Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də inkişaf etdirilir.
Respublikamızda idmanın maddi-texniki bazasının gücləndirilməsi bu sahədə daha da yüksək nailiyyətlərin qazanılmasına şərait yaradır. Paytaxt və bölgələrdə fəaliyyət göstərən klublar da idmanın inkişafına öz töhfəsini verir. Belə klublardan biri də "Amasiya” İdman Sağlamlıq Kompleksidir.
"Olimpnews.az” saytı bu dəfə sizi bu dəfə kompleksin nəzdindəki "Kudo” bölməsinin fəaliyyəti ilə tanış edəcək. Bölmənin baş məşqçisi Şirxan İsmayılov ölkəmizdə bu idman növünün inkişafı barədə ətraflı məlumat verdi: "Kudonun vətəni Yaponiyadır.
Bu idman növü bir sıra döyüş növlərini özündə birləşdirir. Bunlar – boks, cüdo, sambo, karate və tayboksdur. Yarışda idmançılar ağ və göy rəngli kimonoda mübarizə aparırlar. Döyüşlər 7 çəki dərəcəsi üzrə keçirilir. Bu idman növü dünyada baxımlılığı ilə fərqlənir. Kudo 2001-ci ildən ölkəmizdə tanınmağa başlayıb. Azərbaycanda kudo üzrə nümayəndəlik fəaliyyət göstərir. Nümayəndəliyin rəhbəri Vəli Bünyatovdur. Vitse-prezident isə Yura Mustafayevdir. Qeyd edim ki, Azərbaycana kudo idman növünü Yura Mustafayev gətirib. Elə mənim ilk məşqçim də Yura müəllim olub. Vəli Bünyatov özü də yarışlarda iştirak edir və yüksək nəticələr qazanır. O həmçinin idmançılarımıza yaxından dəstək olur.
Hazırda bölmədə 30-dək idmançı kudonun sirlərinə yiyələnir. Burada məşqlər gündə 3 dəfə müxtəlif yaş qrupları üzrə keçirilir”. Şirxan İsmayılov əvvəllər boks və karate ilə məşğul olub. Bu növlər üzrə müxtəlif yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıb. Sonradan kudo idman növü ilə məşğul olan idmançı bu növ üzrə dünya çempionu adını qazanıb.
2005-ci ildə dünyanın ən güclü kudoçularının iştirakı ilə keçirilən dünya çempionatında o, bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qeyd edək ki, kudo üzrə dünya çempionatı 4 ildən bir təşkil olunur. İdmançı bundan başqa bir sıra beynəlxalq turnirlərdə də nailiyyətlər əldə edib. O, Estoniyada keçirilən beynəlxalq turnirdə birinci, Rusiyada isə 3-cü olub. İki ildir məşqçi kimi fəaliyyət göstərən Ş.İsmayılovun tələbələri də uğurlu nəticələr qazanırlar. Onun yetirməsi Faiq Fərhadov (77 kq) müxtəlif döyüş növləri üzrə dünya kubokunun qalibi və mükafatçısıdır. Klubun yetirmələri bu ilin oktyabrında keçiriləcək kudo üzrə ölkə çempionatında iştirak edəcəklər. Şirxan müəllim tələbələri ilə birlikdə 2018-ci ildə keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq.
"Amasiya” İdman Sağlamlıq Kompleksində idmançıların yüksək səviyyəli məşq etmələri üçün hərətərəfli şərait yaradılıb. Klubun direktoru Fikrət Həsənov idman ocağının uğurlu fəaliyyəti üçün öz dəstəyini əsirgəmir.