Noyabrın 26-da ölkəmizdə universal döyüş üzrə peşəkarlar arasında beynəlxalq turnir keçirilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Universal Döyüş Federasiyasının təşkilatçılığı, "Kəhriz su” şirkətinin dəstəyi ilə keçirilən yarışda Azərbaycanla yanaşı İran, Rusiya, Gürcüstan idmançıları da reytinq döyüşlərində qüvvələrini sınayıblar.
Döyüşlər başlamazdan əvvəl keçirilən mətbuat konfransında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, universal döyüş üzrə peşəkarlar liqasının sədri, "Qartal”PİK-in direktoru Yaqub İbrahimov, qonaq ölkə nümayəndələri iştirak ediblər. Azər Həsənov bu il peşəkarlar arasında ilk ölkə çempionatının təşkil olunduğunu və bu sahənin inkişafı istıqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. O qeyd etdi ki, federasiyanin əsas məqsədi gələcəkdə bu cür yarışları ənənəvi olaraq keçirməkdir.
Yaqub İbrahimov idmançıların bu yarışlara uzun müddət məşq etdiklərini və rəqib komanda üzvləri ilə layiqli mübarizəyə hazır olduqlarını bildirdi. Daha sonra yarışlara start verildi. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşdi. Elnur Şərəfli (50 kq), Babək Qəmbərov (55 kq), Razdak Əliyev (60 kq), Rusani Əliyev (70 kq), İlkin Bədirxanov (75 kq), Fərid Mirzəbəyov (80 kq), Məhəmməd Mohsen (95 kq) qalib adını qazandılar. K-1 versiyası üzrə keçirilən "gecənin döyüşləri” də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı. Bu döyüşlərdə Cavidan Cəfərli (54 kq) və Rafət Əsədov (+ 95 kq) rəqiblərinə böyük üstünlüklə qalib gəldilər.
Tədbirin yekununda Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən ölkəmizdə bu sahənin təbliğindəki xidmətlərinə görə "Olimpiya dünyası” qəzeti də diplomla tətif edildi.