“Neymar Jr’s Five” turnirinin Gəncə və Şəki mərhələsi - FOTOLAR

“Neymar Jr’s Five” turnirinin Gəncə və Şəki mərhələsi -  FOTOLAR
Ardıcıl ikinci dəfə Azərbaycanda təşkil olunan "Neymar Jr’s Five” futbol turniri davam edir. Turnirin ilk seçim mərhələsi Lənkəranda keçirilib. Sonra komandalar Gəncə və Şəkidə mübarizəyə qoşulublar.

Olimpnews.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın 32 komandanın iştirak etdiyi Gəncə mərhələsi maraqlı idman mübarizəsi ilə yadda qalıb. Pley-off sistemi ilə keçirilən yarışda komandalar hərəsində 5 nəfər olmaqla 10 dəqiqəlik matçda qüvvələrini sınayıblar. Finala "Liverpul" və "Gəncə Dövlət Universiteti" komandaları vəsiqə qazanıblar. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından qaydalara uyğun olaraq oyun "Qızıl qol”a kimi davam edib. Hər komandadan bir nəfər təkbətək mübarizə aparıblar. "Qızıl qol”u "Gəncə Dövlət Universiteti"nin oyunçusu vurub və bununla da komandasına Bakıda Milli Finalda oynamaq imkan qazandırıb. Təşkilatçılar əzmkar və layiqli mübarizə aparan "Liverpul" komandasını da Bakı finalına dəvət edərək gəncəlilərə sürpriz ediblər.


















Gəncədəki final görüşü başa çatdıqdan sonra komandaların kapitanları fikirlərini jurnalislərlə bölüşdülər.

Fuad Həsənov (Gəncə Dövlət Universiteti komandasının kapitanı):
- Çempion olacağımıza inanırdım. Komanda yoldaşlarımızla bir neçə dəfə oynamışdıq. Yarışa gələndə də əsas hədəfimiz, ən azı, finala qədər irəliləmək idi. Oyadıq və qalib olduq. Çempion olmaqla Bakıdakı mərhələyə vəsiqə qazandıq. Bakıda bizi çətin sınaq gözləyir. Çalışacağıq ki, paytaxtda da uğurla çıxış edərək mükafatçılar sırasında yer alaq. Finalda son saniyələrə qədər məğlub durumda idik. Meydanda 4 nəfər qalanda bizə daha rahat idi. Çünki oyunçu çıxdıqdan sonra meydan boşalırdı. Texnikalı olduğumuz üçün oyunçuların az olması bizim üçün daha rahat idi. Birinci dəfədir ki, belə dar çərçivədə və qaydalarla futbol oynayırdıq. Düzünü desəm, dar çərçivədə futbol oynamaq çətindir. Amma bu, bizim üçün çox maraqlı idi.

Ayaz Şahbazi («Liverpul» komandasının kapitanı):
- Finalda yorğunluq özünü biruzə verdi. Yarımfinalda qarşılaşdığımız komanda çox güclü idi. Həmin görüşdə çox güc sərf etdik ki, bu da final görüşünə yorğun çıxmağımıza səbəb oldu. Qeyd edim ki, komandamız bir gün ərzində yaranmışdı, təcrübəmiz az idi. Demək olar ki, oyunlara məşqsiz çıxdıq. Düzdür, bizim üçün ilk oyunlar çətin oldu. Lakin növbəti qarşılaşmalarda bir-birimizə öyrəşdik. Lakin finalda yorğunluğun olması oyunumuza təsir etdi. Sevinirəm ki, biz Bakıya gedən qalib komandalar arasındayıq.

*     *     *

Şəkidə isə 16 komanda arasında fəal mübarizə nəticəsində "Gənclik" komandası qalib gəlib. Onlar da qələbəni "Qızıl qol” sayəsində əldə ediblər.

Şəki mərhələsinin qalibi "Gənclik" komandasının kapitanı Ramin İsmayılov yarış haqqında təəssüratlarını bildirib: "Turnir yüksək səviyyədə keçdi. Qələbə qazandığımıza görə çox sevinirik. Bakıya finalda iştirak etməyə və qalib gəlməyə gələcəyik. Gücümüzə inanırıq”.

Turnirin digər seçim mərhələləri Quba və Bakı şəhərlərində olacaq. Milli final isə, mayın 6-sı Bakıda keçiriləcək və qalib komanda Neymarın vətəninə - Braziliyaya bilet qazanacaq.
Qeyd edək ki, turnir 18-25 yaşlı altı oyunçudan ibarət komandalar arasında keçirilir. Bu il ilk dəfə olaraq hər komandaya heyətə 25 yaşdan yuxarı iki oyunçu daxil etməyə imkan verilir.

Rahib Səmədov,
Fotolar: Azər Əlizadə,
Gəncə