"Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir”.
Heydər Əliyev
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir və təbii ki, hər bir dövlətin missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev məktəbinin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
2014-cü ildə yaradılan Bilik Fondu da ölkənin gənclər siyasətinin qarşıya qoyduğu məqsəd və vəzifələrin icra edilməsində səmərəli fəaliyyət göstərən qurumlardan biridir. "Olimpiya dünyası” olaraq qurumun fəaliyyəti, uşaq və gənclərlə bağlı gördüyü işlərlə ətraflı tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər namizədi, dosent Oktay Səmədovla görüşməyi qərara aldıq. Oktay müəllim fondun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, gələcək planlardan danışdı.
- Oktay müəllim, rəhbərlik etdiyiniz Bilik Fondunun maarifləndirici fəaliyyəti cəmiyyətimiz tərəfindən müsbət dəyərləndirilir. Bir çox maraqlı və faydalı layihələrə imza atmısınız. Fond uşaq və gənclərlə bağlı daha hansı tədbirlər həyata keçirməyi planlaşdırır?
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədi maarifləndirmə, elmi biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin əhaliyə çatdırılmasıdır. Uşaqlar, yeniyetmələr və gənclər Bilik Fonunun bu istiqamətdə həyata keçirdiyi layihələrin ünvanlandığı əsas təbəqədir. Maarifləndirmə işi elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar sahələrdə aparılır. Fondun maarifləndirici proqramlarından, "Qardaşlaşmış məktəblər”, "Dünya elmi Azərbaycanda”, "Vətənin pərvəri ol!”, "Yazmağı bacaracaqsan”, "Vətən mənə oğul desə...”, "İmzalı görüş”, "Gənclikdən soraq”, "Cümhuriyyət tariximiz - qürurumuzdur” kimi layihələrindən, Qax, Oğuz, Şəmkir, Nardaran, Astara, Tərtər, İsmayıllı, Ağstafa və Ağdaşda fəaliyyət göstərən Bilik Evlərindəki təlim kursları və dərnəklərdən minlərlə gənc faydalanır.
Ali məktəb tələbələrinin istehsalat təcrübəsinin Bilik Fondunda təşkili artıq ənənəyə çevrilib və bu günə kimi 90 tələbə təcrübəni məhz Fondda keçib. Bilik Fondu yeniyetmə və gənclərin iştirakı ilə dəfələrlə respublika səviyyəli və beynəlxalq elmi konfranslar və dəyirmi masalar, bilik yarışları və yaradıcılıq müsabiqələri, sərgilər və təqdimatlar keçirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə sahib çıxması, onların elmi biliklərinin artırılması, sağlam həyat tərzinə sövq edilməsi ilə bağlı müxtəlif mövzularda alim və tədqiqatçıların, tanınmış ziyalıların mühazirə və təlimləri təşkil edilib. 2014-cü ildən başlayaraq hər il 15 sentyabr - Bilik günündə orta və ali təhsil müəssisələrində Bilik Fondunun bir dərs saatı keçirilir. Bu ilin Bilik günündə gənclərimiz üçün "Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirələr təşkil etmək niyyətindəyik.
Qarşıdan gələn yeni tədris ilində orta-ixtisas və ali məktəb tələbələrini bir araya gətirən "Bilik körpüsü” və dövlət dilimizin geniş təbliğinə yönəlmiş "Dilimiz - sərvətimizdir” layihələrinin icrasına başlanılacaq. Fondun nəzdində yaradılmış "Tariximizi öyrənək və öyrədək”, "Gənc jurnalistlər”, "Diplomatlar” kimi gənclər klublarında da yeniliklər gözlənilir. Bundan başqa, "Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi yadda qalacaq cari ilin sonunda AMEA ilə birgə magistrlərin I Beynəlxalq Elmi Konfransının təşkilini planlaşdırmışıq.
Bilik Fondu mühüm və əhəmiyyətli layihələr həyata keçirir
- Fondun həyata keçirdiyi ilk layihələri barədə nə deyə bilərsiniz?
- Bilik Fondunun ilk həyata keçirdiyi layihə "Dini abidələrdə tarixin izləri” oldu. Bu layihəyə əsasən, Bərdəki İmamzadə Kompleksində qəbirüstü yazılar, daş kitabələr alimlərimiz tərəfindən oxundu, dilimizə tərcümə edildi. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının alimləri cəlb edildi. Layihəyə Bərdədə yaşayan gəncləri də cəlb etdik. "Qardaşlaşmış məktəblər” layihəsi isə ikinci işimiz oldu. Məqsəd müxtəlif regionlardan olan məktəblilər arasında bilik "körpüsü”nün təşkil edilməsi, onların biri-biri ilə dostluq münasibətlərinin yaradılması idi. Maraqlıdır ki, Xəzərin sahilində yerləşən Bakı məktəblisi uzaq dağ rayonunda ucqar kənd məktəbində qonaq olur, buranın təbiəti, tarixi barədə bilik əldə edir. Layihə çərçivəsində məktəblilər arasında intellektual oyunlar, idman yarışları təşkil edirik. Bu da təbii ki, onların arasında dostluq münasibətlərinin yaranmasında böyük rol oynayır. Qeyd edim ki, bu layihədə ümumilikdə, indiyədək 60 orta məktəb, o cümlədən Rusiya, Türkiyə və Gürcüstan məktəbləri də iştirak edib.
Ölkə rəhbərinin şəxsi təşəbbüsü ilə rellaşdırılan "Ölkəmizi tanıyaq” lahiyəsi cəmiyyətdə böyük maraqla qarşılanır. Bu layihə təhsil prosesinə mane olmamaq üçün məktəblilərin tətil günlərində həyata keçirilir. Bir bölgənin uşaq və gəncləri digər bölgəyə səfər də olur və həmin bölgənin tarixi, mədəniyyəti ilə tanış olmaq imkanı əldə edirlər. Məhz "Ölkəmizi tanıyaq” bizi "Qardaşlaşmış məktəblər” layihəsinin icrasına həvəsləndirdi.
"Şagirdlər ölkənin idman həyatı barədə məlumatlı olmalıdırlar”
- Necə düşünürsünüz, orta məktəblərdə idmanın tədrisinə kifayət qədər vaxt ayrılırmı?
- Orta məktəblərdə fiziki tərbiyə dərsləri dövrün tələbinə uyğun olaraq fəal aparılmalıdır. Fiziki tərbiyə müəllimi dərs vaxtı şagirdləri müxtəlif növ idman oyunlarına cəlb etməklə yanaşı, onlara ölkənin idman həyatında baş verən yeniliklər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat versə, çox faydalı olar. Şagird idman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişaf etdiyi ölkədə Olimpiya, dünya və Avropa çempionları, yaxud da, paytaxt və bölgələrdə istifadəyə verilən Olimpiya idman kompleksləri barədə niyə də bilməsin?! Ümumiyyətlə, orta məktəb şagirdləri Azərbaycanda idmanın inkişaf tarixi barədə məlumatlı olmalıdırlar. Ölkənin tanınmış idmançıları, idman xadimləri ilə mütamadi görüşlərin təşkil edilməsi gənc nəslin idman ruhunu artırmış olar. Bunun üçün idman müəllimi özü də yüksək təfəkkürə malik, kreativ düşüncəli ziyalı olmalıdır.
Düşünürəm ki, orta məktəblərdə kütləvi idman tədbirlərinin tətil vaxtı təşkili barədə də düşünməliyik. Fiziki tərbiyə, idman üçün əlverişli vaxt elə yay mövsümüdür. Bu vaxtdan səmərəli istifadə etmək lazımdır. Avropada bu mövsümdə idman yarışlarına köklənmiş yay məktəbləri fəaliyyət göstərir.
- Necə düşünürsünüz, bilik dünyanı xilas edəcəkmi?
- Əsrlər boyu insanlar ərazi, mal-sərvət uğrunda biri-biri ilə müharibə aparıblar, indi də aparırlar. Düşünürəm ki, bunların əsasında savadsızlıq, cahillik durur. Daim inkişaf edən elmi-texniki tərəqqinin nailiyyətləri insanlara qarşı deyil, onların rifahının yaxşılaşdırılmasına yönəldilsə, dünyamızda əmin-amanlıq olardı. Elmin inkişafı nəcib əməllərə xidmət etməlidir.
-Uşaqlar üçün nəşr edilən kitablar barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, bir çox hallarda uşaq kitablarının nə tərtibatı, nə də məzmunu bu günün tələblərinə cavab vermir. Kitablar uşaqların diqqətini cəlb etməli, onları maraqlandırmalıdır. Kitab həyatda olanları, baş verənləri dolğunluğu ilə əks etdirməlidir. Acınacaqlı faktdır ki, maarifləndirmə baxımından elmi-kütləvi kitablar az nəşr olunur. Elmi-kütləvi kitabların orta məktəblərdə təbliği şagirdlərin biliklənməsi üçün çox vacidbir.
- Milli və mənəvi dəyərlərimiz necə qorunur?
- Azərbaycan xalqı həm ağsaqqala hörməti, kiçiyə qayğıkeşliyi, həm də qonaqpərvərliyi ilə həmişə seçilib, tanınıb. Dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəslə ötürülməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ailə dəyərlərinin qorunması, nikahın davamlılığı mühüm şərtdir. Çünki ailə kiçik dövlətdir və onu nəyin bahasına olursa olsun qorumaq lazımdır.
"Bugünümüzün gəncləri qüdrətli dövlətin vətəndaşlarıdırlar”
- 1980-ci illərdən tələbə gənclərlə işləyirsiniz. Necə düşünürsünüz, o zamanın gəncləri ilə müasir dövrün gəncləri arasındakı fərq, ümumiyyətlə, müsbət və mənfi dəyişikliklər nədən ibarətdir?
- 1986-cı ildə Moskva şəhərində Pedaqoji Elmlər Akademiyasının aspiranturasını bitirib ali məktəbdə - M.F.Axundova adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləməyə başladım. Burada müəllim, baş müəllim, dosent, şöbə müdiri, elmi katib, prorektor vəzifələrində çalışmışam. Daim gənclərlə ünsiyyətdə olmuşam. Onların istəkləri, qayğıları və problemləri mənə çox tanışdır. 90-cı illərin əvvəlləri xüsusilə çətin dövr idi. Gənclərə xüsusi həssaslıqla yanaşmaq tələb olunurdu. Ölkədəki ictimai-siyasi vəziyyət gənclərə də öz təsirini göstərirdi.
Əlbəttə, o zamanın və müasir dövrün gəncləri arasında böyük fərq var. Bu günümüzün gəncləri 80-ci illərin gənclərindən fərqli olaraq, müstəqil, güclü iqtisadiyyata malik, milli-mənəvi dəyərlərinə sahib çıxaraq beynəlxalq aləmdə tanınan qüdrətli bir dövlətin vətəndaşlarıdırlar. Müasir dövrün gəncləri dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Ölkəmizdə onların təhsil almaları, savadlı və bilikli, peşəkar mütəxəssis kimi yetişmələri, xalqa və dövlətə sadiq vətəndaş kimi formalaşmaları üçün hər şərait yaradılıb. Yetər ki, gənc nəsil bu şəraitdən düzgün və dolğun şəkildə istifadə etməyi bacarsın. Müstəqil dövlətin vətəndaşı olaraq müstəqil həyata qədəm qoyan hər bir gəncin şüuruna bu fikir daim hakim kəsilməlidir: "Azərbaycanın sabahı mənimlə açılır”. Özündə gənclik ruhunu yaşatmaq istəyənlər, elə yaşlaşdığı dövrdə də, bu fikirdən uzaq düşməməlidirlər.
- Bu gün gənc nəslin tərbiyə və təhsili məsələsində sizi qane edən və etməyən nədir?
- Dünyada baş verən bir çox hadisələrə ikili standartlarla yanaşmanın mövcud olduğu, ümumbəşəri və əxlaqi dəyərlərin müəyyən dərəcədə itirildiyi, elmi-texniki tərəqqinin məhsulu olan informasiya bolluğunda müəyyən çətinliklər yaşandığı müasir dövrümüzdə gənc nəslin təlim və tərbiyəsində ciddi problemlərlə üzləşməli oluruq. Bu problemlər tamhüquqlu ölkə vətəndaşı kimi formalaşma dövrünü keçən yeniyetmə və gənclərin həm tərbiyəsinə, həm də təhsilinə, sözsüz ki, təsir göstərir. Bu, qaçılmazdır. Yalnız təsirin gücünü zəiflətmək mümkündür. Gənc nəsil vakuumda yetişdirilmir: ətraf ictimai-siyasi, sosial-iqtisadi,elmi-mədəni, hətta ekoloji mühit təlim və tərbiyə prosesinə öz müsbət və ya mənfi təsirini göstərməkdədir.
Müasir Azərbaycan cəmiyyətində bu istiqamətdə mühüm işlər görülür. Azərbaycan Respublikası Prezidentinin gənclərin təlim və tərbiyəsinə, təhsilinə və məşğulluğuna göstərdiyi yüksək diqqət və qayğı, Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafında xüsusi əhəmiyyət kəsb edən layihələri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən tədbirlər buna bariz nümunədir.

Gənclərin layiqli vətəndaş və ləyaqətli şəxsiyyət kimi tərbiyə olunmaları, yüksək səviyyədə təhsil almaları istiqamətində dövlət tərəfindən atılan uğurlu addımlar göz qabağındadır. Son illər ərzində inşa edilən, əsaslı təmir edilib istifadəyə verilən məktəblərin sayına görə Azərbaycanla müqayisə edilə biləcək ölkə varmı?! Bütün bölgələr əhatə olunmaqla, Gənclər evlərinin, Olimpiya idman komplekslərinin, uşaq və gənclər yaradıcılıq mərkəzlərinin sayı kifayət qədərdir. Gənclərin bilik və bacarıqlarını, istedadlarını, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün münbit şərait yaradılıb. Bizə, övlad tərbiyəsi ilə məşğul olan valideynlərə, yeniyetmə və gənclərimizə təhsil verən müəllimlərə, gənc nəslin inkişafında böyük təsir gücünə malik ziyalılarımıza sabah xalqımızı və ölkəmizi etibar edəcəyimiz gənclərimizə yalnız düzgün istiqamət vermək gərəkdir.
Bağça tərbiyəçiləri və məktəb müəllimlərinin peşəkar və müasir zamanın tələblərinə uyğun hazırlığına, uşaqlarımıza əxlaqi keyfiyyətlərin aşılanması yollarının daha məzmunlu və rəngarəng olmasına, hər bir gəncin dövlətimizin insan kapitalının ayrılmaz tərkib hissəsi olduğunun onlara dərk etdirilməsinə, gənclərin şüurunda "biliklisənsə - güclüsən” anlamının möhkəmlənməsinə, hər bir gəncin ailəsinə bağlı, xalqına etibarlı, ölkəsinə gərəkli, dövlətinə sadiq vətəndaş kimi formalaşması naminə bütün imkanların səfərbər edilməsinə xüsusi diqqət ayırmalıyıq.
"Dövlətə sədaqətlə xidmət etməliyik”
- İki övladınız var. Onların tərbiyəsində əsas hansı cəhətlərə xüsusi diqqət yetirmisiniz?
- Övladın atası vasitəsilə tanınması dövrünü adlamışam, indi oğullarım vasitəsilə tanınmaq dövründəyəm. Bununla da həyat mövqeyim izah olunur: övladlarımın hər bir cəhətdən məndən üstün olmalarını istərdim.
Ailədə qarşılıqlı hörmət, insanlarla münasibətdə səmimilik, qayğıkeşlik, işində səliqə-səhman, yüksək məsuliyyət daha çox diqqət yetirdiyim keyfiyyətlərdir. Övladlarıma da bu keyfiyyətləri təlqin etməyə çalışmışam.
- Ölkəmiz müharibə şəraitində yaşayır. Belə vəziyyətdə bizdən, xüsusilə də gənclərdən nə tələb olunur?
- Ölkəmiz üçün ağır şəraitdə bir şəxsiyyət kimi savab əməl və niyyət saflığı nümayiş etdirməli, bir vətəndaş kimi dövlətə sədaqətlə xidmət etməliyik. Belə bir dövrdə şagird və ya tələbənin borcu isə dərslərinə can yandırmaq, çalışqan, fəal olmaqdır. Bu Vətən hamımızındır və hər birimiz ona vətəndaşlıq borcumuzu ödəməliyik.
- Hansı təşkilatlarla sıx əməkdaşlıq edirsiniz? Gənclər və İdman idarələri ilə əlaqələr necə qurulub?
- Bilik Fondu yarandığı gündən bir çox müəssisə və təşkilatlarla əməkdaşlıq edir. İndiyədək 50-dən çox təşkilatla əməkdaşlığa dair rəsmi sənəd imzalanmışdır. AMEA institutları və ali məktəblər, nazirliklər və komitələr Fondu mühazirəçilərlə təmin edir, orta təhsil müəssisələrinin əməkdaşları Bilik Evlərində fəaliyyət göstərən təlim kursları və dərnəklərə cəlb olunurlar, elm və tədris mərkəzləri bir cox konfranslarda və dəyirmi masalarda təşkilatçı qismində çıxış edirlər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Tibb Universiteti "Tibbi maarifləndirmə”, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın müvafiq qurumları "İqtisadi maarifləndirmə”, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, AMEA-nın Fəlsəfə, Hüquq və İnsan Haqları institutları "Hüquqi maarifləndirmə”, Milli Kitabxana və Akademiyanın Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Yazıçılar Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Mədəni maarifləndirmə”, şəhər və rayonların yerli İcra Hakimiyyəti orqanları və Heydər Əliyev Mərkəzləri "İdeoloji, sosial və elmi maarifləndirmə” proqramları üzrə müxtəlif layihələrin icrasında Bilik Fonduna yaxından köməklik göstərirlər.
Bakıda yerləşən rayonların gənclər və idman idarələri idmanın və sağlam həyat tərzinin təbliği istiqamətində keçirilən tədbirlərin təşkilində fəal iştirak edirlər. Son dövrdə I Avropa Oyunları, Formula-1 yarışları, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Fond tərəfindən keçirilmiş təqdimatlarda bu qurumlarla əməkdaşlıq xüsusilə faydalı olmuşdur.
- Fond ölkə rəhbərinin göstərişi ilə bərpa olunmuş Cocuq Mərcanlı kəndində dəfələrlə olub. Bu barədə nə deyə bilərsiniz?
- Əzəli torpaqlarımıza böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlıya hər bir səfərimiz unudulmazdır. Kənd əhalisinin əzmkarlığı və nikbinliyi, yerli məktəblilərin təhsilə meylliliyi və çalışqanlığı bizi, yol yoldaşlarımız olan alimlərimizi hər dəfə sevindirib və ruhlandırıb. Kənd məktəbinə 1000-dən çox kitab hədiyyə etmişik. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirdiyimiz Beynəlxalq Şagird Konfransı kimi böyük elmi tədbirdə kiçik Cocuq Mərcanlı məktəbi də layiqincə təmsil olunub. Və bu, hələ başlanğıcdır. Əminik ki, işğaldan azad olunan hər kəndin azyaşlı sakini gələcəkdə böyük uğurlara imza atacaq.
- Necə düşünürsünüz, uğurun əsasında duran əsas amillər hansılardır?
- Zəka - zəhmət, əqidə, kamillik və aqillik.
- Sonuncu mütaliə etdiyiniz kitab?
- Tanınmış fransız yazıçısı Bernard Verberin "Nisbi və mütləq biliklər ensiklopediyası”.
- Hobbiniz varmı?
- Mütaliə.
- Müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
- Bir vaxtlar dərs dediyim tələbəmin 30 ildən sonra məndən "Olimpiya dünyası” qəzetinin əməkdaşı kimi müsahibə alması çox xoş oldu. Mən də öz növbəmdə ölkədə idman, Olimpiya Hərəkatının inkişafı və təbliğində öz dəsti-xətti olan qəzetinizə yaradıcılıq uğurları arzu edirəm.
P.S. Oktay müəllimi çoxdan, tələbəlik illərindən tanıyıram. Səmimiliyi, obyektivliyi, tələbkarlığı ilə hər bir tələbənin hörmətini qazanmış, sevilən pedaqoqlarımızdan idi. Tale elə gətirib ki, Oktay müəllimlə təsadüfən dəfələrlə rastlaşmışıq. Növbəti və özü də xoş təsadüfi görüşümüz Azərbaycan Milli Mətbuatının 143 illik yubileyi münasibətilə KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində oldu. Mərasimdə qalib diplomunu Oktay müəllimin təqdim etməsi ikiqat qürürverici idi.
Oktay müəllim demişkən, həyatımız təsadüflərlə doludur. Təki həyatımız təsadüfi olmasın...
Səadət Hakıyeva