Milli Qəhrəmanın xatirəsi turnirlə yad ediləcək

Milli Qəhrəmanın xatirəsi turnirlə yad ediləcək

Aprelin 12-də Qusar rayonundakı Olimpiya İdman Kompleksində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq turniri təşkil olunacaq.

Olimpnews.az saytının məlumatına görə, yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və "Judo Club 2012” idman klubunun birgə təşkilatçılığı ilə keçiriləcək. 7 çəki dərəcəsi üzrə keçiriləcək yarışda ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda mübarizə aparacaqlar. "Milli Qəhrəman Çingiz Qurbanovun rəşadəti gənclərdə döyüş ruhu və mübarizə əzmini daha da gücləndirib. Təkbətək döyüş növləri arasında xüsusi yeri olan kikboksinq isə əsl döyüşçü xarakterinin formalaşmasına xidmət edir. Buna görə də peşəkar kikboksinqçilərin qəhrəman şəhidimizin xatirəsinə həsr olunmuş turnirini keçirməyi qərara aldıq”, - deyə Azərbaycan Kikboksinq Federasiyasının yaydığı məlumatda bildirilir.

Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim olunacaq.

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.