Regionlarda yaradılan şərait gənc nəslin xoşbəxt gələcəyinə yönəldilib

Regionlarda yaradılan şərait gənc nəslin xoşbəxt gələcəyinə yönəldilib






Dövlətin gənclər siyasətinin qarşıya qoyduğu məqsəd və vəzifələrin icra edilməsində səmərəli fəaliyyət göstərən qurumlardan biri də rayon gənclər və idman idarələridir. Ölkə başçısının Sərəncamı və tapşırığı əsasında paytaxtda və bölgələrdə inşa edilib istifadəyə verilən Olimpiya idman kompleksləri, gənclər evləri və mərkəzləri həmin idarələrin öz işlərini düzgün istiqamətdə aparmasında bilavasitə böyük rol oynayır. Təbii ki, müasir standartlara cavab verən, əlverişli şəraitlə təmin olunan belə qurğular həm memarlıq, həm də gənc nəslin sağlam böyüməsi baxımından çox əhəmiyyətlidir.
Ölkədə idman və Olimpiya Hərəkatının təbliğində özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” qəzeti nəinki paytaxtda, eləcə də, regionlarda idmanın, bədən tərbiyəsinin təbliğinə böyük önəm verir. Qəzetimiz "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində bu dəfə Azərbaycanın dilbər guşələrindən olan Oğuz rayonunun idman həyatını işıqlandırmağı özünə borc bildi.





Oğuz rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. 7 alban məbədinin mövcud olduğu, paytaxt Bakıdan cəmi 360 km məsafədə yerləşən, əsrarəngiz gözəl təbiətə malik olan Oğuz rayonu, həm də turizm üçün əlverişli məkandır. Rayonun ərazisində 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Ümumi sahəsi 1216 kv km olan bu qədim diyar şimaldan Dağıstan (Rusiya), qalan üç tərəfdən Qəbələ, Şəki və Ağdaş rayonları həmsərhəddir. Böyük Qafqazın cənub yamacında yerləşən Oğuz rayonunun ən yüksək zirvəsi Məlkəmud dağıdır (3879 m). Mənbəyini Böyük Qafqazdan götürən Oğuzçay, Daşağılçay, Xalxalçay, Qalaçay bu yerlərin ən böyük çaylarıdır. Üç iqlim növünün mövcud olduğu rayonda azərbaycanlılardan başqa, türklər, ləzgilər, udilər, yəhudilər, mesxeti türkləri və ruslar yaşayırlar. Dağlar qoynunda yerləşən və şəlalələri ilə zəngin olan Oğuzun insanları çox mehriban və qonaqpərvərdirlər. Qeyd edim ki, Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov məhz Oğuz rayonundandır.
Qeyd edək ki, Oğuz rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov idmana çox bağlı insandır. Rayonun idman həyatı ilə daim yaxından maraqlanan Eyvaz müəllim idmançılardan və gənclərdən öz dəstəyini əsirgəmir.



Ölkədə gənclər siyasətinin uğurla aparılmasında əsas məsuliyyət təbii ki, gənclər və idman idarələrinin üzərinə düşür. Oğuz Rayon Gənclər və İdman İdarəsi (Gİİ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi Oğuz rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini uğurla həyata keçirir. İdarəyə Ramiz Mahmudov rəhbərlik edir. Ramiz müəllim məzuniyyətdə olduğundan Oğuz rayonunun idman həyatı ilə yaxından tanış olmaq və insanların asudə vaxtlarını necə keçirmələri barədə ətraflı məlumat almaq üçün Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şaiq Rüstəmovla görüşdük.


Əldə olunan nəticələr görülən işlərin bəhrəsidir

Şaiq Rüstəmov 15 il rayonun Bucaq kəndində idman müəllimi işləyib, idmana çox bağlı insandır. Şaiq müəllim bizə Oğuz rayonunda insanların asudə vaxtının səmərəli təşkilindən, idman, bədən tərbiyəsi və gənclər sahəsində görülən işlərdən danışdı: "Oğuz rayonunda 32 min yerli əhali, 9 min məcburi köçkün və qaçqın yaşayır. İnsanların əsas məşğuliyyəti tütünçülük və fındıqçılıqdır. Oğuz Rayon Gənclər və İdman İdarəsi insanların işdən sonra asudə vaxtlarının səmərəli təşkili, uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində əlindən gələni etməyə çalışır. Rayon ərazisində 40 idman obyekti mövcuddur ki, onlardan 26-sı sadə idman qurğusudur. Təhsil ocaqlarında yerləşən 11 idman zalının hər biri işlək vəziyyətdədir. Ölkə başçısının Sərəncamı əsasında inşa edilən Oğuz Olimpiya İdman Kompleksi müasir standartlara cavab verməklə yanaşı, şəhərimizə xüsusi gözəllik verir. Biz mühüm idman tədbirlərini məhz burada keçiririk.



Rayonumuzda idmanı çox sevirlər. Buna sübut olaraq deyə bilərəm ki, futbol üzrə Oğuz komandası iki il dalbadal "Sevinc kuboku”nun qalibi olub. Rayonun cüdo, sambo, aukido komandaları da fəallıq göstərirlər. Basketbol və tennis komandamız ötən il yaradılıb. Qeyd edim ki, Azərbaycan Tennis Federasiyası ilə sıx əməkdaşlıq əlaqələrimiz var. Federasiya tərəfindən bizə daim dəstək göstərilir. Atletika idman növünə uşaq və gənclərimiz arasında böyük maraq var. Gənclər və İdman Nazirliyinin təqviminə əsasən, hər il payız və yay mövsümündə müxtəlif idman növləri üzrə yarışlar təşkil edirik. Yarışlarda fərqlənənlər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılırlar”.
Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəis müavini bütün regionlarda olduğu kimi Oğuz rayonunda da peşəkar kadrlara, yəni məşqçilərə böyük ehtiyac duyulduğunu dilə gətirdi. Şaiq müəllim uşaq və gənclərin idmanın sirrlərinə dərindən yiyələnməsində məşqçi-müəllimlərin rolunu xüsusi qeyd etdi.
Oğuz rayon Gənclər və İdman İdarəsinin ötən il və bu ilin 6 ayı ərzində gördüyü işlərə nəzər saldıqda gənclər və idman sahəsində görülən işlərin həcmini aydın görmək olur. Qeyd edək ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Oğuz rayonu orta məktəb şagirdləri arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib. 24 komandanın iştirakı ilə təşkil edilən birincilikdə qızlar 60 metr və 300 metr, oğlanlar isə 60 və 500 metr məsafəyə qaçış, uzunluğa tullanma yarışlarında mübarizə aparıblar. Yarışda birinci yeri Sincan kənd orta məktəbinin şagirdləri tutublar. 2-ci və 3-cün yerləri isə müvafiq olaraq Oğuz şəhər 1 saylı orta məktəbin və 3 saylı məktəb-liseyin komandaları yiyələniblər.



Oğuz idmançıları 2017-ci ildə XI Respublika Oyunlarının proqramında daxil olan yüngül atletika üzrə İsmayıllıda təşkil edilən zona yarışlarında da uğurla çıxış ediblər. Aprelin 12-16-da keçirilən yarışlarda oğlan və qız atletlər 60 metr, 300 metr məsafəyə qaçış, uzunluğa tullanma, 4x80 metr məsafəyə estafet yarışlarında qüvvələrini sınayıblar. İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən zona yarışlarının qalibi adını məhz Oğuz idmançıları qazanıblar.



Rayonda mütamadi olaraq futbol üzrə böyüklər və kiçiklər arasında yarışlar keçirilir. Burada hər il kiçikyaşlı oğlan və qızlar arasında "Açıq əyləncəli futbol məktəbinin” təşkil edilməsi artıq ənənə halını alıb. 2017-ci ildə iyun ayında növbəti belə tədbir 98 nəfərin iştirakı ilə keçirilib. Futbol məktəbinin təşkil edilməsi rayonda futbola maraq göstərən uşaqların seçilməsinədə, onların yetişdirilməsində böyük rol oynayır. 12-13 yaşlı kiçik futbolçular arasında "Sevinc” kuboku yarışları da Oğuzda hər il keçirilir. 9-14 yaşlılar arasında "Sevinc” kuboku uğrunda rayon birinciliyi bu ilin aprel ayında baş tutub.
28 May Respublika Günü ilə əlaqədar hər il futbol üzrə böyüklər arasında rayon çempionatı keçirilir. Ötənilki turnirdə 24 kənd, 1 şəhər komandası olmaqla 16 komanda (410 iştirakçı) iştirak edib. 24 gün (14 may-6 iyun) davam edən yarışlarda finala vəsiqəni Bayan və Zərrab kənd komandaları qazanıblar. Oğuz Olimpiya İdman Kompleksində keçirilən gərgin final qarşılaşması ikincinin xeyrinə başa çatıb. Qalib komandalar Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırlıb. Builki yarış isə iyunun əvvəlinə təsadüf edib. Həvəskarlar arasında ənənəvi futbol üzrə rayon birinciliyinin qalibləri idarə tərəfindən mükafatlandırılıb.



Oğuz məktəbliləri arasında hərbi idman oyunlarına böyük maraq var

"Şahinlər” hərbi idman oyunlarına Oğuz məktəbliləri arasında böyük maraq var. Çünki onlar torpaqlarımızın 20 faizini düşmən tapdağı altında olduğunu bilir və yaxşı dərk edirlər ki, düşmənlə mübarizə aparmaq üçün fiziki cəhətdən güclü olmalıdırlar. Ötən il aprelin 1-də Oğuz şəhər 2 saylı tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında yarış keçirilib. Gənc hərbçilər sıra hazırlığı, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf edilməsi və mülki müdafiə üzrə yarışlarda iştirak ediblər. Yarışlara ev sahibliyi edən 2 saylı tam orta məktəbin komandası rəqiblərini geridə qoyaraq qalib adını qazanıb. Oğuz şəhər 1 saylı məktəbin komandası II, Muxas kənd orta məktəbinin komandası isə III yeri tutub. Bu il həmin yarışlar aprel ayında reallaşdırılıb.
Ötən il aprelin 13-17-də İsmayıllı şəhərində "Vətənin müdafiəsinə hazıram” adı altında poliatlon üzrə çoxnövçülüyün respublika çempionatının zona yarışları təşkil edilib. 4 növ (100 metr və 2000 m qaçış, turniklə dartınma və qumbaraatma ) üzrə keçirilən yarışlarında Oğuz komandası 4-cü yeri tutub. Bu il isə uşaq və gənclər "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyində güclərini sınayıblar.



Qədim diyarın istedadlı gəncləri

Müsahibim gənclərlə, xüsusilə, savadlı, istedadlı gənclərlə işləməyin böyük zövq olduğunu diqqətimizə çatdırdı. "Gənclərlə işləmək insana ruh verir və qocalmağa qoymur. İstedadlı və bilikli gənclərlə ünsiyyətdə olmaq isə bir ayrı aləmdir. İdarəmiz yaradıcılıq mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq şəraitində istedadlı gənclərin üzə çıxarılmasında mühüm işlər görür. İstedadlı gənclərimizdən Ləman Səlimzadə, Səbinə Rəşidli, Cavidan Xudiyev və başqalarının adlarını çəkə bilərəm. Ləman gözəl rəsm çəkir. Bu il ali məktəbə qəbul olunan Səbinədən gələcəkdə yaxşı bədii qiraətə ustadı ola bilər. Cavidan isə taxtadan müxtəlif fiqurlar düzəltməyi bacarır. Ümumiyyətlə, belə istedadlı uşaq və gənclərimiz çoxdur.
Belə gənclərdən biri də Azərbaycanın qızlardan ibarət milli komandasınln üzvü Validə Seyfədddinovadır. Validə idmanda əldə etdiyi uğurlara görə çox sevinir və gənclər üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığının bildirir: "İdmanın digər növləri kimi, qadın futbolunun inkişaf etdirilməsi dövlətimizim marağındadır. Bu sahənin inkişafına, qızların futbola cəlb olunmasına dövlətimiz, əlaqədar qurumlar tərəfindən hər cür qayğı və dəstək göstərilir. Odur ki, mən dövlətimiz, müəllimlərimə dərin təşəkkürümü bildirir, qızları bu idman növü ilə məşğul olmağa çağırıram”. Validə Seyfədddinova Qumlaq kəndinə doğulub boya-başa çatıb. Hazırda "Sumqayıt” klubunun şərəfini qoruyur. 12 xarici ölkədə olan Validənin ən böyük arzusu Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmək və xarici klublarda oynamaqdır. Validədən başqa daha 2 nəfər gənc qız da yığmada oynayır”,- deyə Şaiq Rüstəmov bildirdi.



Oğuzda gənc nəslin sağlam ruhda böyüməsinə böyük diqqət yetirilir

Oğuz rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin 6 ayrı ərzində görülən işlər onu deməyə əsas verir ki, rayonda gənclər, idman sahəsi daim diqqətdə saxlanılır. Belə ki, xalqımız üçün hüznlü olan 20 Yanvar hadisələrinin 28-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblilərinin 8, 10, 12, 14 və 16 yaşlı məktəbliləri (qızlar və oğlanlar) şahmat üzrə Oğuz rayon birinciliyi və oğlanlardan ibarət ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyi təşkil edilib. Bundan başqa, fevral ayında "Gənclər günü” münasibətilə yeniyetmə və gənc idmançılar sərbəst güləş üzrə açıq Oğuz rayon birinciliyində qüvvələrini sınayıblar. Eyni zamanda, Gənclər Günü münasibətilə "Gələcəyə inamla və birgə addımlayaq” mövzusunda rayonun fəal gənclərinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

5 mart "Bədən Tərbiyəsi və İdman Günü” də Oğuz rayonunda təntənə ilə qeyd edilir. Bu münasibətlə bu il idman günündə Oğuz Olimpiya İdman Kompleksində rayonun idman ictimaiyyətinin iştirakı ilə "İdman naliyyətlərimiz ”adlı toplantı keçirilib. Uşaq və yeniyetmələt isə stolüstü tennis üzrə rayon birinciliyində mübarizə aparıblar.
Martın 15-də Bilik evində "Novruz” adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliği məqsədilə dəyirmi masa və martın 19-da isə Oğuz rayon Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə gənclərin iştirakı ilə ümumrayon şənliyi təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə şahmat idman növü üzrə ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında şahmat, velosiped, stolüstü tennis, yeniyetmələr və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliklərinin təşkili isə may ayına təsadüf edib. Eləcə də, Oğuz məktəbliləri ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə asfalt üzərində rəsm müsabiqəsində iştirak ediblər.



15 iyun "Qurtuluş Günü” münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş və dama üzrə rayon birinciliyinin təşkili də bu il ərzində təşkil edilən tədbirlər siyahısındadır.
Bu ilin iyul ayında Oğuzda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Bölgələrdən bölgələrə” layihəsi adı altında yaradıcılıq festivalı keçirilib. "100 illik tariximiz” devizi adı altında keçirilən bu layihə zəngin tarixə, dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bütün rayonlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara biri-birinin mədəni zəhginliyi, sənətkarlıq irsi, incəsənəti ilə tanış olmaq imkanı yaradır. Belə tədbirlərin keçirilməsində məqsəd Azərbaycanın inkişaf etməkdə olan bölgələrini tanıtmaq, xalqımızın milli mənəvi dəyərlərini təbliğ etmək, eləcə də, regionların mədəni potensialını nümayiş etdirməkdir. İyul ayının 27-də rayonun mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdə rayon ictimayiyyətinin nümayəndələri, yerli sakinlər, mədəniyyət işçiləri iştirak edirdilər. Təbii ki, belə festivalların təşkili tariximizin, adət-ənənələrimizin, milli mənəvi dəyərlərimizn qorunub saxlanmasında əvəzsiz rol oynayır.

İdmançıların ən sevimli məkanı

Oğuzun girişində yerləşən Oğuz Olimpiya İdman Kompleksi şəhərə xüsusi gözəllik verir. 2008-ci il sentyabrın 20-də istifadəyə verilən və 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan universal idman salonu, trenajor, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25 metrlik üzgüçülük hovuzu vardır. Kompleks 1850 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu, voleybol, basketbol meydançaları, tennis kortuna malikdir. Burada idmançıların qalması və istirahəti üçün hərəsi dördnəfərlik 5 kottec fəaliyyət göstərir.



Kompleksdə idmançılar üçün yaradılan şəraitlə tanış olmaq üçün Oğuz Olimpiya İdman Kompleksinin direktoru Anar Hüseyni ilə görüşdük. Bizi səmimi qarşılayan Anar müəlim kompleksdə idmançılar yaradılan şəraitdən, idmana bağlılığından söhbət açdı: "Azərbaycan Pedaqoji İnstitutunun (red.indiki APU) gənclərin çağırışaqədər fiziki hərbi hazırlıq fakültəsini bitirmişəm. İdmana böyük marağım var. Boyumun hündür olması (1m 90 sm) mənə voleybol oynamağa imkan verib. Ali təhsil aldığım ali məktəbdə və doğma Oğuz rayonunda voleybol komandasının kapitanı olmuşam. Orduda xidmət etdikdən sonra müəyyən işlərdə çalışmışam. 2014-cü ildə Oğuz Olimpiya İdman Kompleksinin direktoru vəifəsinə layiq görülmüşəm. Kompleksdə əsasən, cüdo, üzgüçülük, velosiped, güləş idman növləri üzrə məşqlər aparılır. Çalışırıq ki, burada məşq edən idmançıların, uşaq və gənclərin rahatlığı üçün yüksək səviyyədə xidmət göstərək.
Bu ilin mart ayında müəyyən idman növləri üzrə zona yarışları təşkil etmişik. May ayında keçirilən cüdo rayon birinciliyində 10 rayonun komandası iştirak edirdi. Bakı və Sumqayıtdan da idmançılar gəlmişdilər. Kollektivdə peşəkar, təcrübəli məşqçilərimiz kifayət qədərdir. Hansı ki, onların yetirmələri rayon və respublika birinciliklərində mükafatalayiq yerləri tuturlar”.

Anar Hüseyni uşaq və gənclərin idmana cəlb olunmasında valideynlərin rolunu yüksək qiymətləndirdi: "İdmançı olmaq, özü də peşəkar idmanla məşğul olmaq asan deyil. Bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Övladına diqqət yetirən, onunla maraqlanan valideynlər onun gələcəkdə uğurlar qazanmasında bilavasitə əhəmiyyətli rol oynayırlar. Dövlətimiz tərəfindən ölkəmizdə idmançılar üçün hər bir şərait yaradılıb. Uğur qazanmaq isə qalır gənc nəslin öhdəsinə”.



Kompleksdə olduğumuz müddətdə 13 saylı İxtisaslaşdırılmış Olimpiya İdman Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yeniyetmələrdən ibarət cüdo komandası təlim-məşq toplanışında idi. Cüdoçuların məşqi və onlar üçün burada necə şərait yaradıldığını öyrənmək üçün məktəbin məşqçi müəllimi Ruslan Yunusovun fikirlərini öyrəndik. Əvvəllər peşəkar idmanla məşğul olan, cüdo üzrə Azərbaycan çempionu Ruslan müəllim kompleksdə idmançı və məşqçi heyəti üçün yaradılan şəraitdən razılığını bildirdi: "Yay məşqçlərimizi burada keçiririk. Bizim üçün yaradılan şəraitə, diqqətə görə kompleksin rəhbəri Anar müəllimə, ümumiyyətlə, bütün kollektivə minnətdarlığımı bildirirəm. Üzgüçülük hovuzu, qaçış zolağı ürəyimizcə oldu. Yeməyindən tutmuş məşqlərə qədər hər şey yüksək səviyyədə təşkil olunub”.

Ruslan müəllim məşqçi peşəsinin çətinliyindən, məsuliyyətindən də danışdı: "Vaxtilə Tərlan Həsənovun tələbəsi olmuşam. İdmanda əld etdiyim uğurları məhz bu insanın sayəsində qazanmışam. Məşqçi olmaq insandan səbr, qətiyyət, iradə və ən əsası, peşəkarlıq tələb edir. 12 ildir ki, uşaq və gənclərə cüdonun sirrlərini öyrədirəm. Yetirmələrimdən İbrahim Bayramlı Avropa Yeniyetmələrin Olimpiya Festivalının mükafatçısıdır. Məşqçi yetirməsinin atası, dostu, sirdaşı olmalıdır. Bir də Azərbaycanın bayrağını beynəlxalq yarışlarda dalğalandıran, dövlət himnimizi səsləndirən idmançılar hamımızın fəxridirlər. Dövlətimiz idmançılar üçün hər bir şərait yaradıb, onlara yüksək səviyyədə diqqət və qayğı göstərilir”.
Yekunda bu qənaətə gəlmək olur ki, dövlətimizin yürütdüyü gənclər və idman siyasəti, nəinki paytaxt Bakıda, regionlarda da uğurla aparılır. Oğuz rayonunda olarkən bunun bir daha şahidi olduq.


P.S. Oğuzda olduğum zaman bu qədim diyarın gözəlliyindən, füsunkarlığından, təmizliyindən və səmimi, mehriban insanlarından zövq aldım. Buranın insanları dağlar kimi vüqarlı, həm də sadə, şəlalə suyu kimi şəffaf və təmizdirlər. Bir də bu gözəl təbiətlə təmasda olmaq, sizlərlə görüşmək ümidiylə, inşallah! 



Səadət Hakıyeva

Bakı-Oğuz-Bakı