Karateçilərimiz açıq Asiya kuboku yarışlarında uğur qazanıblar

Karateçilərimiz açıq Asiya kuboku yarışlarında uğur qazanıblar


Rusiyanın Barnaul şəhərində IV Əlbəyaxa Döyüş Olimpiadası və kosiki karate-do üzrə açıq Asiya kuboku yarışları keçirilib.
15 növ üzrə keçirilən olimpiadada kosiki karate yarışlarında 800 idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışda ölkəmizi 5 idmançı təmsil edib. Bunkay kumite üzrə komanda yarışlarında Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin kumite yarışlarında 18 yaşdan yuxarı karateçilərin mübarizəsində Renat Kuper gümüş medal qazanıb. 12-13 yaşlı qızların mübarizəsində Sevinc Mövsümzadə mötəbər yarışı birinci pillədə başa vurub.
Kata yarışlarında 12-13 yaşlı karateçilərin mübarizəsində Sevinc Mövsümzadə bir daha fərqlənərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 14-15 yaşlı idmançıların mübarizəsində isə Alina Bərziqyarova ikinci olub.
Kişilərin kata yarışlarında Nazim Mövsümzadə qızıl, Ruslan Bərziqyar gümüş, Renat Kuper isə "kiçik bürünc” medala sahib olublar.
Qeyd edək ki, olimpiadada ümumilikdə 3500-dən artıq idmançı, kosiki karate-do üzrə açıq Asiya kuboku yarışlarında isə 10 ölkədən atletlər birincilik uğrunda mübarizə aparıblar.