Mayın 12-22-də Azərbaycanda İV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlarda 57 müsəlman ölkəsindən 3000-ə yaxın idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Ölkəmizi bu yarışlarda 335 nəfər idmançı təmsil edəcək.
"Olimpnews.az” Olimpiya çempionu Zemfira Meftahəddinovanın yarışların ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini öyrənib.
Stend atıcılığı üzrə Olimpiya, dünya və Avropa çempionu, "Dinamo” İdman Cəmiyyətinin sədri Zemfira Meftahəddinova IV İslam Həmrəyliyi Oyunlarının mötəbər tədbir olduğunu nəzərə çatdırararaq ölkəmizin I Avropa Oyunlarında olduğu kimi bu yarışlara da uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu vurğuladı: "Sevindirici haldır ki, I Avropa Oyunlarından sonra Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu böyük tədbir idmançılar üçün çox böyük təcrübədir. Bütün idmançılarımız beynəlxalq arenada öz sözlərini deyir, hər bir yarış zamanı xalqımızı və ölkə rəhbərini sevindirirlər. Ötən il keçirilən Rio-2016 Yay Olimpiya Oyunlarında təmsilçilərimiz 18 medal qazanmaqla böyük uğura imza atdılar və nailiyyətlərimiz davam edir. Yarışda iştirak edəcək Azərbaycan yığmasının tam heyəti artıq açıqlanıb. Komandamız çox güclüdür və inanıram ki, idmançılarımız bu yarışda da öz sözlərini deyəcəklər”.
Güləş, atıcılıqda, cüdo, karate və boks idman növlərində çox güclü idmançılarımızın olduğunu qeyd edən Zemfira xanım dedi: "Amma inanıram ki, idmançılarımız yarışların proqramında nümayiş etdirilən əksər növlərdə uğur qazanacaqlar”.
Səadət Hakıyeva