Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2015-ci ilə yekun vurub. Olimpnews.az saytının məlumatına görə, bu münasibətlə federasiyanın idarə heyətinin üzvləri, o cümlədən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, AMKF-nin birinci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) baş direktoru Elmir Həbibullayev, məşqçi, hakim və əsas komanda üzvlərinin iştirakı ilə hesabat iclası keçirilib.
2015-ci ilin Azərbaycan idmanı üçün uğurlu illərdən biri kimi tarixə qovuşduğunu söyləyən Ülvi Quliyev ildən-ilə artan nailiyyətlərin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yüksək səviyyədə təşkil edilən birinci Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal qazanan karateçilərimiz ən böyük uğurlardan birinə imza atıblar. Bunun nəticəsi olaraq Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyev və Ayxan Mamayev Azərbaycan Prezidenti tərəfindən təltif ediliblər. Ü.Quliyev, həmçinin veteran karateçi Oqtay Məmmədovu "Bədən tərbiyəsi və idman xadimi” yüksək idman mükafatı ilə təltif edilməsini, dünya karatesinin liderlərindən Rafael Ağayevin növbəti dəfə ilin ən yaxşı 10 idmançısı arasına daxil olmasını xüsusi vurğulayıb.
Birinci vitse-prezident Rəhman Hətəmov ilk Avropa Oyunlarında karateçilərimizin qazandığı tarixi zəfərin, böyüklərin Avropa çempionatında, yeniyetmə və gənclərin qitə və dünya birinciliklərində, eləcə də nüfuzlu turnirlərdə təkrarlandığını qeyd edib. O, karateçilərimizin yola saldığımız ili 156, o cümlədən 47 qızıl, 53 gümüş və 56 bürünc medalla başa vurduqlarını söyləyib.
Tədbirdə ölkəmizdə idmanın bu növünün inkişafına göstərdiyi qayğıya görə AMKF-nin prezidenti Yaşar Bəşirovun və federasiya kollektivinin adından dövlətimizin başçısına dərin minnətdarlıq diqqətə çatdırılıb. Federasiya rəsmiləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizin idman ictimaiyyətini təbrik edərək 2016-cı ildə xalqımıza əmin-amanlıq, sabitlik, inkişaf və zəfərlər arzulayıblar.
Sonra mükafatlandırma mərasimi olub.
Rafael Ağayev və İlahə Qasımova "İlin idmançısı”, Şahin Xudaverdiyev "İlin məşqçisi”, Vüqar Kərimov isə "İlin hakimi” adlarına layiq görülüblər. Həmçinin 2015-ci ildə müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edən idmançılara, məşqçilərə və hakimlərə pul mükafatları verilib.