Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb



Sentyabrın 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

"Olimpnews.az” AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə paralimpiyaçı idmançılarla yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Braziliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.
Sonra XV Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Şaiq Həmidov milli xalçaçılıq sənətinin nümunəsi kimi nəfis şəkildə toxunmuş xalçanı Paralimpiya Kəndinin rəhbərliyinə hədiyyə edib.

XV Paralimpiya Oyunlarında Azərbaycan 24 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 41-dir.

Sentyabrın 7-də Rio-de-Janeyronun "Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.