Bu gün Bakı Dövlət Universitetində (BDU) "İslam Həmrəyliyi İli-2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib.
Olimpnews.az saytının məlumatına görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamın böyük əhəmiyyət daşıdığını söyləyib. Vurğulanıb ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, ISESCO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib.
Akademik A.Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasətin aparıldığını, keçmiş sovet dövründə dinlə bağlı sərt qadağaların olduğunu söyləyib. Rektor həmin dövrdə Azərbaycanda 20-dək məscidin fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu xatırladıb.
Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.
Sonra BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev "İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir” mövzusunda məruzə ilə çıxış edib.
Altı bölmədə işini davam etdirən konfransda 200-dən çox məruzə dinlənilib.