"Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük və düşünməliyik”
İlham Əliyev
Mən Vətənimi çox sevirəm, hər kəsdən, hər şeydən çox. Mən bayrağımı çox sevirəm, o mənim şərəfim, qürür mənbəyimdir, yüksəyə qalxanda titrəyən ürək tellərimdir. Mən bayrağımı çox sevirəm, susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. Mən ölkəmi çox sevirəm, işığa həsrət qalan göz işıq sevən kimi. Bayrağım varsa, demək, mən də varam.
Mən bayrağımı, vətənimi tanrım kimi sevirəm, təmənnasız, əbədi, saf sevgi ilə. Vətən sevgisi bütün sevgilərdən üstündür, əzəldir, özəldir. Çürüyüb torpağına qarışmaq istəyirəm, Vətən!. Qoynunda yer ver, bağrına bas bizi, əlinlə tumar çək dərddən ağarmış saçlarımıza, məlhəm ol, köz bağlamış yaralarımıza. Azərbaycanın hər bir qarışı Vətəndir, amma doğulduğun, havasını ciyərlərinə çəkdiyin, qoxusu burnunda tütüyən el-oba bir ayrıdır. Çox şirindir və onun şirinliyini ayrı düşəndən sonra daha yaxşı anlayırsan.
Ana südü qədər şirin, ana qucağı tək isti…
Dahi şairimiz Səməd Vurğun demişkən: "Vətən müqəddəsdir, Vətən pakdır. Vətən ülvidir. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir”. Türkiyədə doğulub Misirdə torpağa tapşırılan yunan yazıçısı Lukian isə deyir: "Vətəndən əziz heç bir şey yoxdur”. Romalı natiq, filosof, siyasi xadim Markus Siseron yalnız vətənin rifahı üçün yaşadığını dilə gətirir: "Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam”. Rusiyalı demokrat, materialist filosof Nikolay Çernışevski insanı ləyaqətini onun vətənpərvərliyinə bərabər tutur: "İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür”.
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz səddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik (Bəxtiyar Vahabzadə).
Şərqdə "ilklər” yazan dogma Azərbaycanım!
Tanrının gözəl əli bizə bəxş etdiyi Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə çox zəngindir. Vətənimin itib-tükənməyən "qara qızıl”ı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, zirvəsi ağ örpəkli dağları, zümrüd kimi yaşıl meşələri, sərin, şəfalı yaylaqları hər kəsi heyrətə gətirir, üzdəniraq qonşularımızı isə narahat edir. Azərbaycan Odlar diyarı, hər qarışı uğrunda şəhidlər verən milyonların ana yurdudur! Bu yurdun övladları olan biz azərbaycanlılar isə tarixin kəhkaşanlı döyüş səhnəsində qalib gəlmiş, məğlubedilməz qəhrəmanlar nəslinin yetirmələriyik. Azərbaycan ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin, İkinci Dünya Müharibəsinin qələbəsində mühüm rol oynayan qırıcı təyyarələr üçün keyfiyyətli yüksək oktanlı benzin kəşf edən akademik Yusif Məmmədəliyevin, dünya elminin inqilabı hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyan "Z-çevirmə” nəzəriyyəsinin banisi Lütfi Zadənin vətənidir. Biz həmin o azərbaycanlılarıq ki, dünya ədəbiyyatı xəzinəsinə Nizami, Füzuli, Sabir, Mirzə Cəlil və adları saydıqca bitib tükənmək bilməyən dahilər, sənət adamları bəxş etmişik.
XX əsrdə taleyinə iki dəfə müstəqillik zəfərini qeyd etmək yazılmış Azərbaycan zamanın onun üçün hazırladığı çətin və mürəkkəb sınaqlardan üzüağ çıxmağı bacarıb. Həmin əsrdə Şərqdə ilk demokratik respublikanın memarı və yaradıcısı məhz Azərbaycan xalqı olub. Müsəlman şərqində sivilzasiya mənbəyi kimi ilk dram (1850, "Hekayəti-Molla Ibrahimxəlil kimyagər"), ilk teatr (1873, Azdrama), ilk opera (1907, "Leyli və Məcnun”), ilk cümhuriyyət (28 may, 1918-ci il), ilk çoxpartiyalı demokratik sistem, ilk dəfə qadınlara seçki hüququnun verilməsi məhz bizim ölkədə reallaşıb. İlklər hətta sovet hakimiyyəti dövründə davam edib - ilk balet (1940, "Qız qalası), ilk TV (1956, AzTV), SSRİ məkanında ən böyük azadlıq hərəkatı (1988-1990), SSRİ respublikaları arasında ilk olaraq suverenliyin bərpası (23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul edib). Vətənimiz daha bir ilkə - dünyada ilk Avropa Oyunlarının təşkilinə 2015-ci ildə imza atıb və Azərbaycan ilklər yazmaqda davam edəcək!
Xalqın müdrik xilaskarı
Müstəqillik dövrü Azərbaycan xalqının tarixində şanlı səhifələrdən olsa da, həmin dövr eyni zamanda Ermənistanın təcavüzü nəticəsində tökülən qanlarla, qırğınlarla, faciələrlə ən ağrılı tariximiz kimi yaddaşlarda həkk olundu. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev tezliklə ölkədəki ağır vəziyyəti nəzarətə götürdü, ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycan xalqı müdrik rəhbəri ilə birlikdə dahilərin: "Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir” məfhumunu təsdiq etməyi bacardı. Milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan Azərbaycan milləti, xalqı böyükdür, əzəmətlidir və var olmağa layiqdir. Tarix göstərdi ki, Azərbaycanın XX əsrin ikinci yarısını əhatə edən tarixinə öz möhürünü vurmuş, ölkəmizə üst-üstə 23 il rəhbərlik etmiş Heydər Əliyevin dahi şəxsiyyət, müdrik siyasətçi, alovlu vətənpərvər kimi xalqımızın tarixində rolu çox böyükdür.
Zəfər, "zəfər mənimdir” deyə bilənindir
Canına yağı dadanmış xalqımız əsrlərdir zorla cəlb edildiyi bəladan qurtula bilmir. Bu xalq əsrlərdir axşamlarının harda düşdüyünü, sabahlarının nə zaman açıldığını unudub. Hər bir xalq kimi biz də zəfər qazanmağı çox sevirik. Çünki zəfərə, qələbəyə təşnədir səngərlərdə oğullarını qurban verən atalar, analar...
Zəfər iradə və güclü mənəviyyatdan ibarətdir. Müharibə bütün arzuolunmaz tərəfləri ilə bərabər həm də, bir millətin genetik xarakterinin, bütünlüyünün, mənəviyyatının nümayişidir. Çünki insanlar savaşa tək deyil, toplum halında girir. Yurd, vətən, torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Bunların bütövləşməsində yurd anlayışı mahiyyətcə mənəviləşir və üzərində yaşayan xalqın milli psixologiyasını, əxlaqını və mədəniyyətini yaradır. Mədəniyyəti coğrafi tutarından çox-çox böyük olan Azərbaycan xalqının savaş mədəniyyəti də özünəməxsusdur, tolerantdır.
Azərbaycan xalqı bu 30 illik bir zamanda kimsənin torpağına, gəlirinə tamah salmadan, sadəcə, ona aid olan vətənini, yurdunu, uğrunda şəhid verdiyi torpağını düşməndən azad etmək, yurdunu terror yuvasından, narkotik ticarəti paliqonundan, tarixini, mədəniyyətini barbarcasına məhvedilmədən qurtarmaq istəyir. Bu haqq uğrunda nə "günəşlərimiz” söndü və sönməkdə davam edir...
Fikrimcə, üstün əxlaqın formalaşmasında, yurd sevdasının içimizdə körüklənməsində Milli qəhrəmanımız Mübariz İbrahimovun cihadı və onun nəşini xilas etmək üçün müqəddəs yola çıxan Fərid Əhmədovun qəhrəmanlığı böyük məktəb olmuşdur. Gəncliyimiz bu qəhrəmanlığı bədii əsərlərdən oxuyub, kinolardan öyrənmədi, həyatında gördü, müasiri oldu. Mübarizin cihadı xalqımızın, xüsusən, gəncliyimizin közərən ümidlərını alovlandırdı, özünəgüvəni, mənəviyyatını, korşalmış ruhunu toxum kimi təzədən cücərtdi, həm də zəfərə inamsızlıq yarasını sarıdı, sağaltdı. Mübariz millətinə mesaj verdi: "Zəfər, zəfər mənimdir” deyə bilənindir. Mən bu torpağa zəfərə inamın toxumunu əkdim, qanımla suvardım, onu cücərdin, böyüdün!”. Və biz Aprel döyüşlərində Raquf Orucovun, Qabil Orucəliyevin, Murad Mirzəyevin, Samit İmanovun və yüzə yaxın övladlarımızın şəhid düşdüyü torpaqda düşmənə yenildiyini qəbul etdirib, "Zəfər bizimdir” deyə bildik.
Biz uzun zamandır zəfər sevinci yaşamamışdıq, zəfərə, qələbəyə tamarzı idik. Aprel döyüşlərində Azərbaycan oğulları qanlarıyla bu qüruru, güvəni bizə yaşatmaqla bərabər, zəfərin gül bağçasından deyil, savaşa girən toplumun zehniyyətindən, iradəsindən və arxa cəbhə ilə ön cəbhənin eyni vaxtda nəfəs ala bilməsindən keçdiyini öyrətdilər, qələbə öncə düşüncədə, sonra meydanda çalınır, dedilər.
Kəndimiz bərpa olunana qədər 23 il Cocuq Mərcanlıda 7 nəfər ailə üzvü ilə birlikdə tək yaşayan bibim oğlu Oktay Həziyev Aprel döyüşlərində əsgərlərimizin qəhrəmanlığı, vətənpərvərliyi haqqında həyəcansız danışa bilmir: "Ordumuz misilsiz rəşadət göstərirdi. Əsgərlərimiz mənəvi-psixoloji cəhətdən o qədər güclü idilər ki, adamın həyəcandan sanki ürəyi yerindən çıxacaqdı. Zabitlərimiz əsgərlərə nümunə olaraq öndə gedir, sinələrini sipər edirdilər. Qəhrəman əsgər və zabitlərimiz bu dördgünlük müharibədə şanlı tarix yazdılar”.
Hamımız tez-tez vacibliyi vurğulanan "Vətəni sevmək, vətəni qorumaq” kimi ifadələr eşidirik. Əlbəttə, "Vətəni sevmək imandandır” buyurmuş müqəddəs Peyğəmbərimiz. Amma vətən məhəbbəti vətənə qarşı olan sevgi etirafı ilə kifayətlənmir. Türk torpağının övladı Midhad Camal Quntayın dediyi kimi:
Bayraqları bayraq yapan üstündəki qandır;
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!
Hər bir azərbaycanlının ən böyük arzusu vətən torpaqlarının işğaldan azad edilməsini görməkdir. Qüdrətli, qüvvətli ordumuzun azğın, xəyanətkar düşmənə öz yerini göstərəcəyinə, torpaq uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağına inamımız böyükdür. Hər birimiz vətənə xidmət edirik. Bu vətən mənim, sənin, onun, hamımızındır. Hər kəs vətən üçün, onun azadlığı, müstəqillyi üçün müsəlləh əsgərfir. Amalımız, qayəmiz, vətən qarşısında borcumuz Azərbaycanın müstəqilliyi və parçalanmaması uğrunda birləşmək, həmrəy olmaqdır. Hamımızın tamarzı olduğumuz bir gün var - QƏLƏBƏ GÜNÜ! O gün tezliklə gələcək. Qələbə günü nidası qisas borcu boynunda qalan, qələbə haqqına sahib çıxacaq azərbaycanlıların zəfər gününədək yaşam himnidir! Qarabağın işğal dövrü var, amma işğal ömrü heç vaxt olmayacaq!!!.
Azərbaycan hərb yolu ilə Qarabağ məsələsini həll etmək istəsə, buna mütləq nail olacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistanla müqayisədə bunu deməyə əsas verir. İqdisadi üstünlük, əhalinin sayı müharibədə vacib faktordur və məsələdə də üstünlük bizim tərəfimizdədir. Digər tərəfdən, Ermənistanda Qarabağ məsələsinə münasibət birmənalı deyil. Ermənilər Qarabağda döyüşmək istəmirlər. Bizim gənclərimiz isə torpaqların işğaldan azad edilməsi üçün hər an azğın düşmənlə döyüşə hazırdırlar.
Ali Baş Komandanın, qüdrətli ordumuzun rəşadəti sayəsində yenidən öz firavan həyatına qovuşan doğma kəndim Cocuq Mərcanlının giriş qapısındakı yol nişanı buradan yolun Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Füzuliyə, Şuşaya, Xankəndinə getdiyini göstərir!. Tezliklə o yerlərə qayıdacağıq və maşın karvanları həmin nişanının yanından yurdundan-yuvasından didərgin salınan həmvətənlərimi həsrətinə qovuşdurmaq üçün yol alacaq. Qələbə günü çox yaxındadır!.
P.S. Bu yazım Azərbaycan Milli Mətbuatının 143 illik yubileyi münasibətilə KİVDF-nin fərdi yazı müsabiqəsində ekspertlər tərəfindən 1-ci yerə layiq görüldü.
Tanrı ürəyimizdən, beynimizdən, şüurumuzdan Vətən sevgisini əskik etməsin. QARABAĞın xilas günü BİZİM günümüz olacaq, bütöv AZƏRBAYCANIN!!!
Səadət HAKIYEVA