Moskvada Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən "Russian Open” beynəlxalq turniri Azərbaycan milli komandası üçün uğurlu olub. Olimpnews.az saytının məlumatına görə, G2 dərəcəli yarışa qatılan taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer alıb.
Sentyabrın 24-də mübarizəyə qoşulan Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) keçirdiyi bütün döyüşlərdə inamla qələbə qazanaraq yarışın qızıl medalını qazanıb. Komandanın digər üzvlərindən 48 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavid Məmmədov və Mehriban Məmmədova (42 kq) finala kimi rəqiblərini yarışdan kənarlaşdırsalarda da həlledici döyüşlər idmançılarımız üçün keçilməz olub və onlar yarışda gümüş medalla kifayətləniblər. Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) turniri yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər.
Beləliklə, gənc yığmamız beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.