“Zəfər günləri” kampaniyasının təqdimat mərasimi keçirilib

“Zəfər günləri” kampaniyasının təqdimat mərasimi keçirilib



Mayın 1-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında "Zəfər günləri” kampaniyasının təqdimat mərasimi keçirilib.
Milli Olimpiya Komitəsi (MOK) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışın qalib və mükafatçıları olacaq  azərbaycanlı idmançıların şərəfinə "Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək. "Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.
"Olimpnews.az” xəbər verir ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Zəfər günləri” kampaniyasının təqdimat mərasimində məlumat verib.
Çingiz Hüseynzadə bildirib ki, mayın 12-də paytaxtımızda start götürəcək Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları İslam dünyası üçün böyük önəm kəsb edir. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, əvvəlki oyunlardan fərqli olaraq, Bakı-2017-də ilk dəfə olaraq, 57 İslam dövlətinin idmançıları iştirak edəcəklər.
Kampaniyanın əhəmiyyətindən və tarixindən danışan Ç.Hüseynzadə qeyd edib ki, birinci Avropa Oyunları zamanı 50-dən çox idmançımız "Zəfər günləri” tədbirində iştirak edib. Bu layihənin çox böyük müsbət təsiri oldu və idmansevərlər məmnuniyyətlə həmin görüşlərdə iştirak edirdilər. Biz qərara gəldik ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da bu təcrübədən faydalanaq və həmin formatda daha geniş və interaktiv şəkildə tədbirlər keçirək.
Sonra "Zəfər günləri-2015” kampaniyasına dair videoçarx nümayiş olunub.
MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən ikinci dəfə keçiriləcək bu layihə çərçivəsində qalib idmançılarımızın, medallar qazanan atletlərimizin, onların məşqçilərinin və ailə üzvlərinin, yaxınlarının, idman mütəxəssislərinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə Komitədə görüşləri təşkil ediləcək. Beləliklə, MOK artıq ikinci dəfə medalçılar üçün yüksək səviyyədə mərasim təşkil edəcək. Tədbirlərdə KİV nümayəndələrinin uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən müsahibələr alması üçün də şərait yaradılacaq.
Diqqətə çatdırılıb ki, "Zəfər günləri” vasitəsilə MOK yenə də Azərbaycan atletlərinin, KİV-lərin və idman ictimaiyyətinin doğma ocağına çevriləcək. Komitənin binasının qapıları mayın 14-dən 23-dək hər gün saat 13:00-da "Zəfər günləri”ndə IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən və digər maraqlı, yaddaqalan anların, ümumiyyətlə, "Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanların üzünə açıq olacaq. Bununla yanaşı, Oyunların və idmançılarımızın nailiyyətlərinin təbliği məqsədilə sosial medianın imkanlarından da geniş istifadə ediləcək.
"Zəfər günləri” adlı tədbir "Lider TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Bundan başqa, Bakı-2017-də çıxış edəcək Azərbaycanın Olimpiya yığma komandasının üzvlərinin paytaxtımızın küçələrində və Bakı metrosunun stansiyalarında quraşdırılacaq posterlər vasitəsilə təbliğatı aparılacaq.
Sonra jurnalistlərin sualları cavablandırılıb.