İtaliyanın Karrara şəhərində keçirilən uşu-sanda üzrə dünya çempionatında Azərbaycan idmançıları 3 qızıl və 1 gümüş medal qazanıblar.
Olimpnews.az saytının məlumatına görə, 5 gün davam edən yarışda dünyanın 60-dan çox ölkəsini təmsil edən idmançılar mübarizə aparıblar. Azərbaycanın uşu-sandaçıları gərgin idman mübarizəsi şəraitində keçən çempionatda inamlı mübarizə apararaq uğurlu nəticələr əldə ediblər.
Ağır çəki dərəcəsində döyüşən Fuad Qasımov və Yuri Kim bütün rəqiblərini məğlub edərək dünya çempionu tutulunu qazanıblar. Medal hesabımızı artıran növbəti idmançı Rüstəm Həsənov olub. O, final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb.
Çempionatda veteranlar arasında da döyüşlər keçirilib. Uşu-sanda üzrə milli komandamızın məşqçisi, boks üzrə Əməkdar Məşqçi Zaur Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.
Beləliklə, Azərbaycan milli komandası uşu-sanda üzrə dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.