Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olmuş qazilərdən, Aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib.
Azad Rəhimov, nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək, ölkə rəhbəri tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da bu sahənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Nazir vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışarkən, "Şahinlər”, "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, "Hünər”, "Tarixin canlı səhifələri” və digər layihələr gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsində rolundan danışıb.
Azad Rəhimov yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün orta və ali təhsil müəssələrində qazilər və Aprel döyüşlərinin iştirakçıları ilə görüşlərin təşkil edilməsini təklif edib.
Görüşün sonunda Türkiyədə səfərdə olmuş qazilərdən, Aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin üzvləri gənclər və idman nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.