Mayın 12-22-də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlarda 57 dövlətdən 3000-ə yaxın idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Ölkəmizi bu yarışlarda 335 nəfər idmançı təmsil edəcək.
"Olimpnews.az” Olimpiya çempionu Rəfiqə Şabanovanın IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini öyrənib:
"Azərbaycan 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Ivropa Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkə yığması qitənin güclü idman dövlətlərini geridə qoyaraq 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) 2-ci yeri tutdu. I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi və komandamızın qazandığı uğurlar Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Bu gün isə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. ”
Olimpiya çempionu bu yarışların da yüksək səviyyədə keçəcəyindən əminliyini bildirdi və komandamıza uğurlar arzuladı: "Dünyada tolerant ölkə kimi tanınan Azərbaycan dünyanın 57 ölkəsindən olan müsəlman ölkələrinin idmançılarını qəbul edəcək. Belə mötəbər yarışlar ölkəmiz, idman ictimaiyyəti üçün bir bayramdır. İnanıram ki, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edəcək və komandamız ilk 3-lükdə qərarlaşacaq”.
Səadət Hakıyeva