi (58th World Congress of Chess Composition) keçirilib Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları, həmçinin şahmat məsələlərinin həlli üzrə 39-cu dünya çempionatı daxil idi.
Azərbaycanı bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı (Bakı), Elmar Abdullayev (Şirvan) və ölkəmizin bu təşkilatdakı nümayəndəsi, komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edib.
Ənənəvi olaraq, konqresdə dünya çempionatından əvvəl açıq turnir keçirilib. Adətən, bu yarışda həll üçün hər bölmədə (#2, #3, etüdlər,N#, H#, S#) 12 məsələ təqdim olunur və həmin məsələlər 3 saat ərzində həll edilir.
Qələbə uğrunda 24 ölkədən 89 şahmatçı mübarizə aparıb. Qalib adını 60 mümkün xaldan 51 xal toplayan Anatoli Mukoseev (Rusiya) qazanıb. Vidmantas Satkus (Litva, 50,5 xal) 2-ci, 50 xal toplayan Piotr Qorski (Polşa) isə 3-cü olub. Azərbaycan həllçiləri arasında bu yarışda ən yaxşı nəticəni Mistrətdin İskəndərov göstərib- 48,5 xal, 6-cı yer. Rəşad Zeynallı ilk dəfə belə yarışlarda çıxış etməsinə baxmayaraq 45 xal toplayıb və13-cü yeri tutub. Araz Alməmmədov 44,5 xalla 14-cü olub. Son ölkə çempionu Ramil Cavadov isə çox zəif çıxış edib və 35 xalla 39-cu pillədə qərarlaşıb.
Avqustun 4-5-də 39-cu dünya çempionatı keçirilib. Burada 85 şahmatçı mübarizə aparıb. 6 turdan ibarət olan çempionatda ümumilikdə 18 tapşırıq təqdim olunub (hər turda 3 tapşırıq) Tapşırıqda hər düzgün cavaba görə 5 xal, ümumilikdə 90 xal verilib. Dəfələrlə dünya çempionu olan Kasper Piorun (Polşa) və şahmat üzrə qrossmeyster John Nunn (İngiltərə) birincilik uğrunda mübarizə aparıblar. Qızıl medala 80,5 xal toplayan (348 dəqiqə) Kasper Piorun layiq görülüb. Gümüş medalı isə 80 xalla (316 dəqiqə) John Nunn qazanıb. Finlandiyalı Jorma Paavilainen (73 xal) bürünc medala sahib çıxıb. Azərbaycan şahmatçılarından Mistrətdin İskəndərov dəfələrlə dünya və Avropa çempionu Piotr Murdzia (Polşa) ilə eyni xal (71 xal) toplasa da, yalnız vaxta görə 5-ci olub. Araz Alməmmədov 56,5 xalla 18-ci, debütant Rəşad Zeynallı 54,5 xalla 22-ci, təcrübəli Ramil Cavadov isə 42,5 xalla 47-ci olub.
Dünya çempionatında komanda yarışında 19 komanda mübarizə aparıb. Çempionatda qalib adını 157,5 xal toplayan dəfələrlə dünya və Avropa çempionları Polşa yığması qazanıb. 151 xal toplayan Böyük Britaniya komandası gümüş medal əldə edib. Bürünc medala Serbiya yığması (135,5 xal) sahib çıxıb. Azərbaycan millisi 130,5 xalla 5-ci olub. Maraqlıdır ki, yığmamız son turlara kimi liderlər sırasında yer alıb. Yalnız son turlarda Araz Alməmmədovun və Ramil Cavadovun zəif çıxışı komandamızın 5-ci yerlə kifayətlənməsinə səbəb olub. Bununla belə, komandamız dəfələrlə dünya və Avropa çempionları olan Rusiya, Almaniya və Ukrayna kimi yığmaları geridə qoyub.
Çempionatda gənclərin yarışı təmsilçilərimiz üçün uğurlu olub. Belə ki, Misrətdin İskəndərov 71 xal toplayaraq gənclər arasında dünya çempionu adını qazanıb. Digər idmançımız Rəşad Zeynallı 54,5 xalla bürünc medal əldə edib.
Qeyd edək ki, ənənəvi olaraq, dünya çempionatında sürətli həlletmə yarışı da keçirilib. "Quick Şou” yarışında Serbiya təmsilçisi Marjan Kovacevic (18 xal) birinci yeri tutub. 17 xal toplayan Kasper Piorun (Polşa) ikinci, Arno Zude (Almaniya, 16 xal) 3-cü olub.
"Solving şou” yarışında isə qalib adını 13 xalla Mark Erenburq (İsrail) qazanıb. Vladimir Podinic (Serbiya, 11 xal) 2-ci yerə çıxıb. 15 qat Azərbaycan çempionu Araz Alməmmədov bu yarışda 10 xal toplayaraq 3-cü yeri tutub.
Son yarışların nəticələrinə görə Misrətdin İskəndərov həlletmə üzrə beynəlxalq usta şahmat üzrə qrossmeyster Zaur Məmmədov isə FİDE ustası adına layiq görülüb. Qeyd edək ki, Misrətdin İskəndərov həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq qrossmeyster balını da toplayıb və beynəlxalq həlletmə əmsalı ilə ölkə yığmasının liderinə çevrilib. Xatırladaq ki, o iyul ayında Türkiyənin Konya şəhərində keçirilən Türkiyə liqasında da uğurla çıxış edərək şahmat üzrə qrossmesyter balı toplamışdı. Komandamızın debütantı, ölkə çempionatında 4-cü yer tutan Rəşad Zeynallı bütün yarışlarda uğurlu çıxışı ilə yadda qalıb. O, beynəlxalq usta normasını doldurub və indi bu adı almaq üçün Rəşad beynəlxalq əmsalını 2450-yə çatdırmalıdır.
WFCC-nin iclaslarında növbəti FİDE Albomuna və şəxsi dünya çempionatına hakimlər seçilib. Növbəti konqresin və dünya çempionatının gələn il Serbiyanın paytaxtı Belqradda, Avropa çempionatının isə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilməsi qərara alınıb.