Bakıda «Ferrari» pilotu Kimmi Raykonenə
azarkeşlik edəcəyəm
Bu il Azərbaycan adını idman tarixinin yaddaşına daha bir əlamətdar hadisə ilə yazdıracaq. Belə ki, paytaxtımız iyunun 17-dən 19-dək ilk dəfə mötəbər idman yarışına-Formula-1 Avropa Qran Prisinə (2016 FORMULA-1 GRAND PRIX OF EUROPE) ev sahibliyi edəcək. Belə bir yarışın ölkəmizidə təşkili Azərbaycanın dünyada təbliği, bu növə marağın artırılması, respublikamızda turizm potensialının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Heç şübhəsiz, bu yarışdan sonra ölkə gənclərinin Formula-1 yarışlarına marağı daha da çoxalacaq. Nüfuzlu Formula-1 yarışında Azərbaycanı təmsil etmək arzusunda olan gənclərimizdən biri də Gülhüseyn Abdullayevdir.
1997-ci il aprelin 2-də Bakıda anadan olan Gülhüseyn avtomobil idman növü üzrə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir. Karyerasına kartinq yarışlarında iştirakla başlayan idmançımız ənənəvi keçirilən Türkiyə, Bolqariya və Avropa kartinq çempionatlarının iştirakçısı olub, müxtəlif nüfuzlu yarışlarda ölkəmizi layiqincə təmsil edib. Bu ildən etibarən Formula-3 yarışlarında çıxış edəcək pilotumuzun ən böyük arzusu doğma vətənində dünyanın ən tanınmış pilotları ilə birgə gücünü sınamaqdır. Qeyd edək ki, Gülhüseyn Abdullayev uğurlu nailiyyətlərinə görə ölkəmizdə keçiriləcək Formula-1 Avropa Qran Prisinin elçisi seçilib. Olimpnews.az saytının məlumatına görə, bugünlərdə idmançımızla görüşərək ondan idmana gəlişi, bu sahədə qazandığı uğurlar, ölkəmizdə keçiriləcək Formula-1 Avropa Qran Prisi, qarşıdakı planlarla bağlı müsahibə aldıq.
- Gülhüseyn, avtomobil idmanı üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil edirsən. İdmana gəlişinin tarixçəsini bilmək maraqlı olardı.
- Avtomobil idmanına gəlişimdə atamın böyük rolu olub. Atamın bu idman növünə hədsiz marağı var. 6 yaşımda o məni Kartinq Mərkəzinə aparardı. Orada kartinq maşınları sürürdük və bu mənim çox xoşuma gəlirdi. Bir müddət həvəskar şəkildə kartinq sürdükdən sonra bu sahə ilə peşəkar şəkildə məşğul olmaq qərarına gəldik. Buna görə də atamla birgə xaricdə keçirilən yarışları araşdırmağa başladıq. Qərara gəldik ki, qonşu ölkə Türkiyədə keçirilən kartinq yarışlarına qatılım. Həmin vaxt Türkiyə çempionatında mini kateqoriyada (8-13 yaş) yarışacaq 25 idmançının seçimi keçirilirdi. Yoxlama yürüşlərində 136 idmançı iştirak edirdi. Seçimlərdə çıxış edərək əvvəlcə 25, mövsümün sonunda isə 5 ən yaxşı idmançı sırasında yer aldım. Sonradan mütəmadi olaraq Türkiyədə təlim-məşqlərə qatılmağa başladım. İlk çempionatda sezonu 4-cü pillədə başa vurdum. Növbəti illərdə Türkiyə, Bolqariya və Avropa ölkələrində keçirilən müxtəlif çempionatlarda iştirak edərək uğurlu nəticələr qazanmışam. Kartinq üzrə Türkiyə çempionu kimi ilk dəfə olaraq Azərbaycanı, eləcə də Türikyəni ABŞ-da keçirilən Rotax Max Challenge Dünya Finalında təmsil etmişəm.
- Kartinqdən başqa avtomobil idman növünün başqa sahələrinə marağın olubmu?
- Hər zaman təkoturacaqlı avtomobilləri idarə etmək istəmişəm. Arzum nə vaxtsa Formula 1 sükanı arxasına keçmək olub. Bu yolda əzmlə çalışıram. 2014-cü ildə Azərbaycan Avtomobil İdmanı Federasiyası tərəfindən ilk dəfə olaraq Bakıda "V1 Challenge Azerbaijan" yarışı keçirildi. Dünyanın məşhur sürücülərinin iştirakı ilə "Baku Crystal Hall" konsert kompleksində təşkil edilən yarışa məni də Azərbaycanlı pilot kimi dəvət etmişdilər. Qanuna əsasən sürücülük vəsiqəsini 18 yaşında almaq mümkündür. Vəsiqəm olmadığına və yaşım az olduğuna görə adi maşınları sürmək təcrübəm yox idi. Düzdür, arada atamın maşınını sürmək istəsəm də, ailəmizdə qayda-qanunlara ciddi riayiət olunduğuna mənə bu icazəni vermirdilər-(gülür). Təkoturacaqlı kartinqdən sonra adi maşınları idarə etmək çox çətin idi. Buna görə də həmin yarışda uğur qazana bilmədim. Qərara gəldik ki, bu sahədə də təcrübəmi artırım. Qeyd edim ki, V1 Challenge yarışları Türkiyə, Bolqarıstan və Türkmənistanda keçirilir. Biz yarışları araşdırarkən Bolqarıstanda bu yarışların daha yüksək səviyyədə keçirildiyini və həmin yarışlarda Türkiyə pilotlarının da iştirak etdiyini gördük. Buna görə biz kartinqlə yanaşı, İstanbulda «Volki Car» (V 1 maşınları) avtomobilinin yaradıcısı olan Volkan İşıkın Akademiyasında bu maşınları öyrənməyə başladım. Bir müddətdən sonra Bolqarıstanda keçirilən yarışlarda iştirak etdim. Nəticələrim çox uğurlu oldu. İştirakçılar arasında yaşca ən balaca olmağıma baxmayaraq 3 dəfə müxtəlif yarışların çempionu oldum. İlk dəfə idi ki, digər ölkə təmsilçisi Bolqarıstan çempionu adını qazanırdı. Hətta Bolqarıstan televiziyası və mediası mənimlə maraqlanır və müsahibələr alırdılar. İndi ölkəmizdə bu yarış keçirilsə, daha yaxşı nəticə göstərərəm. Qeyd edim ki, həmin məğlubiyyətdən sonra atam mənə çox dəstək oldu. O mənə hər zaman səhvlərdən nəticə çıxarmağı tövsiyyə edir, bildirirdi ki, məğlubiyyət olmasa qələbə də olmur. İndi əsas hədəfim Formula yarışlarında öz sözümü deməkdir. Qeyd edim ki, bu yarışlarda iştirakım üçün Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil İdmanı Federasiyası tərəfindən mənə hərtərəfli şərait yaradılır.
- Bildiyimizə görə, bu ildən etibarən ölkəmizi ilk dəfə olaraq Formula 3 Avropa yarışlarında təmsil edəcəksən. Necə oldu ki, bu pilləyə yüksəldin?
- Kartinq yarışlarından sonra birbaşa Formula-3 yarışlarına keçmək üçün uzun bir yol qət etməlisən. Bir müddət bundan əvvəl kimsə mənə desəydi ki, Formula-3-də yarışacaqsan buna inanmazdım. Bildiyiniz kimi, bu yarışlar böyük maliyyə və təcrübə tələb edir. Formula yarışlarını araşdırarkən xəbər tutduq ki, qonşu Gürcüstanda Formula Alfa yarışları keçirilir. Qərara aldıq ki, ilk dəfə Formulanı orada sınaqdan keçirək. Bunun üçün Gürcüstanın Avtomobil İdmanı Federasiyasına müraciət etdik. Sonra testlərdə iştirak etdim. Sınaq yürüşlərində çıxışım bəyənildi və mən yarışlara dəvət aldım. Həmin ərəfədə ölkəmizdə Formula-1 Avropa Qran Pri yarışlarının keçiriləcəyi ilə bağlı qərar qəbul olundu. Bu yarışın təşkili ilə bağlı qərar Formula yarışlarına marağı daha da artırdı.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İcraçı direktoru Arif Rəhimov uğurlarımdan xəbər tutaraq Formula-3 test yarışlarında iştirakım üçün mənə dəstək olacağını bildirdi. Biz bu xəbəri sevinclə qarşıladıq və bu imkanı həyatımızın şansı kimi dəyərləndirdik. Mənə İspaniyanın Kampos komandasının test yürüşlərində iştirak etmək təklif olundu. Qeyd edim ki, bu komandanın rəhbəri Adrian Kampos vaxtilə Formula 1 pilotu olub. Komandada Fernando Alonso, Vitali Petrov, Roberto Meri kimi pilotlar yetişib. Test yürüşünə ciddi hazırlaşdım. Hədəfimiz yoxlama yürüşündə komandanın təcrübəli pilotu ilə aramızda heç olmasa 2 saniyədən artıq olmayan fərq yaratmaq idi. İnanırdıq ki, belə olan halda komandada gələcəkdə də iştirakıma şərait yaradılacaq. Bu imkandan maksimum yararlanmağı düşünürdüm. Sürüş zamanı inanılmaz nəticə qazandım və komandanın təcrübəli pilot Aleks Paloudan cəmi yarım saniyə geri qaldım. Bu məni çox sevindirdi. Daha sonra İspaniyanın müxtəlif şəhərlərində daha 7 sınaq testlərində iştirak etdim. Komanda məni bəyənərək keçən il Abu Dabidə Formula 1 ilə eyni gündə eyni trasda keçirilən GP 3 yarışına ehtiyat pilot kimi yazdı. Bu yarışda iştirak etməsəm də, böyük təcrübə qazandırdı. İlk dəfə Formula yarışını komandanın daxilində izləyirdim.
Mənim ilk Formula yarışım Dubayda keçirilən Formula Qulf yarışının yeddinci və 8-ci mərhələlərinə qatılmaqla başlandı. Avropa və Ərəb pilotlarının iştirak etdiyi yarışların ilk mərhələsində üçüncü oldum və Formulada ilk kubokumu qazandım. İkinci yarışda rəqiblərimi ilk döngədə üstələyərək sonadək liderliyimi qoruyub birincilik qazandım. Bu uğurlarıma görə ölkəmizdə keçiriləcək F-1 Avropa Qran Pri yarışlarının elçisi seçildim. Formula-3 yarışlarında çıxışlarımı davam etdirirəm. Yarışlar ilin sonuna kimi İtaliya, Fransa İspaniyada kimi ölklərdə keçiriləcək.
- Formula-3 yarışlarında ən güclü rəqiblər hansı ölkələrin təmsilçiləridirlər?
- Formula yarışlarında idmançılar fərdi çıxış etdiklərinə görə hər hansı ölkənin daha güclü olduğunu demək düzgün olmazdı. Ümumiyyətlə, Formula 3 yarışlarında əksər hallarda İtaliya, Braziliya, İspaniya, Yaponiya, Rusiya pilotları finalda mübarizə aparırlar.
- Səncə, tanınmış pilotların əsas üstünlüyü nədədir?
- Onlar daha təcrübəli olmaları ilə fərqlənirlər. Bu pilotlar daha çox yol qət ediblər. Bəzi idmançılarda isə anadangəlmə xüsusi istedad olur. Əlbəttə ki, yaxşı pilot lazımi anda riskə getməyi bacarmalı, qorxmamalıdır.
- Bəs səndə olan üstün cəhətlər hansılardır?
- Mən ötmə zamanı riskə getməyi xoşlayıram. Bu mənə çıxışlarım zamanı üstünlük qazandırır. Dar yollarda da ötmə əməliyyatını yerinə yetirirəm. Qarşıdakı rəqibin sürüş üsulunv çox yaxşı uyğunlaşıram. Avtomobilə və komanda təmsilçisinə tez alışıram. Komanda yoldaşlarımın dediyinə görə, bunlar mənim üstün cəhətlərimdir.
- Yəqin ki, burada xüsusi psixoloji hazırlığa ehtiyac var.
- Mən avtomobili çox sakit idarə edirəm. Məsafəni qət etdikdən sonra bəzən sual verirlər ki, yolboyu nə haqda fikirləşirdin? Mən heç nə xatırlamadığımı deyirəm. Bütün diqqətimi yalnız trasa yönəldirəm.
- Heç qəza ilə üzləşmisənmi? Belə hallar səni qorxutmur ki?
- Bəli. Bir neçə dəfə qəzaya düşmüşəm. Kartinq üzrə Macarıstanda keçirilən Avropa çempionatında 8-ci dövrəni başa vurarkən rəqibimin üzərimə doğru hərəkət etməsi nəticəsində qəzaya uğramışam. Avtomobilim təkər baryerlərinə çırpılıb. Həkimlərin köməyi sayəsində tez bir zamanda özümə gəlmişəm. Qəza bir göz qırpımında baş verir. Buna görə insan qorxmağa vaxt tapmır. Amma qəzalar bu növə olan həvəsimi azaltmır. Bu növ qəzalar təkcə idmançıdan asılı deyil. Burada digər amillər də rol oynayır. Biz avtomobil mühərriki ilə işləyirik. Bəzən idmançının səhvi üzündən deyil, avtomobilin nasazlığı üzündən nə isə baş verə bilər. Yarış vaxtı avtomobilin təkəri boşala, mühərriki qıza, yağı qurtara da bilər.
- Bildiyimizə görə, şəxsi avtomobilin var. Bir peşəkar pilot kimi, yəqin ki, maşınının idman üslubunda olmasına diqqət yetirir, sürətlə sürməyə üstünlük verirsən.
- Biz pilotların bir həyat devizi var: «Yarış trasında sürətlə sür, yollarda qaydalara riayiət et». Mən həmişə qaydalara riayiət etməyə çalışıram. Bilərəkdən heç bir qayda pozuntusuna yol verməmişəm. Avtomobilə əyləşən hər bir sərnişindən təlükəsizlik kəmərini bağlamasını xahiş edirəm. Çünki bir sürücü kimi həmin insanın həyatı üçün cavabdehəm. İstəmərəm ki, kim isə mənə görə ziyan görsün. Avtomobilimin idman üslubunda olmasına gəlincə, bu, mənim üçün o qədər də əhəmiyyətli deyil. Formula yarışlarındakı çıxışları şəhər trasında nümayiş etdirmək qeyri-mümkündür. Çünki yaşayış məntəqələrində müəyyənləşdirilmiş sürət həddi var.
- Ölkəmizdə keçiriləcək Formula-1 Avropa Qran-pri yarışlarında kimə azarkeşlik edəcəksən?
- Formula-1 Avropa Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi məni çox sevindirir. Bu, çox möhtəşəm bir yarış olacaq. Azarkeşlər burada Avropanın ən güclü pilotlarını seyr etmək imkanı qazanacaqlar. Yarışın təşkili mənim də qarşımda geniş imkanlar açır. Formula-1 yarışlarında ölkəmizi təmsil etmək ən böyük arzumdur. Mənim üçün doğma vətənimdə keçirilən mötəbər yarışda çıxış etməkdən üstün heç nə ola bilməz. Yarışda Avropanın tanınmış pilotlarının iştirak edəcəyini bilirəm. Mən Bakıda «Ferrari» pilotu Kimmi Raykonenə azarkeşlik edəcəyəm. Finlandiyanı təmsil edən Kimmi Raykonen dünyanın ən sürətli pilotlardan biridir.
- Bəs bu sahədə kimlərdən öyrənirsən?
- Dünyanın ən sürətli pilotu braziliyalı Ayrton Senna olub. Senna üçqat dünya çempionudur. Ümumilikdə karyerası ərzində 31 qələbə qazanıb. 10 il bu növlə məşğul olub və 1994-cü ildə qəzada həyatını itirib. Senna mənim üçün örnək olan idmançılardandır. Onun çıxışlarını izləyərək çox şey öyrənmişəm. Əlbəttə ki, bundan əlavə rəqiblərimin çıxışlarına da daim baxır və səhvlərim üzərində işləyirəm. Formula 3 yarışlarında ümumi fiziki hazırlıq metodalını müzakirə edir, avtomobilimizə quraşdırılan videokamera ilə çəkilmiş video-görüntülər vasitəsilə çıxışlarımızı təhlil edirik. Bu görüntülər bizə bütün müqayisəni görmək imkanı yaradır. Onlarda nə zaman əyləcə basmalı olduğumu, nə zaman tələsdiyimi, hansı səhvə yol verdiyimi görmək mümkündür.
- Hazırlıq zamanı ən çox nəyə üstünlük verirsən?
- Ümumi hazırlıq zamanı fiziki məşqlərə üstünlük verirəm. Əsasən, qarın, bel, qol əzələləri, eləcə də refleks və koordinasiya üzərində işləyirəm.
- Dərslərini necə, oxumağa vaxt tapırsan?
- Hazırda İstanbulun Medipol Universitetində stomatologiya fakültəsinin ikinci kurs tələbəsiyəm. Məşqlərlə yanaşı, dərslərimə də ciddi yanaşıram. Qeyd edim ki, atam da həkimdir və mən onun yolunu davam etdirirəm. Atam mənə idmanda yaxından dəstək olur. Bütün yarışlarımda mənimlə birgə həyəcanlanır, kədərlənir və sevinir. Onun dəstəyi mənə bu idmanda uğurlar qazanmağa imkan verir.
- Ailənizdə səndən başqa idmanla məşğul olan varmı?
- Ailədə iki qardaş bir bacıyıq. Qardaşım Ağasəlim rəssamlıqla məşğul olur. Bacım Mədinə isə pianoya maraq göstərir.
İştirak etdiyi yarışlar və əldə etdiyi nəticələr
2012-ci ildə Azərbaycan kartinq çempionatında, «Red Bull Kart Fight Azərbaycan» yarışında qalib olub. Italiyada keçirilmiş «Red Bull Kart Fight World Final» yarışının finalında mübarizə aparıb. 2013-cü ildə gənclər arasında «Rotax Max Challenge Turkey» yarışmasında 1-ci, Turkiyə kartinq çempionatında gənclər və böyüklər arasında 2-ci yeri tutub. 2013-cü ildə «Rotax Max Challenge Grand Finals» yarışmasında Türkiyə və ilk dəfə olaraq Azərbaycanı təmsil edib. 2014-cü ildə «Rotax Max Challenge Bulgaria» yarışmasında DD2 kateqoriyasında bürünc medal qazanıb. Həmin il «FIA Institute Young Driver Excellence Academy» yarışmasının Avropa seçimlərində Azərbaycanın təmsil edib. «V1 Challenge BG»-da 4cü, Burgas etapında isə qalib olub. 2015-ci ildə «Rotax Max Challenge Turkey» yarışında 2-ci yeri tutub. «V1 Challenge BG» 3-cü pillədə qərarlaşıb. Varnada keçirilən 3-cü, Stara Zagorada keçirilən 4-cü mərhələnin qalibi olub, finalda (6-cı mərhələ) Sofiya yarışında 2-ci yerə yiyələnib. Mövsümü 2-ci pillədə başa vurub. 2013,2014,2015 Prokart Türkiyə Kartinq Dözümlülük Birinciliyinin komanda çempionlarında iştirak edib. 2016-cı ildə «Formula Gulf 1000» çempionatında 7-ci mərhələdə 3-cü, 8-ci mərhələdə 1-ci pillədə qərarlaşıb.