Adil Əliyev: "Azərbaycanda kikboksçular nəsli yetişir”

Adil Əliyev: "Azərbaycanda kikboksçular nəsli yetişir”

Fevralın 14-dən 17-dək Bakı İdman Sarayında kikboksinq üzrə XXII Azərbaycan çempionatı və kadetlər arasında birincilik keçirildi.

"Olimpnews.az” xəbər verir ki, "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında təşkil edilən yarışda paytaxt və bölgələri təmsil edən komandaların heyətində 600-dən çox idmançı mübarizə apardı. Çempionatın keçirilməsində məqsəd dünya və Avropa çempionatları, eləcə də beynəlxalq turnirlərdə iştirak edəcək yığma komandanın heyətini müəyyənləşdirmək idi.

Yarışın açılış mərasimində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. AKF prezidenti Adil Əliyev öz çıxışında ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən federasiya prezidenti təmsilçilərimizin ən mötəbər yarışlardan vətənə yüksək əyarlı medallarla döndüklərini qeyd etdi. Ölkəmizdə kikboksinqin böyük inkişaf yolu keçdiyini deyən millət vəkili Azərbaycan kikboksçularının bu növdə yüksək uğurlar qazandıqlarını bildirdi. O, ölkəmizdə Olimpiya və qeyri-Olimpiya idman növlərinə fərq qoyulmadığını, kikboksinq idman növünün Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi tərəfindən dəstəkləndiyini vurğuladı. 

Adil Əliyev bu növün inkişafında əsas məqsədin yüksək uğurlarla yanaşı, vətənpərvər və sağlam gənclər yetişdirmək olduğunu dedi. "Bu gün ölkəmizi beynəlxalq aləmdə təmsil edən gənc idmançılarımız sabahın əsgəri, Azərbaycan ordusunda yer alacaqlar. Bizim əsas məqsədimiz ildən-ilə daha da yüksək inkişafa nail olmaq, klublarımızın sayını artırmaq, kütləviliyə nail olmaqdır. Çox istərdik ki, gənclərimiz sağlam ruhda böyüsünlər, pis vərdişlərdən uzaq olsunlar, onların üz tutduqları ünvan məhz ölkəmizdə istifadəyə verilən Olimpiya İdman Kompleksləri olsun”, - deyə o əlavə etdi.

Daha sonra çıxış edən İsmayıl İsmayılov Gənclər və İdman naziri Azad Rəhimov adından yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Ötən il Azərbaycan idmançılarının müxtəlif mötəbər yarışlarda 823 medal qazandığını deyən İsmayıl İsmayılov əldə olnunan nailiyyətlərin ölkənin tanınmasında böyuk əhəmiyyətə malik olduğunu xüsusi vurğuladı. Nazir müavini ötən il respublikamızda 50-dən artıq dünya və Avropa çempionatının keçirildiyini xatırlatdı. İsmayıl İsmayılov ötən il tarixdə ilk dəfə Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini dedi. Nazir müavini ölkəmizə göstərilən etimadın nəticəsi olaraq paytaxtımızın bu il Formula-1 Avropa Qran pri yarışlarına, Şahmat Olimpiadasına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirdi.

 Dövlət himni səsləndirildikdən sonra yarışlara start verildi. 3 gün ərzində keçirilən gərgin qarşılaşmalardan sonra kadetlər və böyüklər arasında qaliblər müəyyənləşdi. 

Qeyd edək ki, böyüklər arasında final qarşılaşmaları peşəkar yarış qaydalarına uyğun keçirildi. Kişilər arasında Anar Məmmədov (51 kq, "Neftçi İK”İB), Çingiz Əhmədzadə (54 kq, "Neftçi”İK İB), Elşad Ələsgərov (57 kq, Ağsu-”Neftçi”), Zöhrab Əzimov (60 kq, DİN İC), Ruslan Əliyev (63,5 kq, "Qızıl Əlcək”İK), İbrahim Məmmədov (67 kq, "Citkundo”), Ramal Aslanov (71 kq, DİN İC), Emil Mövsümzadə (75 kq, DİN İC), Bəybala Quliyev (81 kq, "Neftçi İK”İB), Orxan Məlikov (86 kq, "Naxçıvan”İK), Bəhram Rəcəbzadə (91 kq, "Orion”İK), Ağalar Sadıxzadə (+91 kq, Cəlilabad) çempion tituluna yiyələndilər. Qadınlar arasında Suad Səlimova (51 kq, "Neftçi İK”İB), Həmidə Rüzgari (54 kq, DİN İC), Nərminə Əliyeva (57 kq, "Sərhədçi”İOM), Solmaz İsmayılova (60 kq, Gəncə), Alyona Həsənova (63,5 kq, "Caspian” İK), Yelena Abbasova (67 kq, "DİN İC”), Fəridə Məlikzadə (71 kq, Ağsu-”Neftçi”) qızıl medallara layiq görüldülər. Ümümi komanda hesabında 5 qızıl, 4 gümüş, 3 bürünc medalla birinci pillədə qərarlaşan DİN İC-in komandası XXII Azərbaycan çempionatının kubokuna sahib çıxdı. İkinci yerə "Neftçi İK” İB-in təmsilçiləri layiq görüldülər. "Naxçıvan”idman klubunun təmsilçiləri isə üçüncü pillədə qərarlaşdılar. Mükafatlandırma mərasimində AKF-in prezidenti, millət vəkili Adil Əliyev və federasiyanın digər rəsmi nümayəndələri iştirak etdilər.


Final qarşılaşmaları başa çatdıqdan sonra federasiya rəsmiləri, məşqçilər, eləcə də yarışı qonaq olaraq izləyən mütəxəssislərin yarışla bağlı fikirlərini öyrəndik.

"Azərbaycanda kikboksçular nəsli yetişir”

Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti:

- Kikboksinq üzrə XXII Azərbaycan çempionatı və birinciliyi uğurla yekunlaşdı. Yarışlar yüksək səviyyədə keçdi. İldən-ilə çempionatın səviyyəsi yüksəlir. Döyüşləri izləyənlərin sayının çox olduğunun özünüz də şahidi oldunuz. Çempionatda 605 idmançı mübarizə apardı. İdmançılar bir-birindən maraqlı, əzmkar döyüşlər nümayiş etdirdilər. Yarışlar göstərdi ki, Azərbaycanda gənc kikboksçular nəsli yetişir. Ölkəmizdə yüksək potensiala malik kikboksçular var. Paytaxtla yanaşı, bölgələrdə də kütləviliyi təmin etmişik.

Qalib gələn idmançıları təbrik edir, məğlub olan idmançılara həvəsdən düşməməyi tövsiyə edirəm. Çempionatın keçirilməsində köməyi olan hər bir kəsə, idmançılara, hakimlərə, yarışları işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Qarşıda bizi bir sıra mötəbər yarışlar gözləyir. Bu il federasiya tərəfindən paytaxt və bölgələrdə peşəkar yarışlar təşkil olunacaq. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq yarışın keçirilməsi planlaşdırılır. Aprelin 4-də Cənubi Afrika Respublikasının komandası Azərbaycana səfər edəcək. Bu ölkənin təmsilçilərinin Azərbaycan yığması ilə revanş döyüşü keçiriləcək. Xatırladım ki, indiyədək Rusiya, Türkiyə, Cənubi Afrika və Orta Asiyada bir sıra peşəkar yarışlar təşkil etmişik. İnanıram ki, bu yarışlar idmançılara daha da böyük təcrübə qazandıracaq və kikboksinqin inkişafına böyük təkan verəcək.

"Gənclərin sağlam ruhda böyüməsi məni çox sevindirir”

Məmməd Abbasbəyli, Azərbaycan Alpinizm Federasiyasının prezidenti:

- Ölkə çempionatını izləmək üçün zala toplaşanların sayı onu göstərir ki, kikboksinq Azərbaycanda, həqiqətən də, populyar idman növüdür. Azərbaycan Kikboksinq Federasiyası 22 illik inkişaf tarixi ərzində böyük uğurlar qazanıblar. Kikboksçular mötəbər yarışlarda iştirak edir, dünya və Avropa çempionatlarında yüksək uğurlar əldə edirlər. Hətta son illərdə idmançılar həvəskar səviyyədən peşəkar səviyyəyə keçiblər. Final qarşılaşmalarının peşəkarlar arasında olması bunu bir daha təsdiqləyir. Azərbaycan Kikboksinq Federasiyası müxtəlif tədbirlərin təşkilatçılıq bacarığına görə də aparıcı mövqelərdə dayanır. Mənim futbol, boks, kikboksinq idman növlərinə marağım var. Həvəskar şəkildə mütəmadi futbol oynayır, fiziki məşqlər edirəm. Gənclərin sağlam ruhda böyüməsi məni çox sevindirir. AKF-nin 10 mindən çox üzvü var. Bu onu göstərir ki, federasiya kikboksinqdə kütləviliyi təmin edib. Gənclərimizi pis vərdişlərdən uzaq tutmaq, onları idmana dəvət etmək vacib məsələdir.

"Final qarşılaşmalarının peşəkar qaydalar əsasında keçirilməsi bir yenilikdir”

Səbuhi Rəcəb, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti:
- Builki ölkə çempionatı iştirakçıların say çoxluğu ilə əvvəlki yarışlardan fərqlənir. Peşəkarlar arasında keçirilən final qarşılaşmaları zamanı maraqlı və gərgin döyüşlərin şahidi olduq. Final qarşılaşmalarının peşəkar qaydalar əsasında keçirilməsi bir yenilikdir. Bu, AKF prezidenti Adil Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Azərbaycan kikboksçuları həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlu çıxışları ilə idmanımızın inkişafına təkan verirlər. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bu, bir idmançı kimi məni çox sevindirir. Qeyd edim ki, uzun illər kikboksinqlə məşğul olmuşam və 2002-ci ildə idman ustası adını qazanmışam. Bu sahədə əldə olunan uğurlar kikboksinqin parlaq gələcəyinin göstəricisidir.

"Federasiya tərəfindən kikboksinqin təbliğinə xüsusi diqqət yetirilir”

Elnur Eltürk, AKF-nin mətbuat katibi:

- Ölkə çempionatının səviyyəsinin ildən-ilə yüksəlməsi bizi çox sevindirir. Yarışlarda idmançıların say çoxluğu, kütləviliyin təmin olunması federasiyanın doğru istiqamətdə inkişafının göstəricisidir. AKF tərəfindən kikboksinqin təbliğinə xüsusi diqqət yetirilir. Federasiya KİV nümayəndələri ilə işini yüksək səviyyədə qurub. Yarışlarda iştirak edən media nümayəndələrinə yarışın geniş şəkildə işıqlandırılmasına verdikləri dəstəyə görə minnətdarlığımızı bildiririk.