Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən uşu-sanda üzrə Avropa çempionatı başa çatıb. Olimpnews.az saytının məlumatına görə, gənclər və böyüklərin mübarizə apardığı yarışda baş məşqçi Bəhaddin Səlimov və məşqçi Elşad İbrahimovun rəhbərliyi ilə Azərbaycan millisi də iştirak edib.
5 gün davam edən gərgin mübarizənin yekununda millimiz komanda hesabında yalnız Rusiyadan geri qalaraq ikinci olub. Böyüklərin yarışında 48 kq çəki dərəcəsində Orxan Hətəmov final qarşılaşmasında erməni rəqibinə qalib gələrək çempionluq sevinci yaşayıb. Elçin İmanov və Ruslan Pirəliyev (müvafiq olaraq 56 və 60 kq) gümüş medallara seviniblər. 70 kq çəki dərəcəsində özünü sınayan Taleh İsayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Gənclərdən Rasim Kərimov (60 kq) heç bir rəqibinə şans vermədən çempion olub. Rafael Məmmədov (80 kq) yalnız finalda büdrəyərək mübarizəsini fəxri kürsünün ikinci pilləsində başa çatdırıb. 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yaşar Səlimov isə bürünc medal qazanmağa müvəffəq olub.
Beləliklə, yığmamız iki qızıl, üç gümüş, iki bürünc medalla vətənə qayıdıb.