Fərid Qayıbov: “Azərbaycan gimnastlarının XIV İslam Həmrəyliyi Oyunlarında çox yaxşı şansları var”

Fərid Qayıbov: “Azərbaycan gimnastlarının XIV İslam Həmrəyliyi Oyunlarında çox yaxşı şansları var”



Aprelin 27-də IV İslam Həmrəyliyi Oyunlarının proqramında nümayiş etdiriləcək gimnastika növləri üzrə yarışların püşkatma mərasimi keçirilib.

Mərasimi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndələrinin, baş məşqçilərin, habelə mətbuat təmsilçilərinin iştirakı ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov idarə edib.

Baş katib qeyd edib ki, ölkəmiz Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında gimnastikanın 3 - kişi və qadın idman gimnastikası və bədii gimnastika növlərində təmsil olunacaq. Qeyd edək ki, hər üç növ Olimpiya idman növüdür".
F.Qayıbov deyib ki, bu gün püşkatma vasitəsilə İslam Həmrəyliyi Oyunlarında idmanın bu növləri üzrə yarışlarda idmançıların çıxışlarının qaydası müəyyən edilib: "Püşkatma şəffaf şəraitdə keçirilib. Hesab edirəm ki, püşkatma baş tutdu. Psixoloji baxımdan idmançılar üçün çıxışların ardıcıllığını əvvəlcədən bilmək çox vacibdir. Ona görə ki, bir idmançı üçün ilk çıxışı etmək çox çətindir, digərləri üçün isə əksinə, asandır".

O bildirib ki, bədii gimnastika üzrə həm komanda, həm də final yarışları olacaq: "Azərbaycan gimnastlarının İslam Həmrəyliyi Oyunlarında çox yaxşı şansları var. Marina Durundaya çox böyük ümidlər var. Əfsuslar olsun ki, o, zədəyə görə Dünya kubokunda çıxış edə bilməyəcək. Lakin mən inanıram ki, Durunda İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək".
Fərid Qayıbov əlavə edib ki, XIV İslam Həmrəyliyi Oyunlarından dərhal sonra gimnastlarımız Avropa çempionatına yollanacaqlar: "Bu, cari ildə Olimpiya Oyunlarından sonra ilk mühüm qitə yarışıdır və bizim üçün çox böyük əhəmiyyəti var".

Kişilər arasında idman gimnastikası haqqında danışarkən, federasiyasının baş katibi bildirib ki, Azərbaycan gimnastı Murad Ağarzayevdən yaxşı nəticələr gözləyir: "Murad Ağarzayev ötən il yuniorlar arasında Avropa çempionatında çıxış edib. Bu yarışlarda o, ilk dəfə böyüklər arasında çıxış edəcək. Ağarzayev bu il Bakıda Dünya Kubokunda, ötən həftə isə Rumıniyada Avropa çempionatında çıxış edib. Qızıl medal haqqında danışmaq çətin olsa da, biz ondan yaxşı nəticələr gözləyirik".
F.Qayıbov qeyd edib ki, Bense Telas da Azərbaycan komandasında yeni gimnastdır: "Ağarzayev və Talas bu cür irimiqyaslı yarışlarda ilk dəfə çıxış edəcəklər. Onlardan, ilk növbədə, finala düşmələrini gözləyirik. Finalda isə, düşünürəm ki, onlar öz rəqibləri ilə mübarizə apara biləcəklər. Türkiyə gimnastları onların əsas rəqibləridir, çünki onlar idman gimnastikasında çox güclüdürlər. Onlar keçən həftə keçirilən Avropa çempionatında finala yüksəliblər".

Onun sözlərinə görə, qadınlar arasında idman gimnastikasında da Azərbaycan komandasının yaxşı şansları var: "Komandanın lideri Marina Nekrasova zədələndi və Avropa çempionatında çıxış edə bilmədi. Amma biz inanırıq ki, o, İslam Həmrəyliyi Oyunlarına qədər hazır olacaq".
Oleq Stepkonun Azərbaycan komandasında gələcək iştirakı imkanları barədə danışan F.Qayıbov bildirib ki, hələlik konkret heç nə demək olmaz: "Yalnız bir şeyi dəqiq deyə bilərəm - o, İslam Həmrəyliyi Oyunlarında çıxış etməyəcək. Azərbaycan Stepko üçün çox iş görüb. O, Azərbaycanın sayəsində populyarlaşdı. Bəzi idmançılar gəlir, başqaları gedir - bu, normal prosesdir. Əsas məsələ inkişafı təmin etməkdir".

Baş katibin sözlərinə görə, hazırda Azərbaycanda gimnastikanın altı növü var və onlardan bəziləri son illər inkişaf etməyə başlayıb: "Biz idman gimnastikası üzrə yaxşı nəticələr əldə etməyə indi başlayırıq və gələcəkdə bizim öz gimnastlarımızın olacağına ümid edirəm".
F.Qayıbov IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bütün idmançılarına uğurlar arzulayıb.