Bu gün Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarına start verilib.
Olimpnews.az saytının məlumatına görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən beynəlxalq yarışda 9 ölkədən 73 idmançı mükafatlar uğrunda mübarizə aparır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. "Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışları mayın 16-dək davam edəcək.
Qeyd edək ki, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir. Qran-Pri yarışlarında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak edir.