Rio-2016-da qazanılan nəticələr gələcəyə ümid verir?! - TƏHLİL

Rio-2016-da qazanılan nəticələr gələcəyə ümid verir?! - TƏHLİL

Olimpiya Oyunlarında hansı idman növlərində irəliləyişlər oldu?

Avqustun 5-dən 21-dək davam edən Rio-2016 XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və təmsilçilərimiz üçün yaddaqalan olub. Olimpnews.az saytının məlumatına görə, 207 ölkədən 11 mindən artıq atlet qələbə uğrunda gərgin mübarizə aparıb. Olimpiadada iştirak edən ölkələrdən yalnız 87-si müxtəlif əyarlı medallar qazana bilib. Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında 39-cu pillədə başa vurublar.

Rio-2016 maraqlı məqamları ilə yanaşı, rekordları ilə də yadda qalıb. Olimpiyaçılarımız həm qazandıqları medal sayına görə, həm də taekvondo, boks və avarçəkmədə yeni tarix yazmaqla çoxsaylı rekordlar qazanıblar.

Taekvondoda tarixi qızıl medal

Şübhəsiz ki, Olimpiya yığmamızdan ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər. Yay Olimpiya Oyunlarına ilk dəfə tam heyətlə (4 idmançı) yollanan taekvondoçularımız yüksək nəticəyə imza atıblar. Ölkəmiz yeganə qızıl medalı da məhz bu idman növündə qazanıb. Bu, həm də Olimpiya Oyunlarında ölkəmizin idman tarixində taekvondo idman növündə ilk "qızıl"ıdır. Komandamızın aparıcı üzvlərindən olan Radik İsayev öz çəkisində (+80 kq) planetin ən güclü olduğunu sübut edib. O, həlledici görüşdə Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək Olimpiya çempionu adını qazanıb. Olimpiadada Patimat Abakarovanın (49 kq) və Miladi Beiqi Herçeqaninin (80 kq) bürünc mükafatları taekvondo üzrə milli komandamızın qadınlar və kişilər arasında əldə etdiyi ilk medal idi. Qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə olimpiadada 5-ci yeri tutub. Təmsilçilərimiz 1 qızıl və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanaraq bu idman növündə tarixi nailiyyət əldə ediblər.

4 taekvondoçumuzdan 3-nün medal qazanması idmançı sayına nisbətdə 75 faiz nəticə anlamına gəlir. Bu da taekvondoçuların olimpiadada möhtəşəm uğur deməkdir. Rio-2016-da qazanılan nəticələrə görə 4-cü yeri tutaraq, ən yaxşı yığmalardan biri kimi tarixə düşən taekvondo üzrə Azərbaycan millisi Olimpiadanı MDB ölkələri arasında 1-ci, Avropada isə 2-ci yerdə başa vurub.

Qeyd edək ki, taekvondonun vətəni sayılan Cənubi Koreyanın idmançıları bu idman növündə (2 qızıl, 3 bürünc medal) güclü rəqib olduqlarını nümayiş etdirsələr də, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrinin atletləri də öz potensial imkanlarını yüksək səviyyədə ortaya qoyaraq, bu idman növünün yayılma coğrafiyasına yeni çalarlar əlavə ediblər.

Güləşdə medal sayı artsa da...

Yay Olimpiya Oyunlarında medal qazanan atletlərimiz arasında güləşçilərimiz, bir qayda olaraq, xüsusilə fərqləniblər. Bu da ölkəmizdə güləşin qədim tarixi kökləri ilə bağlıdır. Elə bir azərbaycanlı tapmaq çətindir ki, uşaq və yeniyetmə çağlarında bu və ya digər səviyyədə güləşlə məşğul olmasın. Bu mənada bütün Olimpiadalarda medal qazanmağa şanslı atletlərimiz arasında güləşçilərimizin daha önəmli mövqeyə sahib olması başadüşüləndir. Rio-2016-da qələbə uğrunda mübarizə aparan güləşçilərimizin də təbii ki, yüksək nəticələr gözlənilirdi. Ən müxtəlif səviyyələrdə verilən bu proqnozları Olimpiadada iştirak edən güləşçilərimiz ləyaqətlə doğrultdular. Olimpiadanın güləş yarışlarında 14 idmançı ilə çıxış edən milli komandamız 3 gümüş və 6 bürünc olmaqla 9 medal qazandılar. Bu nəticə ölkəmizin müstəqil dövlət kimi indiyədək iştirak etdiyi Olimpiya Oyunları ilə müqayisədə güləş idman növündə ən çox medal qazanılan Olimpiadadır. Ölkəmizin Olimpiya tarixində yeni bir səhifə açan güləşçilərimiz qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdürüblər - hərəyə 9 medal.

Yarışların ilk üç günündə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə yunan-Roma üzrə yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü olublar. Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən 3 idmançımız 1 gümüş və 1 bürünc medal əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş, Nataliya Sinişin (53 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yerdə qərarlaşıb.

Yarışların son üç günündə qələbə uğrunda altı çəki dərəcəsində əzmlə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz də yığmamızın medallar qalareyasını daha da zənginləşdiriblər. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş üzrə yarışlarda öz qüvvəsini sınayan 6 pəhləvanəmızdan - Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) gümüş, Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) isə bürünc medallar qazanıblar. Medalların sayına (2 gümüş, 3 bürünc medal) və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə, sərbəst güləş üzrə yığmamız birinci yerə yüksəlib.

Azərbaycan pəhləvanlarının Rio-2016-da qazandıqları bu nəticələr yuxarıda qeyd etdiyimiz kimi, müstəqil ölkə kimi indiyədək iştirak etdiyimiz Olimpiya Oyunları ilə müqayisədə medalların sayına görə yeni mərhələdir. Statistik göstəricilər də medalların sayındakı artımı sübut edir. Belə ki,1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında 1 gümüş, 2000-ci il Sidneydə keçirilən Olimpiadada 1 qızıl, 2004-cü ildə Afinada keçirilən Olimpiadada 1 qızıl, 2008-ci ildə Pekində keçirilən Olimpiadada 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda keçirilən Olimpiadada isə 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-2016 Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
Qeyd edək ki, Mariya Stadnik və Xetaq Qazyumov ardıcıl üç Olimpiadada mükafatçı olan ilk idmançılar kimi idman tariximizə düşüblər.

Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı medallar

İl Şəhər Qızıl Gümüş Bürünc Cəmi
1996 Atlanta 0 1 0 1 (15-18-ci yer)
2000 Sidney 1 0 0 1 (7-10-cu yer)
2004 Afina 1 0 0 1 (8-11-ci yer)
2008 Pekin 0 2 2 4 (13-cü yer)
2012 London 2 2 3 7 (4-cü yer)
2016 Rio 0 3 6 9 (11-ci yer)

Müstəqillik qazandıqdan sonra 6 Olimpiadada iştirak etmişik. Əldə etdiyimiz 44 medal 7 idman növündə qazanılıb. Müqayisə üçün bildirək ki, olimpiyaçılarımız üçün ən uğurlu növ şübhəsiz ki, güləşdir. Qazanılan medalların yarıdan çoxu (23 medal) məhz pəhləvanlarımızın aktivindədir. Əldə etdiyimiz 7 qızılın da yarıdan çoxu (4 medal) bir nömrəli idman növümüzün payına düşür. Müstəqillik illərimizin bütün Yay Olimpiya Oyunlarından güləşdə medal qazanmağımız, bu idman növünün fərqləndirən cəhətlərdən biridir. Rio-2016-da 9 medal əldə edən pəhləvanlarımız əvvəlki olimpiadada bütün yığmamız üçün arzulanan bir göstəriciyə imza atıblar. Heç bir növ güləşlə müqayisə oluna bilməsə də, ikinci yer uğrunda gərgin rəqabət var. Medal sayında boks, əyarında isə cüdo öndədir.

London-2012 ilə müqayisədə cüdoçularımızın
nəticələrini qənaətbəxşdir

Olimpiyaçılarımız cüdo yarışlarında 7 gün ərzində 14 dəst medal uğrunda mübarizə aparıblar. Olimpiadada 6 kişi cüdoçu ilə qələbə uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi 2 gümüş medal qazanmaqla Olimpiya komandamıza ilk medal sevincini yaşadıblar. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) finaladək olan rəqiblərini məğlub edərək, yalnız həlledici qarşılaşmada uduzublar. Digər cüdoçularımız da qələbə uğrunda səylə mübarizə aparsalar da, medal qazana bilməyiblər. Lakin Olimpiya Oyunlarında ilk səkkizlikdə yer almaq özü də bir nəticədir. Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq) Olimpiadanı 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci yerdə başa vurub.

London-2012 ilə müqayisədə cüdoçularımızın nəticələrini qənaətbəxş hesab etmək olar. Cüdo idman növündə əldə olunan bu uğurlar onu deməyə əsas verir ki, London Olimpiadasından sonra bu idman növündə yenidən dirçəliş başlayıb. Cüdo Federasiyasının yeni rəhbərliyinin idmançılara yaratdığı yüksək səviyyəli şərait az bir müddətdə bu idman növündə daha böyük nailiyyətlərin əldə olunacağından xəbər verir. Cüdo yarışlarında iştirak edən 136 ölkədən yalnız 26-sı medal qazanıb. Azəbaycan cüdoçularının qazandıqları 2 gümüş medal yığmamızı medal sıralamasında 12-ci yerə yüksəldib. Ölkəmiz postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub. Qeyd edək ki, kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək - 6-cı yeri tutub. Bu nəticəyə cüdo üzrə milli komandamızın yalnız kişi cüdoçularla təmsil olunması təsir edib. Belə ki,ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya 1-ci olub. Maraqlıdır ki, 7-si kişi, 5-i qadın olmaqla asiyalılar isə ümumilikdə 12 medal qazanıblar.

Qazanılan nəticələr ölkəmizdə bu növün diqqət mərkəzində saxlanılmasından xəbər verir. Əbəs yerə deyil ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi etmək Bakıya həvalə olunub. İnanırıq ki, iki ildən sonra keçiləcək turnirdə cüdoçularımıza göstərilən etimadı bir daha doğruldacaqlar.

Cüdo yarışlarında medal qazanan ölkələr

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1. Yaponiya 3 1 8 12
2. Fransa 2 2 1 5
3. Rusiya 2 0 1 3
4-5. İtaliya 1 1 0 2
4-5. ABŞ 1 1 0 2
6. Braziliya 1 0 2 3
7. Sloveniya 1 0 1 2
8-10. Argentina 1 0 0 1
8-10. Çexiya 1 0 0 1
8-10. Kosovo 1 0 0 1
11. C. Koreya 0 2 1 3
12. Azərbaycan 0 2 0 2
13-14. Gürcüstan 0 1 1 2
13-14. Qazaxıstan 0 1 1 2
15-17. Kuba 0 1 0 1
15-17. Monqolustan 0 1 0 1
15-17. Kolumbiya 0 1 0 1
18-20. Çin 0 0 2 2
18-20. İsrail 0 0 2 2
18-20. Özbəkistan 0 0 2 2
21-26. Almaniya 0 0 1 1
21-26. Hollandiya 0 0 1 1
21-26. B. Britaniya 0 0 1 1
21-26. Belçika 0 0 1 1
21-26. Portuqaliya 0 0 1 1

Hakim ədalətsizliyi boksda
 ilk "qızıl"ımıza mane oldu

Azərbaycan atletlərinin Rio-2016-da qazandıqları medalların sırasına boksçularımız da 1 gümüş və 1 bürünc medal əlavə etməklə həm bu idman növündə, həm də ölkəmizin Olimpiya tarixində böyük bir uğura imza atıblar. Azərbaycan boksçusunun finala yüksəldiyi 12 ölkədən biri olub. Belə ki, Olimpiadanın proqramına daxil olan boks idman növündə 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar. Ölkəmizin boks tarixinə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız L.Stomayorun qızıl medal qazanmaq şansı olsa da, o final qarşılaşmasında özbəkistanlı rəqibi Fazliddin Qaybnəzərova uduzaraq, gümüş medal qazanıb. Qeyd etmək lazımdır ki, hakimlərin ədalətsizliyi də boksçumuzun qızıl medal qazanmaq uğrundakı mübarizəsinə mane olub. Nəticədə Olimpiya Oyunlarını 1 gümüş və 1 bürünc medalla başa vuran boks komandamız Olimpiadada 10-cu yerə çıxıb. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz, Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından, Fransa, Rusiya və Böyük Britaniyadan sonra Avropada 4-cü olub. Medal sayında birinci yeri tutan Özbəkistan Kuba ilə eyni sayda qızıl medal qazansa da digər mükafatlarda onları qabaqlayıblar. Fransa isə üçüncü olub. Ümumilikdə, bu idman növündə 19 ölkənin boksçusu medal qazanıb.

London-2012-də Teymur Məmmədovla Məmmədrəsul Məcidovun hər birinin fəxri kürsününü üçüncü pilləsində qərarlaşdığını nəzərə alsaq, Rio-2016-nı boksçularımız üçün də uğurlu hesab etmək olar.

Suda qazanılan 2 medal

XXXI Yay Olimpiya Oyunları ölkəmiz üçün həm də onunla əlamətdar oldu ki, ilk dəfə olaraq avarçəkmə idman növündə də 1 gümüş və 1 bürünc olmaqla 2 medal qazanılıb. Belə ki, Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya isə birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal əldə ediblər. Azərbaycan Olimpiya Oyunlarında avarçəkmə idman növündə ilk dəfə medal qazanaraq idman tariximizdə yeni səhifə yazıb.

Müstəqillik illərində Azərbaycanın Yay Olimpiya Oyunlarından qazandığı medallar

1. Atlanta-1996 - 1 medal (0-1-0)
2. Sidney-2000 - 3 medal (2-0-1)
3. Afina-2004 - 5 medal (1-0-4)
4. Pekin-2008 - 7 medal (1-2-4)
5. London-2012- 10 medal (2-2-6)
6. Rio-2016 - 18 medal (1-7-10)

Beləliklə, olimpiyaçılarımız yüksək əzmkarlıq sayəsində 18 medal qazanıblar. Bunun sayəsində Azərbaycan Olimpiya Hərəkatında və idman tarixində yeni səhifə açılıb. Şübhəsiz ki, qazanılan 18 medal uşaq və gənclərimizi idmana həvəsləndirən əsas stimullardan biridir. Onlar Radik İsayev, Toğrul Əsgərov, Rüstəm Orucov, Fəridə Əzizova kimi idmançlarımızı özlərinə kumir seçiblər. Ümid edirik ki, adıçəkilən idmançılardan ilhamlanıb zallara ayaq basan uşaq və yeniyetmələr növbəti Olimpiadalarda ölkəmizi təmsil edərək, başqalarına nümumə olacaqlar.

Rahib Səmədov,
Kənan Novruzov