Azərbaycanın yeniyetmə taekvandoçuları Antalyada keçirilən klublararası Avropa çempionatının ilk günündə doqquz medal qazanaraq uğura imza atıblar.
Olimpnews.az saytının məlumatına görə, Türkiyə Taekvando Federasiyası və Avropa Taekvando İttifaqı tərəfindən təşkil edilən "G-1” kateqoriyalı yarışda klublarımız geniş heyətlə təmsil olunur.
"Gilan” idman klubunu təmsil edən yeniyetmə taekvandoçulardan 47 kq çəki dərəcəsində mübarizəyə qatılan Aylin Eynullayeva, İlahə Quluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Riyad Şirəliyev (37 kq, "Qafqaz”) və İlkin Fərzəlizadə (57 kq, "Gilan”) isə yalnız finalda məğlub olaraq gümüş medal əldə ediblər.
Qitə çempionatına qatılan digər taekvandoçulardan Nihad Əlizadə (33 kq, "Gilan”), Ofeliya Allahverdiyeva (41 kq, "Gilan”), İlkin Dünyamalıyev (45 kq, "2 saylı Gömrükçü”) və Elsevər İsmayılzadə (65 kq-dan yuxarı, "Gilan”) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olublar.
Dörd gün davam edəcək turnirə yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılıblar.