Əvvəli: http://olimpnews.az/8507/get+Az%C9%99rbaycan+g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri+Olimpiya+Oyunlar%C4%B1nda#.V_O1HtR974Y
XVIII Yay Olimpiya Oyunları, Tokio- 1964
Aydın İbrahimov 1938-ci ildə Gəncə şəhərində anadan olub. Dünya, Avropa, SSRİ çempionu, XVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və əməkdar idman ustasıdır.
A.İbrahimov keçmiş sovet yığmasının tərkibində dünya çempionatlarında 1959-cu ildən iştirak etməyə başlayıb. 1963-cü ildə Sofiyada (Bolqarıstan) 57 kq çəkidə ilk dəfə olaraq Azərbaycan pəhləvanları arasında dünya çempionu, 1966-cı ildə Karlsruyedə (AFR) Avropa çempionu, həmçinin həmin il SSRİ çempionu titulunu qazanıb. 1964-cü ildə Tokio (Yaponiya) şəhərində keçirilən XVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.
Tokioda 57 kq çəki dərəcəsində SSRİ-ni həmyerlimiz, dünya çempionu Aydın İbrahimov təmsil edirdi. Aydın cəmi 6 görüş keçirdi. Bunlardan 4-də qalib gəldi, 2-ni isə uduzdu və beləliklə, özünə 3-cü yeri təmin etdi. Yarış göstərdi ki, Aydın İbrahimov həm ayaq üstə, həm də parter vəziyyətində yaxşı güləşir. Lakin o, rəqibi pis vəziyyətə salan zaman saxlaya bilmir. Bu, onun yapon Utaks və türk Akbaş ilə görüşündə daha açıq göründü. Aydın yaponiyalı Utaksa cəmi 1 xalla uduzdu. Lakin bacarıqlı Akbaşla güləşəndə isə az üstünlüklə uduzdu. Halbuki o, rəqibindən həm ustalıq, həm də fiziki cəhətdən çox güclü idi.
XXVI Yay Olimpiya Oyunları, Atlanta - 1996
Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı çıxış edirdi. Burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. Azərbaycanı yarışlarda 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov) təmsil edirdilər. Olimpiadanın sərbəst güləş üzrə final turnirində bolqarıstanlı Valentin Dmitrov-İordanov 52 kiloqramadək çəkidə Azərbaycan pəhləvanı Namiq Abdullayevlə qarşılaşdı.
Yeddi dəfə dünya çempionu olan Dmitrov - İordanov görüşdə üstün olsa da, əsas vaxtın qurtarmasına 3 saniyə qalmış Namiq fənd işlədərək hesabı bərabərləşdirdi 3:3.
Əlavə vaxtda bolqar mübarizədən yayınaraq Namiqə fənd işlətməyə imkan vermirdi. Belə anlardan birində güləşçilər xalçadan kənara çıxarkən hakim fit verdi. Namiq rəqibini buraxdı, lakin bolqar onu parter vəziyyətinə saldı. Buna görə də hakimlər tamamilə ədalətsiz olaraq Bolqarıstan pəhləvanına xal verdilər.
Azərbaycan Respublikası idmançılarının müstəqil komanda kimi çıxış etdikləri ilk Olimpiya gümüş medalını qazanan Namiq Abdullayevin adı Olimpiya oyunları tarixinə həmişəlik yazıldı.
Qeyd edək ki, Atlanta - 1996 Yay Olimpiya Oyunlarında iştirak edən 197 milli komandadan yalnız 79-u medal qazana bilmişdi. Azərbaycan milli Olimpiya komandası medal qazanan komandalar arasında 61-ci yeri tutdu.
(ardı var)
Dilqəm Quliyev,
professor