Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının finalına namizədliyi təsdiqləndi

 Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının finalına namizədliyi təsdiqləndi

UEFA avrokuboklarda 2018/19-cu illər mövsümünün finallarını keçirmək istəyən şəhərlərin müraciətlərini qəbul edib. Olimpnews.az-ın qurumun rəsmi saytına istinadən verilən xəbərdə seçimlərə qatılacaq arenaların adları açıqlanıb.

Siyahıda Bakı Olimpiya Stadionunun da adı var. Paytaxtımız iki mötəbər finalı keçirməyə iddialıdır. UEFA Çempionlar Liqasının həlledici matçı üçün Bakı Olimpiya Stadionu "Atletiko”nun yeni arenası "Metropolitano” ilə rəqabət aparacaq.

Avroliqanın 2018/19-cu illər mövsümünün finalı üçün isə paytaxtımız ilə birlikdə daha iki şəhər namizəddir. Həm "Roman Sançes” stadionu (Sevilya, İspaniya), həm də İstanbulda yerləşən və "Beşiktaş”ın ev oyunlarını keçirdiyi "Vodafon Arena” mötəbər matçı qəbul etməyə hazırdır.

Qadınlar arasında keçirilən Çempionlar Liqasının finalı üçün isə iki stadion - Budapeştin "Ferentsvaroş” arenası və "Astana Aena” (Qazaxıstan) namizəddir.

Sözügedən mövsümün Superkubok finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana ("Qemal Staffa”, Albaniya), Tuluza ("Tuluza”, Fransa), Hayfa ("Sammi Ofer”, İsrail), Astana ("Astana Arena”, Qazaxıstan), Belfast ("Vindzor Park”, Şimali İrlandiya), Qdansk ("Qdansk Arena”, Polşa) və İstanbuldur ("Vodafon Arena”, Türkiyə).

Qeyd edək ki, UEFA son qərarını sentyabrın 21-də verəcək.