Noyabrın 16-dan 23-dək Rusiyanın Medin şəhərində universal döyüş üzrə 16-cı dünya çempionatı təşkil ediləcək.
Klassik və layt versiyaları üzrə keçiriləcək yarışda 50 ölkədən 300-dək idmançı qüvvəsini sınayacaq. Çempionatda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi altında 12 idmançı təmsil edəcək. Qeyd edək ki, yığma komandamız yarışa hazırlıq məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mərhələli şəkildə təlim-məşq toplanışlarında iştirak edib. Dünya çempionatında idmançılarımızın əsas rəqibləri Rusiya, Belarus, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan komandalarının döyüşçüləri olacaqlar. Yarışda həmyerlimiz Elşən İsmayılov ölkəmizi beynəlxalq hakim kimi təmsil edəcək. Xatırladaq ki, 2014-cü ildə keçirilən dünya çempionatında universal döyüşçülərimiz klassik və layt versiyası üzrə yarışlarda 4 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər. Qızıl medallardan 1-i klassik, 3-ü isə layt versiyasında əldə oluub.