Azərbaycan pəhləvanları tarix yazdılar

Azərbaycan pəhləvanları tarix yazdılar




Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycanın güləş idmanı tarixində yeni səhifə açdı. Pəhləvanlarımız 4 illiyin zirvə yarışında indiyə qədər təşkil edilən Olimpiya Oyunları ilə müqayisədə xeyli sayda medal qazandılar. Belə ki, Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıtdı. Əldə olunan medallardan 3-ü gümüş, 6-cı isə bürüncdür. Bir neçə güləşçimiz qızıla çox yaxın olduğu halda, şansları gətirmədi. Amma 14 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması üçün bu böyük nəticədir.

Rio-2016-da güləş yarışları avqustun 14-21 tarixlərində keçirilib.




Yarışların ilk üç günündə yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar. Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) bürünc medal qazanıblar. Baş məqşçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazanıb və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.




Ölkəmiz Rioda qadın güləşi yarışlarında 3 idmançımız təmsil edirdi. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandılar. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq olimpiadanın gümüş medalına sahib oldu. Nataliya Sinişin (53 kq) isə bürünc medulla yarışdan ayrıldı. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutdu.



Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazdı. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 5 medal - 2 gümüş və 3 bürünc medal qazandı. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb. Qazanılan medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə yığmamız bütün komandaları qabaqladı və ilk sırada qərarlaşdı.





Güləşçilərimiz Rio-de-Janeyroda məhz bu növdə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal. Sərbəst güləş yığmamız isə qazandığı medalların sayına görə birinci oldu.

1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-de-Janeyro Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 9 medal qazandı və güləş tariximizdə yeni bir səhifə açdı.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimiz 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşıdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

Qazanılan bu nailiyyətlər, AGF rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düzgün fəaliyyət bizi gələcəyə nikbin baxmağa sövq edir. Deməli, 4 il sonra Yaponiyanın Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr göstərmək iqtidarındayıq. Odur ki, əlvida Rio-de-Janeyro, görüşənədək, Tokio!


"olimpnews.az"