“Qarabağ”dan ardıcıl 3-cü “qızıl dubl”

“Qarabağ”dan ardıcıl 3-cü “qızıl dubl”
Naxçıvan şəhərində Azərbaycan kubokunda final matçı keçirilib. Olimpnews.az saytının məlumatına görə, mövsümün son oyununda "Qarabağ” "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Ağdamlıların üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb.

Azərbaycan kuboku
Final
"Qarabağ” - "Qəbələ” - 2:0
Qollar: Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (öz qapısına).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev.
5 may. Naxçıvan. Muxtar Respublika stadionu. 12 800 tamaşaçı.

Azərbaycan kubokunun finalı tarixdə ilk dəfə Naxçıvanda təşkil olunurdu. "Qarabağ” və "Qəbələ” arasında keçirilən görüş ümumilikdə Bakıdan kənarda təşkil olunan 4-cü final kimi tarixə düşüb. Belə ki, indiyədək keçirilən 23 finaldan yalnız üçü paytaxtdan kənara təsadüf edib. Əvvəlki 3 belə haldan ikisində ev sahibliyini Sumqayıt edib. "Gənclik şəhəri” 1993/94-cü və 2000/01-ci illər mövsümlərində kubokun qalibinin müəyyənləşdiyi məkan olub. 2014/15-ci illər mövsümündə isə final ilk dəfə yarımadadan kənarda - Qəbələdə təşkil olunub. Bakıda keçirilən 20 belə matçdan 18-ni Tofiq Bəhramov adına Respublika stadionu qəbul edib. Daha iki məkan - "İnter Arena” və "Dalğa Arena” stadionları da finala məkan olub.

Naxçıvandakı finalın ilk hissəsində azarkeşlər qol görməsə də, fasilədən sonra çempion rəqibini üstələyə bilib. Əvvəlcə ağdamlılar oyunun 52-ci dəqiqəsində Mahir Mədətovun qolu ilə hesabda önə keçiblər. Hücumlarını davam etdirən Ağdam təmsilçiləri Ürfan Abbasovun öz qapısına vurduğu qola hesabı artırıblar. Beləliklə, 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ” Azərbaycan futbol tarixində bir neçə ilkə imza atıb. Bir neçə gün əvvəl ardıcıl 4-cü çempionluqla tarix yazan ağdamlılar kubokda da seriyasını davam etdiriblər. Ardıcıl 3-cü dəfə kubok qazanan ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri ümumilikdə 6-cı dəfə bu mükafata yiyələniblər. "Qarabağ” bu göstəricidə "Neftçi”yə çatıb.

Ardıcıl 3-cü dəfə mövsümü "qızıl dubl”la tamamlayan ağdamlılar bunu rəsmiləşdirən ilk komanda kimi Azərbaycan futbolu tarixinə düşüb. Ümumilikdə isə "Qarabağ” 4-cü dəfə belə nailiyyət əldə etməklə, yeni rekord müəyyənləşdirib. "Qəbələ” isə tarixində ikinci dəfə yüksəldiyi finalı yenə məğlub ayrılıb. 3 il əvvəl finalda "Neftçi”yə penaltilər seriyasında uduzan "qırmızı-qaralar” bu dəfə əsas vaxtda uduzub.

Oyundan sonra

Tale Heydərov ("Qəbələ” klubunun prezidenti): «Naxçıvana gəlmək çox xoşdur. Bura mənim ata yurdumdur. Burada azarkeşlərin çox olmasını görmək sevindirici haldır. Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Əlbəttə ki, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq. Məncə, "Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi böyük rol oynadı. Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz "Qarabağ” oldu. Biz də çox lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik. Finalı paytaxtda da keçirmək olardı. Ümid edirəm ki, gələn dəfə belə qərarlar məsləhətləşərək verilər. "Qarabağ” da, "Qəbələ” də Azərbaycan komandasıdır. Futbol azarkeşlər üçündür. Biz möhtəşəm atmosferli oyunun şahidi ola bilərdik. Ümid edirəm ki, gələn il finala kimin yüksəlməyindən asılı olmayaraq, bu məsələlər daha yaxşı düşünülər.
Yeni oyunçularla bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə oyunçu almağı da düşünürük. Avropa Liqasında eyni uğurları davam etdirməyimizi gözləmək asandır. Komandanın qrup mərhələsinə düşməsi gözləntisi hamımızda var. Unutmaq lazım deyil ki, biz ardıcıl iki dəfə bunu bacarmışıq. Bu özü bir rekord idi. Həmin qrup mərhələsinə düşmək üçün yenidən rekorda imza atmalıyıq. Bu, çox çətin prosesdir. Ancaq qrupa qədər irəliləyə bilsək, çalışacağıq ki, orada keçən dəfəki uğursuzluğu təkrarlamayaq, xallar qazanaq və mümkün olarsa, qrupdan çıxaq».

Tahir Gözəl ("Qarabağ” klubunun vitse-prezidenti):«Oyun çox gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı. "Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan xalqının dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Əlbəttə ki, sevincliyik. Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, "Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədir ki, bir komanda ardıcıl 3 mövsüm "qızıl dubl” edir. Bu, böyük bir tarixdir, nailiyyətdir. Bundan sonrakı məqsəd UEFA Çempionlar Liqasında uğurlu çıxış etməkdir. Üç dəfə qapını «döymüşük», alınmayıb. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdır».

Qurban Qurbanov ("Qarabağ” klubunun baş məşqçisi): «Naxçıvanlılara təşəkkür edirəm. Komandama minnətdaram. Ağır mövsüm keçirdik. Ardıcıl 3 dəfə kubokun qalibi olmaq böyük uğurdur. Düşündüyümüz hər şey alındı. Əlimizə düşən fürsətlərdən istifadə etdik. Bizim qol vəziyyətlərimiz daha çox oldu. İkinci hissənin başlanğıcında çox hücum etdik. Hava şəraiti çətin idi. Bizim ən ağır oyunlarımız "Qəbələ”yə qarşı olub. "Qəbələ”yə uğur arzulayıram. Bundan sonra futbolçular istirahətə yollanırlar. Komandamıza bir neçə futbolçu dəvət etmək istəyirik. Danışıqlar gedir».

Roman Qriqorçuk ("Qəbələ” klubunun baş məşqçisi): ««Qarabağ» klubunu təbrik edirəm. Bu gün bizdən güclü idilər. Tellurun zədələnməsi bizim üçün problem yaratdı. Deməzdim ki, rəqibdən fiziki cəhətdən geri qaldıq. Meydan amilini qabartmaq istəməzdim. Çünki "Qarabağ”la eyni şərtlər altında oynadıq. Buna görə də, bu məqamı deməyə dəyməz. Vəziyyətə uyğun hərəkət etmək lazımdır. "Qarabağ” bizi üstələdi. Mövsüm başa çatdı. Futbolçulardan kimlərin qalıb, kimlərin gedəcəyi bilinmir. Futbolçulara demişdik ki, mövsümün sonuna qədər oynayacağıq, ondan sonra yekun qərarımızı açıqlayacağıq. Müzakirələr aparıb, qərarlar qəbul etmişik. Amma açıqlama vermək üçün daha bir neçə gün vaxt lazımdır».

Rəşad Sadıqov ("Qarabağ” klubunun kapitanı): «Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdur. Sözün düzü, bu gün məğlub olacağımızı düşünürdüm. Birinci hissə gərgin keçdi. Ancaq uşaqlar ikinci hissədə artırdılar. Lazım olan qələbə qollarını vurdular.
Əvvəlki mövsümlərlə müqayisədə, oyunumuzda çox anlarda problemlər oldu. Əvvəl 2-3 matçda çətinliklə üzləşirdiksə, 7-8, bəlkə də 10 görüşdə problemlə üzləşdik. Zədəlilərimiz çox oldu. Heyətdə milli üzvləri kifayət qədər idi. Bütün bunlar oyunumuzda geriləməyə səbəb oldu. Buna baxmayaraq, mövsümün sonunda, ən vacib anda komanda yaxşı oynamağa başladı. Son 5-6 qarşılaşmada özümüzə bənzədik və yaxşı futbol nümayiş etdirdik. Nəticədə mövsümü 2 titulla başa vurduq».

Rəşad Sadiqov ("Qəbələ” klubunun yarımmüdafiəçisi): «Çətin mübarizə oldu. Çempiona qarşı oynayırdıq. Həmçinin, "Qarabağ” ölkə kubokunun son sahibi idi. İkinci hissədə komandada nəsə çatmırdı. Sanki "yatmışdıq”. Bəzi epizodlarda "ayılırdı”, amma ümumilikdə arxadan komanda "yatmış” kimi görünürdü. Özümüz də bilmirik bu, nə ilə bağlıdır. Mənə elə gəlir ki, səbəbi "Qarabağ”ın üstün oyun göstərməsi idi. Bizə oynamağa imkan vermədilər. Buna görə də qələbə qazandılar.
Mövsüm bir tərəfdən yaxşı, digər tərəfdən pis keçdi. Avropa Liqasının qrupuna düşməyimiz yaxşı hal oldu. Bununla Azərbaycanı, "Qəbələ” azarkeşlərini sevindirdik. Amma digər tərəfdən həm çempion ola bilməməyimiz, həm də kuboku qazanmamağımız pis oldu. Bu, bizim üçün çox üzücü idi. Kubokun final görüşünə qədər heç kimə yeni müqavilə təklif olunmamışdı. Mənə elə gəlir ki, bu matçdan sonra rəhbərlik hamı ilə danışacaq».

Qara Qarayev ("Qarabağ” klubunun yarımmüdafiəçisi): «Bu gün hədəfimizə çatdıq, bizə lazım olanı əldə etdik. Həm çempionluq, həm də kuboku qazanmaq məqsədimiz idi ki, onu da bacardıq. Kubokun finalına çıxmaq o qədər də asan olmadı. Düşünürəm ki, komandamız hər iki cəbhədə çempionluğa layiq idi. Bütün "Qarabağ”lıları təbrik edirəm. Hava elə idi ki, ilk hissədə kim qol vursa, digər komanda hesabı bərabərləşdirməkdə çox çətinlik çəkəcəkdi. İlk qolu vuran qələbə qazanacaqdı. "Qəbələ”nin həvəsli-həvəssiz olması haqqında isə nəsə deyə bilmərəm. Düşünmürəm ki, rəqib həvəssiz idi, sadəcə biz daha yaxşı oynadıq».

Rahib Səmədov,
Bakı-Naxçıvan-Bakı