Pençak Silat Federasiyası yeni turnir keçirəcək

Pençak Silat Federasiyası yeni turnir keçirəcək

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Pençak Silat Federasiyasının son illərdəki çıxışları ilə bağlı mətbuat konfransı keçirildi.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə federasiyanın I vitse-prezidenti Ceyhun Əşrəfov, baş məşqçi Abbas Hümbətov, Özbəkistan Pençak Silat Federasiyasının prezidenti Əziz Curabayev, İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie və KİV nümayəndələri iştirak edirdilər.

Mətbuat konfransında qeyd olundu ki, federasiya gənclərin pençak silat idman növünə marağını artırmaq üçün mütəmadi olaraq ölkə daxilində müxtəlif yarışlar keçirir. Əlbəyaxa döyüş növü olan və gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə və əzm yaradan pencak silata artıq respublikamızda kütləvi maraq formalaşmaqdadır. Bunu nəzərə alan federasiya rəhbərliyi bu il 30 aprel-1 may tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı keçirəcək. Yarışlar «Sərhədçi» Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Qeyd edək ki, islam ölkələrində yaranan pencak silat idman növü dəfələrlə Asiya ölkələrinin Olimpiya oyunlarına salınıb. Bu idman növünə Asiya ölkələrində, xüsusilə də, vətəni olan İndoneziyada böyük maraq var.