Sabah Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. Ölkəmiz may ayının 22-nə qədər yarışlara ev sahibliyi edəcək. Yarışlara ayın 8-də start verilib. IV İslam Həmrəyliyi Oyunlarında dünyanın 50-dən artıq müsəlman ölkəsindən idmançılar 20 növdə mübarizə aparacaqlar. Proqrama milli idman növü olan zorxana da daxil edilib. Proqramda nümayiş etdirilən idman növlərindən biri də gimnastikadır.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov "olimpnews.az” saytına verdiyi müsahibəsində gimnastika üzrə ölkə komandasının IV İslam Həmrəyliyi Oyunlarına hazır olduğunu bildirib.
-Fərid müəllim, gimnastika komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırdırmı?
-Gimnastika ilk dəfədir ki, İslam Oyunlarının proqramında nümayiş etdirilir. İdmançılarımız kişilər və qadınlar arsında idman gimnastikası, bədii gimnastika növlərində qüvvələrini sınayacaqlar. Hər üç növ Olimpiya idman növüdür. Yarışlarda 12 ölkənin gimnastları qüvvələrini sınayacaqlar. Hər olkə maksimum 3 idmançı ilə təmsil olunacaq. Gimnastlarımız alətlər üzrə final yarışlarında və komanda yarışlarına mübarizə aparacaqlar. Bədii gimnastika üzrə ölkəmizi 3 idmançımız – Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva təmsil edəcəklər. Marina Durunda Almaniyada keçirilən Qran-pri yarışlarında zədəli olduğu üçün 28-30 apreldə Bakıda təşkil edilən bədii gimnastika üzrə FİG Dünya kuboku yarışlarında çıxış edə bilmədi.
Hazırda idmançımız IV İslam Həmrəyliyi Oyunlarına demək olar ki, hazırdır. Oyunlardan dərhal sonra Marina Durundanı Avropa çempionatı gözləyir. Bu, Rio-2016 Yay Olimpiya Oyunlarından sonra keçiriləcək ilk Avropa çempionatıdır. Zöhrə Ağamirova perspektivli idmançılarımızdandır. Böyüklər arasında yeni çıxış edir və biz ona böyük ümidlər bəsləyirik. Kişi idman gimnastikasında ölkəmizi Murad Ağarzayev və Bense Palas təmsil edəcəklər. Gənc idmançımız Teymur Bayramov da onlara qatılacaq. Hər iki idmançı bu il böyüklər proqramında ilk debütlərini ediblər. Hər iki idmançıya böyük ümidlər bəsləyirik. Qadın idman gimnastikasında isə Marina Nekrasova və Sinişina yarışacaqlar. Bu növdə lider idmançımız olan Marina Nekrasova zədə səbəbindən Rumıniyada keçirilən Avropa çempionatında iştirak edə bulmədi. İnanırıq ki, bu yarışlarda medal qazanan idmançılardan biri məhz Marina Nekrasova olacaq. Komandamızın hazırlığından razıyam və inanıram ki, gimnastlarımızdan medallar gözləyirik. İnanıram ki, onlar yüksək nəticələr əldə edəcəklər. Milli Gimnastika Arenası da yarışlara tam hazırdır. Bu günədək arenadakı bütün hazırlıq işləri başa çatdırılıb.
- Necə düşünürsünüz, gimnastika növbəti İslam Oyunlarının proqramına daxil ediləcəkmi?
- Gimnastikanın növbəti İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi hər dəfə fərdi şəkildə müzakirə olunacaq. Növbəti İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. Qardaş ölkədə gimnastika kifayət qədər populyar idman növlərindəndir. Ona görə fikirləşirəm ki, ən azı gələn Oyunlarda da gimnastika proqrama daxil ediləcək.
- Püşkatmadan razısınızmı?
- Püşkatma şəffaf şəraitdə keçirilib. Psixoloji baxımdan idmançılar üçün çıxışların ardıcıllığını əvvəlcədən bilmək çox vacibdir. Ona görə ki, bir idmançı üçün ilk çıxışı etmək çox çətindir. Bədii gimnastikada isə bu, daha çətindir.
- Necə düşünürsünüz, Azərbaycan gimnastları IV İslam Həmrəyliyi Oyunlarında neçə medal qazana biləcəklər?
- Proqnoz vermək bir qədər çətindir. Artıq hansı ölkələrin bu yarışda iştirak edəcəklərini bilirik. Gimnstlarımız medallar uğrunda yarışacaqlar və onlardan yüksək nəticələr gözləyirik. Mart ayında keçirilən FİG Dünya kubokunda bədii gimnastlardan ibarət qrup komandamız təsnifat mərhələsində finala yüksəldi. Final yarışlarında cüzi bir səhv medalsız qalmağımıza səbəb oldu. Bu, idmandır, uğur da var, məğlubiyyət də. Ən əsası, yorulmaq, ruhdan düşmək yox, güclü olmaq və öz-özünə, zəif cəhətlərinə qalib gəlmək lazımdır. Doğma divarlar arasında, azarkeşlər qarşısında çıxış etmək də bir qədər çətindir. Əsas məqsədimiz medallar uğrunda mübarizə aparmaqdır. Marina Durundadan ancaq qızıl medal gözləyirik. Kişi və qadın idman gimnastikasında da idmançılarımızdan medallar gözləyirik.
- İlin sonuna kimi hansı tədbir və yarışlar nəzərdə tutulur?
- Beynəlxalq təqvimin sıxlığı ilə əlaqədar bütün altı növ gimnastika üzrə daxili turnirlərin keçirilməsini planlaşdırırırq. Bundan başqa, AGF payızda keçiriləcək gimnastika üzrə dünya çempionatlarına hazırlıqları davam etdirəcək.
P.S.
Fərid Qayıbovla müsahibənin tam versiyasını yaxın günlərdə təqdim edəcəyik.
Səadət Hakıyeva