Sağlam düşüncəyə malik gənc nəsil yetişir

Sağlam düşüncəyə malik gənc nəsil yetişir





Qəbələ Azərbaycanın dilbər guşələrindən biri olmaqla bərabər, həm də turizm mərkəzidir. Bakıdan 225 km məsafədə yerləşən rayonun gözəl, füsunkar təbiəti, taixi abidələri, yüksək səviyyəli turizm infrastrukturu, nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da, turistlərin diqqətini cəlb edir. Hazırda Qəbələdə təqribən 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Qəbələnin son illər mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin məkanına çevrilməsi bura turist axınını daha da artırıb. "Tufandağ” Qış-Yay İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Mərkəzi, "Qəbələlənd” İstirahət və Əyləncə Mərkəzi yerli və xarici turistlərin sevdiyi məkanlardır.




Respublikanın ən yüksək zirvəsi, hündürlüyü 4466 metr olan Bazardüzü Qəbələdə yerləşir. Burada Dəmirapançay, Türyançay və onların qolları, Tikanlıçay, Bum çay, Vəndam çay, Mucux, Yeddi gözəl və s. şəlalələri vardır. 60 min hektar sahə meşə ilə örtülüdür. Çüxur Qəbələ kəndindəki qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (e.ə.III-I illik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər), Nic qəsəbəsindəki Nekrapol (antik dövr) və s. abidələrlə zəngindir.
Turizm, gözəl təbiət öz yerində, "Olimpiya dünyası” qəzetini Qəbələyə aparan səbəb isə rayonun idman həyatı ilə yaxından maraqlanmaq idi. Rayonda insanların asudə vaxtınının təşkili, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində aparılan işlərlə tanış olmaq üçün Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Sultanovla görüşdük. Fəxri Sultanov gənc kadr olmasına baxmayaraq, öz işini bilən, vəzifəsinin öhdəsindən məsuliyyətlə gələn bilən mütəxəxssislərdəndir.


"Həyat və enerji dolu gənclərlə işləmək insanı yorulmağa qoymur”

- Fəxri müəllim, sizi idman sahəsinə bağlayan nə oldu?

- Mən 1977-ci ildə Qəbələ şəhərində anadan olmuşam. 1984-1994-cü illərdə Qəbələ şəhər 1 saylı orta məktəbini əla qiymətlərlə bitirmişəm. Orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (red.-indiki İnşaat Universiteti) vermişəm. 1998-ci ildə həmin ali təhsil ocağının inşaat mühəndisi fakültəsini bitirmişəm. Ordu sıralarında hərbi xidmətimi başa vurduqdan sonra Yeni Azərbaycan Partiyasının üzvü kimi Qəbələ rayon İcra Hakimiyyətində təlimatçı kimi fəaliyyətə başlamışam. 2003-cü ildə Qəbələ rayon İcra Hakimiyyətində "Yetkinlik yaşına çatmayan yeniyetmələrin işi üzrə” katib vəzifəsinə təyin olunmuşam. Sonra bir müddət rayon icra başçısının köməkçisi kimi işləmişəm. 2009-cu ildən Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıram. Uşaqlıqdan idman sahəsinə marağım var idi. Gənclər və idman sahəsində işləməyim məni ikinci ali təhsil almağa da yönləndirdi. 2016-cı ildə Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının məzunu oldum.



- Gənc yaşda rayon gənclərinin taleyini sizə tapşırdılar. Çətin deyildi?

- Asan iş yoxdur. Hər bir işin çətinliyi var və təbii ki, yeni işə başlamaq asan deyildi. Düzünü deyim ki, bu vəzifəyə təyin olunanda içimdə bir narahatlıq var idi - "görəsən, öhdəsindən gələ biləcəyəmmi?” Çünki özüm gənc kadr olduğum halda mənə məsuliyyətli vəzifə etibar edilmişdi. Mən tərəddüdü, həyəcanı bir yana atıb həvəslə işə başladım. Hansı işdə və ya vəzifədə çalışırsansa çalış, əsas odur ki, öz işini sevəsən və məsuliyyətlə yanaşasan. Məsuliyyət, zəhmətsevərlik olanda çətinliklərin öhdəsindən gəlmək çətin olmur. Ümumiyyətlə, həyat və enerji dolu gənclərlə, idmançılarla işləmək insanı yorulmağa qoymur, yaşamağa həvəsləndirir. Gənclərlə işləmək çox maraqlıdır.

- Qəbələdə gənclər və idman sahəsində işlər necə aparılır?

- Qəbələ rayon Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyi, Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunan tədbirlər planı əsasında öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Rayonumuzda gənclər və idman sahəsində hərtərəfli işlər aparılır. Keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlətin gənclər siyasətinin düzgün istiqamətdə aparılmasını özündə əks etdirir. Gənclərin hüquqlarının müdafiə edilməsi, onlar arasında cinayətkarlıq hallarını törədən səbəblərin aradan qaldırılması, istedadlı gənclərin üzə çıxarılması, uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün idmana cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçiririk. Uşaq və gənclərimizin mili mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda vətənə, torpağa sevgi, böyüklərə hörmət, kiçiklərə məhəbbət hisslərinin aşılanması məsələləri mühüm vəzifələrimizdəndir.



Təkcə onu demək kifayətdir ki, 2018-ci ilin birinci yarım ili ərzində idarəmiz tərəfindən 42 tədbir reallaşdırılıb. Bunlardan 25-i gənclər, 17-si isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib. Qəbələ Rayon Gənclər və İdman İdarəsi üçün rayonda uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşaraq idmana cəlb edilməsi, eləcə də, dərəcəli idmançıların hazırlanaraq respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsi vacib əhəmiyyətli məsələlərdəndir.
Rayonumuzda hər il fevral ayında "2 Fevral -Gənclər Günü” xüsusi təntənə ilə qeyd olunur. Bu il belə tədbirimiz Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərdən, onların uğurlarından danışıldı. Bildirildi ki, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam düşüncəyə malik istedadlı gənc nəsil yetişməkdədir. Tədbirin sonunda müxtəli sahələr üzrə nailiyyət qazanan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldı.


"Xocalı faciəsi bizim qan yaddaşımızdır”

- Rayonda gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində hansı işlər görülür?

- Uşaq və gənclərin vətənvərvərlik tərbiyəsi istiqamətində tədbirlər proqramına əsasən müəyyən işlər görülür. Rayonun təhsil, səfərbərlik və hərbi xidmətə çağırış üzrə şöbələri bu mühüm məsələ ilə bağlı əlbir fəaliyyət göstərir və müxtəlif səpkili tədbirlər, yarışlar təşkil edir. Uşaq və gənclərin vətənpərvərlik tərbiyəsi mövzüsünda "Şahin” və "Sərhəd” hərbi idman oyunlarını, yanğınsöndürənlərin yarışlarını, "Vətənin müdafiəsinə hazıram” adlı çoxnövçülük yarışlarını misal göstərə bilərəm. Bir faktı deyim ki, orta məktəblərdə keçirilən hərbi dərslərdə fənn müəllimləri ləvazimatın çatışmamasından əziyyət çəkirlər və bu müəyyən problemlər yaradır. Müharibə şəraitində yaşadığımızı nəzərə alsaq, belə hallar yolverilməzdir.
Bundan başqa, vətənpərvərliklə bağlı rayonun orta ümumtəhsil məktəbləri arasında "Şəhidlik ölməzlikdir” mövzusunda inşa yazı müsabiqələri keçirilir. Bu müsabiqələrdə uşaq, yeniyetmə və gənclər fəal iştirak edirlər. Yanvar ayında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Qəbələ Mədəniyyət Mərkəzində mərkəzləşdirilmiş kitabxana sistemi ilə rəsm qalareyasının birlikdə tədbiri keçirilib. Tədbirdə, əvvəlcə, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsini törədən səbəblərdən, vətənin azadlığı uğrunda canını qurban verən şəhidlərimizdən söhbət açıblar.





Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 1 saylı orta məktəbdə faciənin ildönümü ilə bağlı "Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsi təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd qan yaddaşımıza həkk olan bu faciənin qurbanlarının xatirəsinin əziz tutulduğunu ictimaiyyətə çatdırmaq, uşaq və gənclərin bədii yaradıcılığa həvəsləndirməkdən ibarətdir. Müsabiqədə rayonun müxtəlif məktəblərindən 20-dən artıq şagird iştirak edib.
Xocalı faciəsi bizim qan yaddaşımızdır, erməni terrorizminin xalqımıza qarşı törətdiyi vəhşiliyin son həddidir. Bu tarixi unutsaq, şəhidlərimizin ruhu bizi bağışlamaz. Bu il Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində "Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm sərgi müsabiqəsi təşkil olunub. Rayon Gənclər və İdman İdarəsinin, dövlət rəsm qalareyasının və incəsənət məktəbinin birgə təşəbbüsü ilə keçirilən sərgidə 60-dək həvəskar rəssam iştirak edib. Ən maraqlı rəsm əsərlərinin müəllifi Nərgiz İsaxarova 1-ci yerə layiq görülüb. Mükafatalayiq yerləri tutan şagirdlərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

"250-yə yaxın uşaq futbolla məşğul olur”

- Qəbələdə ən çox sevilən idman növü hansıdır?

- Futbol populyar idman növü kimi hər yerdə sevilir. Qəbələdə də futbolu çox sevirlər. Təsadüfi deyil ki, futbol üzrə "Qəbələ” Peşəkar Futbol Klubu (PFK) Azərbaycan çempionatının nüfuzlu komandalarından biridir. Klubumuz 10 ildən artıqdır ki, Azərbaycan Premyer Liqasında iştirak edir və uğurları ilə pərəstişkarlarını sevindirir. Klubun nəzdində uşaq futbol akademiyası da fəaliyyət göstərir. Həmin akademiyada 250-yə yaxın uşaq futbolla məşğul olur. Bu uşaqların içərisindən istedadlılar seçilir və peşəkar klublara və divizionlara cəlb edilirlər. Bu da təbii ki, nəinki Qəbələdə, ümumiyyətlə ölkəmizdə futbolun inkişagfına yol açır.



- İdman sahəsində hansı uğurlarınız və nailiyyətləriniz vardır?

- Rayonumuzda idmana, bədən tərbiyəsinə böyük maraq vardır. Ölkə rəhbərinin Sərəncamı və təşəbbüsü əsasında inşa edilən Olimpiya İdman Kompleksində idmançıların məşq etmələri üçün hər bir şərait yaradılıb. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalı, yeməkxana, məşq zalı və kotteclər fəaliyyət göstərir. Müasir standartlar səviyyəsində inşa edilən kompleksdə idmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin təşkili üçün əlverişli şərait və imkan yaradılıb. Qəbələ Olimpiya İdman Kompleksinə təcrübəli mütəxəssis Ceyhun Allahverdiyev rəhbərlik edir.
Statistikaya görə, Qəbələ rayonunda müntəzəm idmanla məşğul olan gənclərin sayı 2136 nəfər təşkil edir ki, bu da gənclərin 6,9 faizi qədərdir. Bunların arasında idman dərəcəsi olanların sayı isə 257 (12 faiz) nəfərdir. İdmançı gənclərdən 12-si respublika və beynəlxalq səviyyəli yarışlarda qalib gələnlərdir. Uşaq və gənclərimiz boş vaxtlarında idmanla məşğul olur, sağlamlıqlarını möhkəmləndirirlər. Rayonda sərbəst güləş, boks, cüdo, taekvondo, voleybol, futbol, stolüstü tennis və digər idman növləri inkişaf etdirilir. Yüzlərlə uşaq və gənc təcrübəli məşqçilərin rəhbərliyi altında idmanın müxtəlif növlərinin sirlərinə yiyələnir. Bununla onlar zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzini seçirlər.
Qəbələdə ümummilli lider, müstəqil və müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bir sıra mühüm idman tədbirləri keçirilib. Bu tədbirlərdən biri də gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyidir. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və Ucar rayonlarından olan 100-dən artıq idmançı medallar uğrunda yarışıb. Yarışda iki yaş qrupunda 16 çəki dərəcəsi üzrə üzrə 100-dən çox yeniyetmə qüvvəsini sınayıb. Yarışın qalibləri gənclər və idarəsinin fəxri fərman, medal və diplomları ilə mükafatlandırılıblar.


Qəbələ rayonunda gənc nəslin fəallığını, fiziki və mənəvi sağlamlığını artırmaq məqsədilə müxtəlif mövzularda viktorinalar, müsabiqələr, sərgilər, intellekt oyunlar, yarışlar təşkil edirik. İfaçılıq müsabiqəsi qabiliyyəti olan uşaq və gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır. Rəsm müsabiqələrinin qalibləri respublika səviyyəsində müsabiqələrdə iştirak etmək hüququ əldə edirlər. İnşa yazı müsabiqələrində fərqlənənlər respublika olimpiadalarında iştirak edirlər.
Fərəhli haldır ki, Qəbələnin yetirməsi, Nicat Apayev adına Qəbələ şəhər 4 saylı məktəbin üçüncü sinif şagirdi İsgəndər İsgəndərli ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən Respublika Şahmat Olimpiadasını uğurla başa vuraraq, qalib adına layiq görülüb. Bu uğur onun gələcəkdə yaxşı şahmatçı olacağından xəbər verir.

Rayonun ümumtəhsil məktəblərinin 12 nəfər şagirdi Bakı çəhərində keçirilən respublika üzrə fənn olimpiadasının final mərhələsində uğurla iştirak edib. Onlardan 6 nəfəri müxtəlif fənnlər üzrə yüksək nəticə qazanaraq olimpiadanın qalibi olub. Şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Gülsüm Quliyeva (Azərbaycan dili), Mıxlıqovaq kənd məktəbinin şagirdi Röyal İsmayılov (coğrafiya), Həmzəli kənd X sinif şagirdi Turac Tahirova (coğrafiya) olimpiadanın gümüş medalına layiq görülüblər. Yeri gəlmişkən, həmin orta məktəbdə idarəmizin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş bilik yarışının finalı təşkil edilib. Bilik yarışında tam orta məktəblərin IX-XI sinif şagirdləri komanda şəklində iştirak ediblər. Şagirdlər dil-ədəbiyyat, tarix, riyaziyyat, həndəsə, coğrafiya, biologiya, kimya fənnləri üzrə biliklərini yoxlayıblar. Toplanmış xalların nəticəsinə görə, Qəbələ şəhər 3 saylı məktəbin komandası bütün rəqiblərindən üstün olub. Şəhər 2 saylı tam orta məktəbi 2-ci, Zarağan kənd 1 saylı orta məktəb isə 3-cü olub.

- Tanınmış idmançılardan kimlərin adlarını çəkə bilərsiniz?

- Son illərdə idman sahəsində mühüm nailiyyətlərimiz olub. Belə ki, təmsilçimiz Aydan Hüseynzadə bu il şahmat üzrə beynəlxalq yarışın qalibi adına layiq görülüb. Usta normasını yerinə yetirən idmançımız şahmat məsələlərinin əyani həlli üzrə 14-cü beynəlxalq yarışda 3-cü, 30-cu Azərbaycan çempionatında isə 2-ci yeri tutub. Digər idmançımız, şahmat üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi Araz Alməmmədov isə 30-cu Azərbaycan çempionatının bürünc medalın qazanıb. Qəbələ öz idmançıları ilə fəxr edir. Tanınmış idmançılarımızdan güləş üzrə dünya çempionu Ruhin Mikayılovun adını çəkə bilərəm. Bundan başqa, həmyerlimiz Cavid Çələbiyev boks üzrə dünya çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısıdır. Qarışıq döyüş növləri (MMA) üzrə Fuad Musayev də kifayət qədər tanınmış idmançılarımızdandır. O, yerli və beynəlxalq səviyyəli yarışlarda "Qəbələ” klubunu təmsil edir.
Yeniyetmə idmançılarımız da kifayət qədərdir. Taekvondoçularımız Cavid Əzizov və Əhmədiyyə Cəfərov gənclər arasında ölkə birinciliyində bürünc medala sahib olublar. Əhmədiyyə Cəfərov yeniyetmələr və gənclər arasında Göygöl Açıq birinciliyində 2-ci yeri tutub. Cavid Əzizov isə bu yarıda 3-cü olub. Sənan Şükürov bu il qol güləşi üzrə X Azərbaycan çemionatında uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində qərar tutub.
Karateçimiz Hilal Xurşudov isə XXI ölkə çempionatının gümüş medalına layiq görülüb. Bundan başqa, Cavid Bəkirli kompüter oyunları üzrə XII Azərbaycan çempionatının zona mərhələsində qızıl medala layiq görülüb.




- Rayon komandanızın uğurları barədə nə deyə bilərsiniz?

- Fərdi şəkildə olduğu kimi, rayon komandamız da uğurları ilə fərqlənir. Belə ki, Qəbələ komandası bu il "Xəmsə” milli intellektual oyunlar üzrə gənclər arasında keçirilən X Azərbaycan çempionatının qalibi olub. Eyni zamanda "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə təşkil edilən respublika çempionatının zona yarışında bütün rəqiblərini üstələyərək birinci olub.

- Qəbələ bu il hansı mühüm beynəlxalq yarışa ev sahibliyi etdi?

- Qəbələ idman yarışlarının mərkəzinə çevrilib. Rayonumuz növbəti beynəlxalq idman tədbirinə mayın 8-dən 12-dək ev sahibliyi etdi. Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə IV Beynəlxalq Qran-pri yarışları Qəbələ Stend və Ox Atıcılığı üzrə Kompleksində təşkil edilmişdi. Yarışlarda Azərbaycan olmaqla, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən iştirak edən 70 idmançı 6 dəst medal uğrunda mübarizə apardı. İştirakçılar arasında Olimpiya, dünya və Avropa çempionları da var idi.
Azərbaycan komandası Qran-pri yarışlarını 10 (2 qızıl, 5 gümüş və 3 bürünc) medalla başa vurdu.
Yuxarıda söylənilərdən belə nəticəyə gəlirik ki, Azərbaycanın dilbər guşələrindən olan Qəbələdə idmana maraq böyükdür və bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində rayonda hərtərəfli və mühüm işlər görülür. Bu da birmənalı olaraq regionlarda sağlam düşüncəli, fiziki cəhətdən möhkəm, vətənpərvər gənc nəslin yetişməsinə yol açır.



P.S. Qəbələdə cəmi bir neçə saat ola bildim. Şəhər qədimliyi və müsairliyi özündə çox gözəl birləşdirir. Qəbələni yaxından görməyi və tanımağı çox istərdim. Qismət olsun, inşallah!

 
Səadət Hakıyeva