Çak Norris Bakıya gələcək

Çak Norris Bakıya gələcək



Döyüş sənətinin canlı əfsanəsi sayılan Çak Norrisin təşkilatçılığı ilə ABŞ-ın Las-Veqas şəhərində çan kuk do üzrə dünya çempionatı keçirilib.
Yarış Çak Norrisin 75 illiyinə həsr edilib. Dünya çempionatı çərçivəsində "Norris Cup” turniri təşkil edilib. Yarışlarda Azərbaycanın tanınmış döyüş ustası, Bakı Peşəkar Karate Do Akademiyasının prezidenti Sabir Süleyman da iştirak edib.
ABŞ-dan qayıdan idmançımız öz təəssüratları barədə "olimpnews.az saytına danışdı : "Bu mötəbər turnirə Avrasiya qitəsindən yalnız mən dəvət almışdım. Çak Norrisin 75 illiyinə həsr olunmuş yarışın iştirakçılarına UFAF (United Fighting Arts Federation) təşkilatı tərəfindən dəvətnamə göndərilmişdi. Döyüş növləri üzrə üç qat dünya çempionu olaraq bu tədbirdə iştirak edirdim. Qeyd edim ki, Las-Veqasa uçmazdan əvvəl Nyu-Yorkun Manhetten məntəqəsində 2 günlük təlim məşq toplanışı keçdim.
Nümayəndəlik təşkil etmək hüququ qazanmaq üçün vacib döyüşlər keçirdim və rəqiblərimə tam üstünlüklə qalib gəldim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, döyüş üslubum əfsanəvi idmançı Çak Norrisin çox xoşuna gəldi və o məni təbrik etdi. Çak Norrisin yaratdıgı çan kuk do idman növünün nümayəndəliyi açıldı və mən həmin nümayəndəliyin rəhbəri seçildim. Bu çempionatdan sonra mənə Las-Veqasda "Qafqazın Çak Norrisi” ləqəbi verildi”.
Sabir Süleyman bildirdi ki, o, Çak Norrisi Azərbaycana dəvət edib. Əfsanəvi döyüşçü gələn ilin sentyabr ayında Bakıya gələcəyini deyib.