Varşavadakı Olimpiya Mərkəzində Polşa Olimpiya ailəsinin Yeni il görüşü keçirilib. Mərasimdə Polşa Prezidenti Andjey Duda və xanımı Aqata Kornhauser-Duda fəxri qonaqlar qismində iştirak ediblər. Tədbirdə iştirak edənlər arasında Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, bu ölkənin İdman və Turizm naziri Vitold Banka, Prezident Administrasiyasının nümayəndələri, həmçinin diplomatik korpusun rəhbərləri, bu ölkəni beynəlxalq yarışlarda təmsil edən idmançılar, Olimpiya və dünya çempionları da olub.
Andjey Kraşnitski çıxış edərək, ötən il ölkə idmançılarının qazandıqları nailiyyətlər haqqında məlumat verib. O, Bakı-2015 birinci Avropa Oyunlarından danışaraq, bu mühüm idman yarışının yüksək səviyyədə təşkili, idmançılara və nümayəndə heyətlərinin üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin rəhbərliyinə, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə və ölkəmizin Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirib. A.Kraşnitski polşalı idmançıların Azərbaycandakı Oyunlarda 20 medal əldə etdiklərini vurğulayıb. Tədbir çərçivəsində, həmçinin Polşa Olimpiya Komitəsinin binasında Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunan xatirə lövhəsi açılıb. A.Kraşnitski ölkəsinin nümayəndə heyətinin ilk Avropa Oyunlarına hazırlıq dövründə Polşa Olimpiya Komitəsi ilə birlikdə idmançılara göstərdiyi dəstəyə, həmçinin xatirə lövhəsinin qurulması ilə bağlı təşəbbüsə görə səfir Həsən Həsənova təşəkkürünü bildirib.
Sonra Prezident Andjey Duda ölkəsinin idman uğurlarında xidmətləri olan və Polşa ictimaiyyətinə sevinc gətirən idmançılara, məşqçilərə, onların ailələrinə və dəstək olan hər kəsə minnətdarlığını bildirib. O, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında idmançılara müvəffəqiyyətlər arzulayıb.
Sonda 2015-ci ildə fərqlənən idmançılara mükafatlar təqdim olunub.