Atletimiz dünya birinciliyinin qalibi oldu

Atletimiz dünya birinciliyinin qalibi oldu


        Tunisin Hammamet şəhərində gənc taekvondoçular arasında keçirilən dünya birinciliyi başa çatıb. 120 ölkədən 962 idmançının iştirak etdiyi yarışda Azərbaycan taekvondoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 1 qızıl və 1 gümüş medala sahib olub. Millimizə ilk medalı təmsilçimiz Xanoğlan Kərimov qazandırıb. 51 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançımız Almaniya, Livan, Argentina və Türkiyə təmsilçilərinə qalib gələrək, yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizədə Çin Taypeyindən olan taekvondoçunu da mübarizədən kənarlaşdıran Xanoğlan həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olaraq, yarışı gümüş medalla başa vurub.
Yarışın üçüncü günündə Azərbaycan yığması daha bir medal qazanıb. Həmyerlimiz Cavad Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belə ki, 63 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ilk döyüşündə pakistanlı Əşrəf Əhmədə heç bir şans verməyib. O, rəqibini 29:6 hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci görüşündə amerikalı Xalfani Harris üzərində əzmkar qələbə qazanıb - 7:6. Cavad Ağayev ardınca koreyalı Ho-Jun Jini (17:11) və efiopiyalı Tariku Qirmanı (20:3) mübarizədən kənarlaşdırıb. Yarımfinala vəsiqə qazanan idmançımız növbəti mərhələdə Erfan Muradi (İran) ilə üz-üzə gəlib. Bu görüş də idmançımız üçün uğurlu olub (17:12) və o mərhələ adlayıb.
         Final qarşılaşması isə daha çətin keçib. İtaliyalı Qabriel Kaulo ilə qarşılaşan Cavad bu dəfə də qələbə seriyasını davam etdirib. Rəqibini 14:13 hesabı ilə məğlub edən həmyerlimiz dünya çempionu tituluna yiyələnib. O, bununla Kaulodan lisenziya yarışındakı məğlubiyyətin revanşını da alıb.
Beləliklə, millimiz yarışda bir qızıl və bir gümüş medala sahib çıxıb. Komandamız bu nəticə ilə dünya çempionatını 5-ci sırada tamamlayıb.
Qeyd edək ki, dünya birinciliyindən əvvəl Minayə Əkbərova (44 kq) Argentinada təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmuşdu.