Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

Hövsan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan 278 atlet birincilik uğrunda mübarizə aparıb.

Olimpnews.az saytının məlumatına görə, milli komandamızın üzvləri turnirdə uğurla çıxış edərək 9 qızıl medala sahib olublar. İdmançılarımızdan Cümşüd Məmmədov (60 kq), Elçin Hüseynli (65 kq), Namiq Məmmədzadə (70 kq), Əziz Əzimov (75 kq), Əliqismət Məmmədov (80 kq), Nicat Tağıyev (90 kq), Tahir Məsimov (95 kq), Yasər Rüstəmov (95 kq-dan yuxarı) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər.

Ümumi hesabda Azərbaycan yığma komandası birinci pillədə qərarlaşıb. Rusiya komandası ikinci, İran yığması isə üçüncü olub.

Turnir çərçivəsində peşəkarlar arasında 5 reytinq döyüşü və Asiya kəməri uğrunda döyüş də təşkil edilib. Nihad Qocayev (75 kq) və Fərid Mirzəbəyov (85 kq) reytinq döyüşlərində qalib adını qazanıblar. Asiya kəməri uğrunda döyüşdə isə Nicat Əliyev (75 kq) çempion olaraq kəməri ölkəmizdə saxlayıb. Döyüşlərdə fərqlənmiş idmançılara da mükafatlar təqdim olunub.