Gimnastikada daha bir qızıl medal qazandıq-YENİLƏNİB

Gimnastikada daha bir qızıl medal qazandıq-YENİLƏNİB




Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yeri tutublar. 

Türkiyə ikinci, İndoneziya isə üçüncü yerdə qərarlaşıb.
İdman gimnastikasında ölkəmizi Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastlarının mübarizəsində ilk medalların sahibləri müəyyənləşib.
"Olimpnews.az” saytının məlumatına görə, Milli Gimnastika Arenasında kişi və qadınlar arasında keçirilən yarışlarda komanda hesabında mükafatçılar bəlli olub. İdman gimnastikasında 2 medal qazanılıb. Qadınlar qızıl, kişilər isə gümüş medala sahib olublar.

Gimnastika yarışlarına mayın 13-də start verilib. İkinci yarış günündə kişilər dayaqla tullanma, turnik və dəstəli atda, qadınlar isə sərbəst hərəkətlər və gimnastika tirində qüvvəsini sınayıb. Həm kişi, həm də qadınlar təsnifat mərhələsində çıxış etməklə həm finalçıları müəyyənləşdirib, həm də komanda hesabına xal yazdırıb.
İlk qızıl medalı qadınlardan ibarət millimiz əldə edib. Komanda hesabında 99,300 xal toplayan Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova yığmamız bütün rəqiblərini arxada qoyub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.
İnşina və Tişkova sərbəst hərəkətlərdə də finala yüksəlib. İnşina 12,800 xalla 2-ci, Tişkova 11,900 xalla 7-ci yerlə bunu bacarıb. Sonuncudan 0,400 xal geri qalıb 8-ci olan Nekrasova üçün yarış bitib.
Əvəzində Nekrasova gimnastika tirində finala 1-ci yerlə çıxıb – 12,600 xal. İnşina 11,150 xalla 5-ci, Tişkova 11,100 xalla 6-cı olub. Sonuncu finaldan kənarda qalıb.
Kişilərin yarışında isə Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayıb. Yığmamız komanda hesabında 161,700 xal toplayıb. Yalnız Türkiyədən (163,450) geri qalan millimiz 2-ci yeri tutub. 3-cü pillədə isə 152,150 xalı olan İran qərarlaşıb.
Dəstəli atda Bense (14,100) 2-ci, Ağarzayev (13,850) 3-cü yerlə finala yüksəlib. 6-cı olan Bayramov (13,000) üçün yarış başa çatıb.
Dayaqla tullanmada Ağarzayev (12,350) 8-ci yerlə finala yüksəlib. Turnikdə Talas (14,150) 1-ci, Murad (12,800) 5-ci yerlə həlledici mərhələyə vəsiqə qazanıb. 12,200 xalla 8-ci olan Timur isə mübarizəni dayandırıb.