Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə imza atdı. Olimpnews.az saytının məlumatına görə, Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazandı. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə qazanıldı.
Əldə olunan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda idmançılarımıza dəstək olan AMAF prezidenti Elçin Zeynalov federasiyanın mətbuat xidmətində müsahibəsində yarışlarla bağlı fikirlərini bölüşüb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Elçin müəllim, avarçəkənlərimizin Rio Olimpiadasındakı çıxışlarını necə dəyərləndirərdiniz?
- İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Avarçəkmə növləri üzrə 1 gümüş, 1 bürünc medal qazanmaq gözlənilməz və tarixi nəticədir. Ümumiyyətlə, məndən tez-tez proqnozlarımı və onun həyata keçib-keçmədiyini soruşurlar. Mənim cavabım belədir: "Olimpiya Oyunları üçün proqnoz vermək doğru deyil”. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş verir. Bakı-2015 I Avropa Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas Rio olimpi-adasında heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı. Yəni, olimpiada çox mürəkkəb mübarizənin getdiyi Oyunlardır. Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal arzulayırlar. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında avarçəkmə növündə 2 medal qazandıq.
- 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun Olimpiya çempionu ola bilməməsini, İnna Osipenko-Radomskayanın 500 metr məsafəyə final yürüşündə sonuncu yeri tutmasını nə ilə əlaqələndirmək olar?
- Təbii ki, təhlillər aparılacaq. Amma, məncə, ilk anlarda yalnız sevinc hisslərini bölüşmək lazımdır.
- Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına təkan olacaqmı?
- Azərbaycanda avarçəkənlər üçün çox gözəl şərait Mingəçevirdəki "Kür” Olimpiya Təlim-Tədris Bazasında yaradılıb. Rusiya telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. 3 milyon əhaliyə malik şəhərdə avarçəkmə bazası olmaya bilməz. Ümid edirəm ki, Rio-de Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm avarçəkmə növlərinə marağı artıracaq, həm də gələcəkdə paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan olacaq.
- İdmançılarımız 18 medal qazandılar və London Olimpiadasında əldə olunan nəticəni yenilədilər.
- Azərbaycan yığması çox gözəl nəticələr göstərdi. 18 medal qazandıq. Əvvəlki olimpiadalarla müqayisədə gümüş medalların sayı çoxalaraq 7-yə çatdı. 18 növdə təmsil olunan millimiz 5 növdə medal qazandı. Sevindirici haldır ki, cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvondo və kayak-kanoedə də medallar əldə etdik. Bunlar Azərbaycanda idmanın inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü, nümayişidir. Taekvondoda ilk dəfə qazanılan medallardan biri qızıl oldu. Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır. Amma ən vacib məsələ Azərbaycanda idmanın inkişafı, idman növlərinin inkişaf coğrafiyasının genişləndirilməsidir.