İyulun 21-də Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatı start götürəcək. Olimpnews.az saytının məlumatına görə, çempionatda 43 ölkəni təmsil edən 932 snayper dəqiqliyini yoxlayacaq.
Qitə yarışında yeniyetmə atıcılar da iştirak edəcəklər.
Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti artıq müəyyənləşib. Yığmamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada, həmçinin stendin bütün növləri üzrə keçiriləcək Avropa çempionatında 20 snayperlə təmsil olunacaq. Güllə atıcıları arasında ölkəmizin idman şərəfini iki idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində isə Ruslan Lunyov qalib adı uğrunda mübarizə aparacaq. Stend atıcıları arasında isə 18 snayperimiz yer alacaq.
Qeyd edək ki, Avropa çempionatı avqustun 4-də başa çatacaq.