Bir insan barəsində danışmaq istəyərkən, əvvəlcə onun gördüyü işlər və əmələr barəsində özümüzdə təsəvvür yaratmağa çalışırıq. Çalışırıq ki, onun yaşadığı ömürdən ən maraqlı və yadda qalan anlara diqqət yetirək. Əgər o anlar dəqiqələrlə, saatlarla və günlərlə əvəz olunursa, deməli o insan barəsində danışmağa və onun üçün "qızıl” vaxt itirməyə dəyər. Biz budəfəki yazımızda elə bir insan haqqında danışmaq istəyirik ki, o, bu həyatda çoxlarının fərqinə varmadığı düşüncələri ilə, gördüyü işlərlə, qazandığı uğurları ilə fərqlənib. Qısa ömür yaşayan qəhrəmanımız ömrün amansızlığına boyun əyməyərək, həyata hər zaman meydan oxuyub. Bu yerdə dahi rus yazıçısı Fyodr Dostoyevskinin bir fikri yerinə düşür: "Bilin ki, insanın dəyərini varlığı deyil, onun yoxluğu göstərir. Unutmayın ki, yoxluğu bir şey dəyişdirməyənin varlığı da gərəksizdir”
Bu yazımızın qəhrəmanı Vüqar Həşimovdur. O. Azərbaycan şahmatının ən tanınmış simalarından biridir. Fəqət Vüqar bu gün bizim aramızda deyil. Haqq dünyasına vaxtsız köçən şahmatçımız sağ ikən varlığı ilə yoxluğunu unutdurmayan bir şahmatçı olub. Biz və onun yaxınları bu gün də onu xatırlayırıq. Zaman keçəcək, illər ötəcək, amma Vüqar Həşimov hər zaman xatirələrdə yaşayacaq.
"Olimpiya dünyası” qəzeti Azərbaycan idmanını dünyada tanıdan hər bir idmançını olduğu kimi, lakin çoxlarının, necə deyərlər, tanımadığı tərzdə təqdim edir. Bu yazıda biz Akademiyanın fəaliyyəti ilə tanış olub, Vüqarın xatirəsini anmağa çalışdıq. Bizə onu xatırlamaqda Vüqarın valideynləri dəstək oldular. Bildirdilər ki, Akademiyanın açılması və buradakı fəaliyyət proqramı məhz mərhum şahmatçının arzuları üzərində qurulub.
"Fərdi dərslər olmasa şahmatçı inkişaf edə bilməz”
Əvvəlcə, Akademiya barəsində qısa məlumatı oxucularımıza çatdırmaq istəyirik. Vüqar Həşimov Şahmat Akademiyası 2016-cı il oktyabrın 1-dən fəaliyyət göstərir. Vüqar Həşimov adına Şahmat Fondu nəzdində yaradılmış bu Akademiyanın əsas məqsədi ölkədə şahmatın inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması, müxtəlif səviyyəli turnirlərin, habelə Azərbaycanın aparıcı şahmatçı və məşqçilərinin mühazirələrinin təşkil edilməsindən ibarətdir. Akademiyada ölkənin güclü şahmatçılarının yetişməsində zəhməti olan təcrübəli məşqçilər - Xanlar və Anar Allahverdiyevlər, Müşfiq Əsgərov uşaqlara şahmat idman növünün sirlərini öyrədirlər.
Bütün bunları yaxından öyrənmək üçün Vüqar Həşimov Akademiyasına baş çəkdik. Akademiyada bizi Vüqar Həşimovun atası, Vüqar Həşimov Fondunun təsisçisi, Əməkdar məşqçi Qasım Həşimov və mərhum şahmatçının anası, Akademiyasının direktoru Aidə Həşimova qarşıladı. Aidə xanım Akademiya haqqında məlumat verərək, bizi maraqlandıran sualları cavablandırdı. "Akademiyanın açılmasında əsas məqsədimiz Vüqar Həşimovun adını əbədiləşdirmək, onun arzularını həyata keçirmək, eyni zamanda istedadlı şahmatçıları üzə çıxarıb onları gələcəkdə Vüqarın davamçısı etməkdir. Hazırda Akademiyada 150-dən çox şagird şahmat idman növünün sirlərinə yiyələnir. Dərslər şagirdlərə 6 müəllim tərəfindən keçirilir. Şahmat dərsləri üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Dərslər monitorlar vasitəsi ilə proqramlarla tədris olunur. Dərslərin daha keyfiyyətli keçirilməsi üçün Rusiya və Belarusdan ən müasir proqramlar gətirmişik. Şahmat Akademiyasına qəbul əsasən 4 yaşından başlayır. Bəzən valideynlərin təkidi ilə üç yaşından da bir neçə uşaq götürmüşük. Hansı ki, həmin uşaqlar şahmatı qavraya bilirlər və şahmat taxtası arxasında oturmağı bacarırlar. Həmin uşaqlara həftədə üç dəfə dərs keçirilir. Müəyyən hazırlıqdan sonra uşaqların inkişafına uyğun olaraq onları başqa qruplara keçiririk. Bundan başqa xüsusi qruplarımız da var ki, onlarla müxtəlif müəllimlər məşğul olurlar. Fikrimcə, şahmatçı müəyyən qədər inkişaf etdikdən sonra onlara fərdi dərslər də lazımdır. Şahmat çox dərin bir sahədir. Bu incəliklərin hamısını təkcə qruplarda izah etmək mümkün deyil. Çünki fərdi dərslər olmasa şahmatçı inkişaf edə bilməz. Onu da deyim ki, bu gün qruplarda dərs səviyəsi çox yüksəkdir. Biri var vəziyyəti taxtanın üzərində düzərək izah edəsən, biri də var ki, vəziyəti monitorda dəyişəsən. Belə olan halda dərsin gedişatı da sürətli olur. Eyni zamanda uşaqların təcrübələrini artırmaq üçün ayda bir dəfə təsnifat və dərəcə yarışları keçiririk. Qısa müddət olmasına baxmayaraq, artıq 1-ci dərəcəyə qədər inkişaf etmiş şahmatçılarımız var. İkinci dərəcə alan şahmatçılarımız da çoxdur. Bu vaxt ərzində biz bir neçə beynəlxalq yarışlar da təşkil etmişik. Ötən il dekabrın 15-23-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı keçirdik. Festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqların qrupunda yarış, rapid və blits turnirlər keçirildi. Bu ilin dekabr ayında da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı, təsnifat turnirləri və reytinq turniri təşkil edəcəyik”, - deyə Aidə xanım bildirdi.
"Ustad dərslərinin keçirilməsi Vüqarın öz arzusu olub”
Söhbət zamanı onu da öyrəndik ki, Akademiyanın fəaliyyəti ərzində bir sıra tanınmış şahmatçılar burada olub, yeniyetmə və gənclərə bu növün sirləri barədə məlumatlar veriblər. Uşaqlar belə görüşlərdən sonra daha həvəslə şahmatla məşğul olur, böyük zirvələrə can atır, öyrəndikləri yeni ideya və variantlar onlara başqa sahələrdə öz töhfələrini verməyə şərait yaradır. Bundan başqa təcrübəli qrossmeysterlərlə ünsiyyət azyaşlıların inkişafına stimul verir. Ustad dərsləri uşaqların psixologiyasına təsir edir, onların fərdi düşünmək qabiliyyətini artırır. Elə Vüqar Həşimovun atası Qasım Həşimov da bunu təsdiq etdi. Onun sözlərinə görə hər mühazirə şahmatçı üçün bir pillə irəliləmək deməkdir. "Biz təkcə Akademiyada yox, ümumiyyətlə, Azərbaycanda güclü yeniyetmə şahmatçıların inkişafı üçün mühüm tədbirlər həyata keçiririk. Yığma komandamızın üzvləri də bu işdə bizə yaxından köməklik göstərirlər. Akademiyada təşkil etdiyimiz tədbirlərə beynəlxalq səviyyəli qrossmeysterlərimizi və məşqçilərimizi dəvət edirik. Onlar mütəmadi olaraq şahmatçılara seanslar, ustad dərsləri keçərək öz bilik və bacarıqlarını yeniyetmələrlə bölüşürlər. Belə seansları və ustad dərslərini rusiyalı qrossmeyster Sergey Karyakin, yığma komandamızın üzvləri Şəhriyar Məmmədyarov və Qədir Hüseynov, beynəlxalq qrossmeyster Rəşad Babayev keçib. Bizim növbəti görüşümüz dekabr ayında Rauf Məmmədovla olacaq. O da bu sahədə öz bacarıqlarını yeniyetmələrimizlə bölüşəcək və onlarla şahmata aid müzakirələr aparacaq. Tamamilə təmənnasız olan bu ustad dərslərinin məqsədi daha çox gənc şahmatçını cəlb etmək və onlara yeni biliklər aşılamaqdır. Bu bilikləri dünya şöhrətli şahmatçıların ustad dərsləri ilə yanaşı, onların oyunlarını izləməklə də mənimsəmək mümkündür. Şahmatçıların inkişafı üçün bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bir məsələni də qeyd edim ki, şahmatın Azərbaycanda inkişafı, xüsusilə ustad dərslərinin keçirilməsi Vüqarın öz arzusu olub. Vüqar Həşimov özü də vaxtilə çox seanslar keçirib. O, Bakıda və Gəncədə yeniyetmə və gənc şahmatçılarla mütəmadi olaraq görüşlər keçirir, öz biliklərini onlarla bölüşürdü. Vüqar həmçinin ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Dənizkənarı Bulvarda və Nərimanov rayonunda da seanslar verib. Onun ən böyük arzularından biri yeniyetmə uşaqları şahmata cəlb etmək, təcrübəsini onlara aşılamaq olub”, - deyə Qasım müəllim bildirdi.
"O, rəqibini həm psixoloji, həm də taktika baxımından
üstələməyi bacarmışdı”
Bildiyiniz kimi, buyaxınlarda şahmatçılarımız Yunanıstanın Krit adasında keçirilən üzrə Avropa komanda çempionatında qızıl medala layiq görülüblər. Komandamız bu qələbə ilə 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb. Belə ki, şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən Avropa çempionatlarında da qitənin ən güclüsü adına sahib çıxıblar. Millimiz ilk dəfə Avropa çempionu tituluna Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda layiq görülmüşdü. Yığmamız yarışın sonuncu turunda Hollandiya şahmatçılarına qalib gəlmişdi. Həmin oyunda komandamıza çempionluq sevincini yaşadan şahmatçı isə mərhum qrossmeysterimiz Vüqar Həşimov olmuşdu. Elə Vüqar Həşimovun atası Qasım Həşimov da bu tarixi qələbəni fəxrlə xatırlayır. Onun fikrincə, Azərbaycan komandasının indiki çempionluğunun təməlini Vüqar Həşimov qoyub. "Həmin yarış mənim xatirəmdə çox gözəl qalıb. Bütün partiyalar başa çatmışdı, təkcə Vüqar Həşimovla Daniel Stelvagenin partiyasından başqa. Hamı həyəcanla bu oyunun gedişatını izləyirdi. Komandamızın çempion olması məhz bu görüşdən asılı idi. Düzdür, görüş çox çətin keçdi. Lakin Vüqar sona qədər mübarizə apardı. O, rəqibini həm psixoloji, həm də taktika baxımından üstələməyi bacarmışdı. Bu həlledici qələbə komandamıza ilk Avropa çempionluğunu qazandırdı. Həmin yarışda komandamızın heyətində yer alan şahmatçılar çox gənc idi. Demək olar ki, onların 22-23 yaşları olardı. Bu gün artıq onlar böyük təcrübəyə malikdirlər. Mənim fikrimcə, 2009-cu ildəki qələbə ilə bu il əldə olunan qələbə arasında başqa bir fərqli cəhət də var. 2009-cu ildəki Avropa çempionatında Azərbaycanın öz yetirmələri iştirak edirdilər. Bu il isə komandamızın heyətində legioner şahmatçı var. Fikrimcə, Vüqar Həşimovu heç kim əvəz edə bilməz. Onun kimi şahmatçılar dünyaya nadir hallarda gəlirlər. Şahmatçılarımızı qələbə münasibəti ilə təbrik etdim. Komandanın üzvləri Bakıya gələndən sonra Vüqar Həşimovun məzarını ziyarət etdilər. Azərbaycan komandasının indiki çempionluğunun təməlini Vüqar Həşimov qoyub. Yığma komandanın üzvləri də bunu etiraf edirlər. Onlar qeyd edirlər ki, bizim bu günki qələbəmiz Vüqarın qələbəsidir. O, 2009-cu ildəki nəticə ilə bizə öyrətdi ki, çempion olmaq mümkündür. Bunun üçün heç nədən çəkinmək lazım deyil. Vüqar yeganə şahmatçı idi ki, özünün hazırladığı variantları, sirləri öz komanda yoldaşları ilə bölüşürdü”, - deyə Qasım Həşimov əlavə etdi.
"Vüqarda olan şahmatçı ruhunu, əzmini
heç bir şahmatçıda tapa bilmirəm”
Mərhum şahmatçımızın atası ilə söhbət zamanı bir sıra maraqlı məsələlər də diqqətimizi çəkdi. Öyrəndik ki, Şahmat Akademiyası öz unikallığı ilə fərqlənir. Belə bir şahmat məbədinin olması Azərbaycanda bu növün inkişafından və bu növə olan diqqətdən qaynaqlanır. "Bu məkanın varlığı dünyanın da diqqətini özünə çəkib. Belə ki, bu ilin aprel ayında Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Vüqar Həşimov Akademiyasında oldu. O, yeniyetmələrə şahmat oynadı, iş rejimimizlə, dərs prosesi ilə tanış oldu və öz tövsiyələrini verdi. Kirsan İlyumjinov Şahmat Akademiyasının fəaliyyətini çox bəyəndi və fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı. Qeyd edim ki, təkcə Bakıda yox, ümumiyyətlə, MDB ölkələrində də ikinci belə bir Şahmat Akademiyası yoxdur. Biz digər şahmat akademiyalarından və məktəblərindən təkcə, otaqların təmizliyinə, şəraitə görə yox, eyni zamanda keçirilən dərslərin keyfiyyətinə görə də fərqlənirik. Akademiyamızda dərslərin səviyyəsi və keyfiyyəti yüksəkdir. Müxtəlif proqramlarımız var ki, müəllimlərimiz onlardan istifadə edir, uşaqlara bu idman növünün sirlərini öyrədirlər. Belə məktəblər çox olsa şahmat ölkəmizdə daha da inkişaf edər.
Lakin bununla belə məni narahat edən məsələlər də var. Bunun əsas səbəbi Azərbaycanda Vüqar Həşimovun davamçısının, necə deyərlər, hələ görünməməsi ilə bağlıdır. Əgər belə bir şahmatçı olsa, biz ona hər zaman kömək etməyə hazırıq. Təəssüf ki, Vüqarda olan şahmatçı ruhunu, əzmini heç bir şahmatçıda tapa bilmirəm. Bu, bəlkə də heç vaxt olmayacaq. Çünki Vüqarda olan işgüzarlıq, həvəs, istedad, hissiyyat, alicənablıq və mədəniyyət hər şahmatçıda olmur. Amma çox istəyirəm ki, az da olsa ona yaxın olan bir şahmatçı yetişsin”, - deyə Qasım Həşimov əlavə edib.
"İnanıram ki, "Shamkir Chess” turniri
gələn il daha yüksək səviyyədə keçiriləcək”
Məlumdur ki, Vüqar Həşimovun vəfatından sonra "Synergy Group” tərəfindən Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi qərara alındı. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat turnirinə FİDE reytinqində ən üst sıralarda qərarlaşan qrossmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19-30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdi. Ümumilikdə 4 dəfə keçirilən bu turnirin qalibi iki dəfə Maqnus Karlsen (2014, 2015) və iki dəfə Şəhriyar Məmmədyarov (2016, 2017) olub. Gələn il "Shamkir Chess” turnirinin daha yüksək səviyyədə təşkil olunacağını deyən Qasım müəllim yarışda dünyanın 10 ən güclü qrossmeysterinin mübarizə aparacağını qeyd etdi: "Cənab Prezidentimiz Azərbaycan şahmatçılarını qəbul edərkən "Shamkir Chess” turniri barəsində danışaraq bu yarışın dünyanın ən elit turniri siyahısında olduğunu dedi. Bu turnir haqqında çox müsbət fikirlər, rəylər var. Gələn il həmin turnir 5-ci dəfə olaraq təşkil olunacaq. İnanıram ki, "Shamkir Chess” turniri gələn il daha yüksək səviyyədə keçiriləcək. Turnirin keçiriləcəyi tarix hələlik müəyyənləşməyib. Bu yarışda dünyanın ən güclü zəka sahibləri iştirak ediblər. Hətta Dünya şahmat tacının hazırki sahibi norveçli qrossmeyster də bu yarışda iki dəfə iştirak edib və qalib gəlib. Çalışacağıq ki, budəfəki yarışa ən güclü qrossmeysterləri Şəmkirə dəvət edək. Turnir Şəmkiri təkcə şahmat aləmində yox, ümumiyyətlə, dünyada çox tanıtdı. Hazırda Şəmkirə dünyanın şahmat mərkəzlərindən biri kimi baxırlar. Dünyada ikinci elə bir turnir yoxdur ki, şahmatçıları o səviyyədə qəbul etsin”.
"Braziliyada Vüqar Həşimovun adını
daşıyan komanda var”
Doğrudan da, Vüqar Həşimov istedadı, dərin zəkası ilə yanaşı, həm də alicənablığı ilə seçilirdi. Bütün bu müsbət keyfiyyətlərin Vüqarda cəmləşməsi dünya şahmat təşkilatları və qrossmeysterlər tərəfindən ona verilən qiymətdə də öz təsdiqini tapdı. Təsadüfi deyil ki, şahmat üzrə dünyanın ən nüfuzlu "Tata-Steel Masters” turnirinin 80-ci yubiley qarşılaşması zamanı qaliblər Vüqar Həşimovun adına təsis edilmiş "Fair Play” mükafatı ilə təltif olunacaqlar. Turnir gələn il yanvarın 12-28-də Hollandiyanın Veyk an Zee şəhərində keçiriləcək. Hələ 3 il əvvəl Vüqar Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan "Fair Play” mükafatı da ilk dəfə məhz Veyk an Zee şəhərində təşkil olunan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib. Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Yifan Hou, Pentala Harikrişna təltif olunublar. Qasım Həşimov Vüqarın şəxsiyyət kimi formalaşmasında şahmatın danılmaz rolu olduğunu vurğulayaraq dedi: "Ümumiyyətlə, Vüqar təkcə şahmatçı olmayıb. O, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət idi. O yaşda elm sahəsində hərtərəfli inkişaf etmək hər adama müəssər olmur. Vüqar yeganə qrossmeyster idi ki, dünya şahmatçılarının heç biri ilə pis münasibəti olmayıb. O, hər zaman öz alicənablığı ilə seçilib. Rusiyada, Amerikada və digər ölkələrdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirlər keçirilir. Bundan başqa Braziliyada Vüqar Həşimovun adını daşıyan komanda var ki, Braziliya çempionatında iştirak edir”.
"Çalışırıq ki, bu gün onun həyata keçirə
bilmədiyi arzularını reallaşdıraq”
Vüqar Həşimovun anası Aidə xanım bu gün də Vüqarın yarımçıq qalan arzularını həyata keçirdiklərini bildirdi: "Vüqar həmişə bizim yanımızdadır. Mən bu gün də Vüqarla nəfəs alıram. Biz hər gün Fəxri Xiyabana gedir, onun məzarını ziyarət edirik. O, bizimlədir. Çalışırıq ki, bu gün onun həyata keçirə bilmədiyi arzularını reallaşdıraq. Əsas məsələlərdən biri odur ki, Akademiyanın hazırki yeri icarə əsasındadır. Əgər Şahmat Akademiyası üçün daimi yer verilsə, onda Akademiyanın inkişafını daha yaxşı təşkil etmək olar. Vüqar Həşimovun qazandığı kuboklar, medallar, diplomlar hamısı bizim evdə qalıb. Akademiyada elə geniş yer yoxdur ki, onları burada yerləşdirək. İstəyirik ki, gələcəkdə Vüqar Həşimov muzeyini yaradaq və bir neçə kitablar çap edək. Vüqarın seçilmiş partiyaları, həyata keçirə bilmədiyi sirli gedişləri var ki, onların hamısı bu gün kompyuterdə qalıb. Onların hamısı bir gün işıq üzü görməlidir. Hesab edirəm ki, gələcəkdə bu məqsədlərə də nail olacağıq”.
Azər Əlizadə
P.S. Qeyd edək ki, beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb, FIDE Qran-pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi olub. O, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biri olub.