Müxtəlif yarışlarda bayrağımızı qaldıran idmançılarımız öz qələbələri ilə hər günümüzü yaddaqalan bir tarixə çevirirlər. Bu dəfə bu şərəfli missiyanı şahmat üzrə yığma komandamız öz üzərinə götürdü. Milli komandamız tarixində üçüncü dəfə qitənin ən güclü komandası adını qazandı. Şahmatçılarımız kollektiv qələbəsini Serbiyanın Novi Sad şəhərində Varşavadan sonra Krit adasında əldə etdilər.
İdmançılarımızın tarixi zəfərlərini idman salnaməmizin yaddaşına köçürən "Olimpiya dünyası” qəzeti millimizin yeni uğuru barədə yazını çoxsaylı oxucularına təqdim edir.
Xəbər verdiyimiz kimi, oktyabrın 28-dən noyabrın 6-na qədər Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatı keçirilib. Qitə yarışında 40 kişi və 32 qadın komandası mübarizə aparıb.
Komandalarımız yarışda əsas heyətlə təmsil olunublar. Kişilərdən ibarət yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov yer alıb. Qadınların mübarizəsində isə millimiz Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva ilə təmsil olunub. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub. Oyunun sonuna bir tur qalmış Rusiya komandası üzərində qələbə qazanan kişilərdən ibarət millimiz liderliyə yüksəliblər. Sonuncu - doqquzuncu turda isə komandamız Ukrayna yığması ilə qarşılaşıb. Komandamıza Avropa çempionu olması üçün bu görüşdə heç-heçə də kifayət edirdi ki, təmsilçilərimiz də buna bacarıblar. Həlledici turda Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Ponomaryov və Rauf Məmmədov-Yuri Kuzubov arasında keçirilən görüşlər heç-heçə yekunlaşıb. Bu nəticələrdən sonra komandamız turniri 14 xalla başa vurub.
Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb. Əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya millisi ikinci, Ukrayna komandası isə üçüncü yerə sahib çıxıb. Kişilərdən ibarət millimiz bu qələbə ilə 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb.
Əzmkar oyun, layiqli qələbə
Kişilərdən ibarət yığma komandamızın çempionluğa gedən yolu maraqlı və gərgin olub. Belə ki, şahmatçılarımızın qitə çempionatında ilk oyunu İtaliya millisi ilə olub. Bu görüşdə rəqiblərinə 2,5:1,5 hesabı ilə məğlub olan yığmamız növbəti turda Avstriya millisinə 4:0 hesabı ilə qalib gəlib.
Millimiz üçüncü partiyada ispaniyalı həmkarları ilə heç-heçəyə razılaşıb. Vacib xalların itkisi ilə millimiz öz işini bir qədər çətinə salıb. Lakin özündə güc tapan şahmatçılarımız iddiasından əl çəkməyib. Ardıcıl qazanılan 5 qələbədən sonra komandamız nəyə qadir olduğunu bir daha sübut edib. Şahmatçılarımız çempionatın son turlarına qədər birinci pillədə qərarlaşan Rusiya yığmasına 8-ci turda 3:1 hesabı ilə qalib gələrək ilk pilləni ələ keçirib. İlk turda uduzub, sonrakı turlarda inamla çıxış edərək qalib adını qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir ki, millimiz də bunu bacarıb. Təbii ki, bu nəticə kənardan heç də asan görünməməlidir. Komandamız bu uğuru özünəinam, əzmkar oyun və layiqli qələbə sayəsində əldə etdi.
9 görüşdən 14 xal və qızıl medal
Komanda yarışlarında hər bir şahmatçının göstəricisi əsas nəticəyə təsir edir. Qazanılan və itirilən yarım xal həlledici olur.
Avropa çempionatında Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun əzmkar çıxışı çempionluğa təsir edib. Millinin bu uğurunda daha çox Rauf Məmmədovun çıxışı həlledici olub. Keçirdiyi 9 görüşdən 8 xal toplayan Rauf dördüncü lövhədə qızıl medala sahib olub.
Birinci lövhədə 8 oyundan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov isə gümüş medala layiq görülüblər. Teymur Rəcəbov yarışdan dərhal sonra başqa turnirə yollandığından, onun medalı komandanın kapitanı və məşqçisi Eltac Səfərliyə təqdim olunub. Bu çempionat yığmamızın digər üzvü Arkadi Naydiç üçün də əlamətdar olub. Şahmatçımız Avropa çempionu olmaqla tarixə düşüb. Belə ki, 32 yaşlı Latviya əsilli qrossmeysterimiz Avropa çempionatı tarixində 2 ölkənin heyətində qızıl medal qazanan ilk şahmatçı olub. Maraqlıdır ki, o, bu çempionluqların heç birini doğma komandası ilə qazanmayıb. 6 il əvvəl Almaniya millisinin heyətində Avropanın ən güclüsü olan milliləşdirilmiş şahmatçımız ikinci uğuruna Azərbaycan yığması ilə nail olub.
Üç komandadan üçüncüsü - Azərbaycan yığması
Komandamız bu qələbə ilə şahmat tarixində bir sıra nəticələri də yeniləyib. Belə ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi, ən azı, 3 dəfə Avropa çempionu olan 3-cü komandadan biridir. Komandamıza qədər yalnız SSRİ və Rusiya şahmatçıları bu uğura sahib olublar. SSRİ komandası 9 dəfə qitənin ən yaxşısı adını qazanıb. Statistikaya nəzər salsaq görərik ki, SSRİ-nin süqutundan sonra 12 dəfə kişilər, elə bir o qədər də qadınlar arasında qitə çempionatı keçirilib. Bu illər ərzində kişilərdən ibarət komandalar arasında ən çox medal qazanan Rusiya yığması olub. Şimal qonşularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Azərbaycanın aktivində 5 medal var. Bunlardan 3-ü qızıl medaldır. Zəka sahiblərimiz komanda səviyyəsində gümüş (2011) və bürünc (2007) medallara da yiyələniblər. Onu da qeyd edək ki, Krit adasında bu komanda dördillik fasilə ilə ardıcıl üçüncü dəfə birinciliyi əldən verməyib.
Komandamız bu nəticə ilə 2 çempionluğu olan Hollandiya yığmasını geridə qoyub.
Qeyd olunan 4 komandadan başqa, daha 3 milli komanda Avropa çempionatının qızıl medalına layiq görülüb. Bunlar Ermənistan, İngiltərə və Almaniya yığmalarıdır. Bu komandaların aktivində 1 qızıl medal var. 25 il müddətində yalnız Gürcüstan millisi bir medalla kifayətlənib.
Rusiyanın qadınlardan ibarət yığma komandası son onillikdə bütün rəqiblərindən irəlidədir (5 qızıl, 1 gümüş). 25 il ərzində isə rusiyalı qadın şahmatçılar 8 medal qazanıblar. Gürcüstanın 7, Ukraynanın 5, Polşanın 4, Ermənistanın, Rumıniyanın və İngiltərənin 2 qızıl medalı var. Slovakiya və Fransa 1 dəfə qızıl medala layiq görülüb. Moldova, Macarıstan və Yunanıstanın hərəsinin 1 gümüş medalı, Azərbaycanın qadın şahmatçılarının isə 1 bürünc medalı var.
Şahmatçılarımızın çempionluq zəfərləri
Qeyd etdiyimiz kimi, komandamız bu qələbə ilə 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb. Bu, həm də, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion adını qazanıblar. Milli komandamız Avropa çempionatları tarixində ilk medalını - bürünc mükafatı 2007-ci ildə əldə edib. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə qrossmeysterlərimiz yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.
Tarixə nəzər salsaq görərik ki, millimiz ilk dəfə Avropa çempionu tituluna Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda layiq görülmüşdü. Yığmamız yarışın sonuncu turunda Hollandiyanı 2,5:1,5 hesabı ilə məğlub etmişdi. Həmin oyunda komandamıza çempionluq sevincini yaşadan şahmatçı isə mərhum qrossmeysterimiz Vüqar Həşimov olmuşdu. Digər zəka sahiblərimizin görüşlərində heç-heçə qeydə alındığından bütün diqqətlər Vüqar Həşimov və Daniel Stelvagenin oyununa yönəlmişdi. Vüqarın həlledici qələbəsi ölkəmizə ilk Avropa çempionluğunu qazandırdı. Çempionluğa digər namizəd olan Rusiya millisi isə son turda ispanlarla heç-heçə oynayaraq ikinci yeri tutdu. Xatırladaq ki, qadınlardan ibarət yığmamız isə turniri 12 xalla 4-cü pillədə başa vurmuşdu.
Komandamız Avropa çempionatları tarixində ikinci dəfə qızıl medala 2013-cü ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən yarışda sahib çıxıb. Kişilərdən ibarət Azərbaycan millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görülüb. Aleksandr Xalifmanın kapitanı olduğu yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov yer almışdı. Millimiz son turda Ermənistanla heç-heçə edib. Nəticədə 37 ölkə arasında reytinqinə görə 6-cı olan komandamız 9 görüşdən 14 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olub. Aktivində 13 xalı olan Fransa 2-ci, eyni xal toplayan Rusiya 3-cü yeri tutub.
Məlumat üçün bildirək ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov Avropa çempionatının qızıl medalını üçüncü dəfə qazanıblar. 2009-cu ildə Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili, 2013-cü ildə Aleksandr Xalifman, sonuncu yarışda isə Eltac Səfərli idi.
Şahmata ölkəmizdə yüksək diqqət və qayğı var
Təbii ki, komandamızın 8 il ərzində üçüncü dəfə qitənin ən güclüsü adını qazanması ölkəmizdə şahmat idman növünə göstərilən diqqət və qayğıdan irəli gəlir. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənənin əsası hələ 1970-ci illərdə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Çox qısa müddətdə Azərbaycanda böyük şahmat infrastrukturu yaradılıb.
Azərbaycanda şahmatın yeni inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən reallaşdırılıb. Bütün idman növləri kimi şahmat da diqqətdən kənarda qalmayıb. Azərbaycanda şahmatın inkişafına dövlət səviyyəsində qayğı göstərilib. Şahmatın inkişafı üçün "2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının imzalanması bu növdə kütləviliyin artmasına şərait yaradıb. Proqramın həyata keçirildiyi dövr ərzində şahmat üzrə 40-a yaxın Azərbaycan birinciliyi və yarışları, o cümlədən beynəlxalq turnirlər keçirilib. Təhsil Nazirliyi ilə birgə aparılan işlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəblərində şahmat fənninin tədrisinə başlanılıb. Qeyd edək ki, şahmat yeganə idman növüdür ki, Azərbaycanda bir fənn kimi orta məktəblərdə tədris edilir. Aparılan məqsədyönlü islahatlardan sonra Azərbaycan artıq aparıcı şahmat dövlətlərindən biri kimi özünü təsdiq edib. Ölkəmiz mötəbər beynəlxalq yarışlara və turnirlərə ev sahibliyi edir. Bu gün Azərbaycan şahmatçıları artıq müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan şahmatı dünya arenasında artıq elə bir yüksəlişə çatıb ki, qrossmeysterlərimiz dünya reytinqinin 100 ən yaxşı şahmatçısı arasında qərarlaşıblar. Millimizin aparıcı üzvlərindən olan Şəhriyar Məmmədyarov 2799 reytinq xalı ilə 4-cü, Teymur Rəcəbov isə 2741 xalla 19-cu pillədə yer alıb. Arkadi Naydiç 44-cü, Rauf Məmmədov isə 58-ci pillədədir. 100 ən yaxşı qadın iştirakçıların siyahısına isə yığmamızın 3 üzvü daxil olub. Günay Məmmədzadə (2393) 67-ci, Ülviyyə Fətəliyeva (2381) 79-cu və Gülnar Məmmədova (2384) 88-ci sırada yer alıb.
Ölkəmizdə dəfələrlə şahmat üzrə mötəbər yarışlar təşkil olunub. Paytaxtımız 2002-ci ildə Avropa çempionatına, bir il sonra isə Naxçıvan Muxtar Respublikası gənclər arasında şahmat üzrə dünya çempionatına ev sahibliyi edib. Bundan başqa, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri də Bakıda keçirilib. Ölkəmiz 2015-ci ildə şahmat üzrə Dünya kubokuna və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Bakıda təşkil olunan 42-ci Şahmat Olimpiadasında rekord sayda, 175 ölkənin nümayəndələri iştirak ediblər.
Azər Əlizadə