Dünyanın ən güclü komandaları Bakıya gəlir

Dünyanın ən güclü komandaları Bakıya gəlir

Dekabrın 9-10-da Bakıda "Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, Dünya Taekvondo Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvondoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər. Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq.

Dekabrın 11-də təşkil olunacaq qala gecə mərasimində isə ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq.

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü, "Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Radik İsayevin də yer alacağı millinin heyəti yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş dünya kubokunun qalibi olub.