Çingiz Hüseynzadə: “Olimpiya proqramında aparılan islahat və edilən dəyişikliklər zamanın tələbidir”

Çingiz Hüseynzadə: “Olimpiya proqramında aparılan islahat və edilən dəyişikliklər zamanın tələbidir”







Azərbaycan idmançılarını qarşıda bir sıra mötəbər yarışlar gözləyir. Bu il Argentinanın Buenos-Ayres şəhərində Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək. Gələn il Minskdə II Avropa Oyunları təşkil ediləcək. Gələn il ölkəmiz həm də Avropa Yeniyetmələrinin XV Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu böyük idman tədbirlərinin hər biri Tokio-2020 Yay Olimpiya Oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır. 
"Olimpiya dünyası” qəzeti və "olimpnews.az" saytı olaraq Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək atletlərimizin iştirak edəcəkləri yarışlar, AYOF-a ev sahibliyi və digər məsələlərlə bağlı müsahibə aldıq.

- Çingiz müəllim, Avropa Atletika Federasiyasının rəsmiləri bugünlərdə ölkəmizdə səfərdə oldular. Səfərdə məqsəd nə idi?

- Avropa Atletika Federasiyasının (EAF) prezidenti Svein Arne Hansen bu vəzifəyə 2 ilə yaxındır ki, təyinat alıb. Beynəlxalq idman qurumunun yeni rəhbəri kimi o, üzv ölkələrdə olur, yerlərdə atletika idman növünün inkişafı, yarışların təşkili məsələləri ilə maraqlanır. Avropa Atletika Federasiyasının rəsmilərinin ölkəmizə səfərinin məqsədi Azərbaycan Atletika Federasiyasının (AAF) fəaliyyəti ilə yaxından tanış olmaq idi. Rəsmi nümayəndə heyəti federasiyada olarkən hakimlər, idmançı, məşqçilərlə görüşdü, iş planı ilə tanış oldu. Qonaqlar federasiyada görülən işlərdən, əldə olunan nəticələrdən razı qaldılar. EAF rəsmiləri Avropa çempionu Nazim Babayev və dünya çempionu, həmyerlimiz Ramil Quliyevin ilk məşqçisi Tofiq Əliyevlə, xüsusi olaraq görüşdülər. Nümayəndə heyətinin üzvləri səfərdə olduğu müddətdə baş nazirin müavini, 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (AYOF) Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovun, Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun qəbulunda oldular. Qeyd edim ki, AYOF-nın proqramında atletika idman növü xüsusi yer tutur. Məhz bu səbəbdən AYOF-da atletika yarışlarının təşkili ilə bağlı fikir mübadiləsi aparıldı. Svein Arne Hansen Azərbaycanın atletika sahəsindəki təcrübəsini digər Avropa ölkələri üçün nümunə göstərdi. Bir sözlə, Avropa Atletika Federasiyasının rəhbərliyi, nümayəndə heyəti AAF-nın fəaliyyətindən çox razı qaldılar və Azərbaycana səfərlərini yüksək qiymətləndirdilər.

- Azərbaycan I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra istənilən mötəbər idman tədbirinə yüksək səviyyədə ev sahibliyi edə bilər. Necə düşünürsünüz?

- Ölkəmiz 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışlarda əldə olunan təcrübə, yaradılan infrastruktur bizə istənilən kompleks yarışları keçirmək imkanı verir. Kompleks yarışları keçirmək üçün ilk növbədə infrastrukturun olması çox vacibdir. Ölkəmizdə mövcud olan idman qurgularının demək olar ki, hamısı işlək vəziyyətdədir. İkinci tərəfdən, təşkilati işlərdə peşəkar mütəxəssislərimiz də formalaşıb. I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında böyük təcrübə əldə edən azərbaycanlı mütəxəssislər artıq xarici ölkələrdən dəvət alırlar. Ötən il Çində keçirilən Asiya Oyunları Təşkilat Komitəsində bizim mütəxəssislərin köməyindən istifadə olundu. Onların arasında atletika üzrə 10-dan artıq hakimimiz də var idi. Azərbaycanlı mütəxəsislər hazırda Minsk-2019 Avropa Oyunlarına hazırlıq işlərində fəal iştirak edirlər.

Gələn il ölkəmizdə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalını öz gücümüzlə həyata keçirəcəyik və xaricdən mütəxəssis dəvət etməyə ehtiyac qalmayacaq. Yarışlar zamanı yeni idman qurğusunun inşasına və hətta mövcud olanların bərpasına belə lüzum yoxdur. Bir sözlə, biz bu yarışa tam hazırıq. AYOF Təşkilat Komitəsi payızdan etibarən hazırlıq prosesinə start verəcək. Çox güman ki, AOK-un Koordinasiya Şurasının iclası iyul ayında Bakıda keçiriləcək. Yarışların keçiriləcəyi arenalar artıq müəyyənləşib. Proqramda nümayiş etdirilən 10 idman növü üzrə uyğunlaşmış arenalarımız mövcuddur.

- Yeniyetmə idmançıların yerləşdirilməsi məsələsi necə həyata keçiriləcək?

- Adətən, digər festivallarda idmançılar universitetlərin yataqxanalarında yerləşdirilir. Bizdə kifayət qədər yataqxana olmadığından iştirakçılar "Atletlər kəndi”ndə onlar üçün ayrılan kiçik binada yerləşəcəklər. Burada 1 otaqda 4 nəfəri yerləşdirmək mümkündür. "Atletlər kəndi”ndə lazım olan hər bir şərait vardır. Burada 6 böyük bina yarışlar üçün saxlanılıb, qalanı isə satışa çıxarılıb.

- Avropa Yeniyetmələrinin Olimpiya Festivalının adında dəyişiklik gözlənilirmi?

- Bu yarışda ancaq 14-17 yaşında yeniyetmələr, başqa sözlə, məktəbli idmançılar iştirak edirlər.Yarışlar məktəbdə dərslərin başa çatdığı bir vaxtda, yəni iyul ayında keçirilir və bu tarix dəyişməz qalır. Bu beynəlxalq yarış ilk vaxtlar Avropa Yeniyetmələrinin Olimpiya Günləri adlanırdı. Sonra yarışların adı dəyişdirilərək Olimpiya festivalı adlanmağa başladı. AOK hazırda bu yarışların adının yenidən dəyişdirilməsi ilə bağlı müzakirələr aparır. Mən AOK İcraiyyə Komitəsinin üzvü kimi bu müzakirələrdə iştirak edirəm. AOK-un rəhbərliyi altında artıq bir neçə yarışlar- Yeniyetmələrin Olimpiya Oyunları, Avropa Oyunları keçirilir. Təklif var ki, festival Avropa Yeniyetmələrinin Oyunları adlandırılsın. Düşünürəm ki, bir neçə ildən sonra AYOF başqa ad altında keçiriləcək.


"Minsk-2019 Avropa Oyunları fərqli olacaq”

- Çingiz müəllim, necə düşünürsünüz, II Avropa Oyunlarında Minsk Bakının uğurunu təkrarlaya biləcəkmi?

- İlklər heç vaxt təkrar olunmur. Azərbaycan I Avropa Oyunları ilə tarix yazdı və bu barədə hələ çox danışılacaq. Minsk-2019 Avropa Oyunlarına gəlincə, bu yarışlar fərqli olacaq. Yarışların proqramında idman növlərinin sayı əvvəlki oyunlara nisbətən az olacaq, cəmi 15 növ. Bu da hər şeyi deyir. Bir də Bakı-2015 Avropa Oyunlarından fərqli olaraq Minskdə paralimpiya növləri proqramda yer almayacaq. Bu da təbii ki, həm iştirakçıların, həm də medalların sayına təsir göstərəcək. Yarışlarda iştirak etmək hüququ da fərqlidir. Minsk-2019 Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün ciddi çalışır, cəhd göstərir. Yarışların büdcəsi əvvəldə nəzərdə tutulduğundan xeyli artıb. Halbuki əvvəl az vəsait ayrılmışdı. Təbii ki, II Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakıda olduğu kimi təntənəli keçirilməyəcək. Minskdə yarışla bağlı yeni heç bir idman qurğusu inşa olunmayıb, amma mövcud olanlar əsaslı təmir edilib. Belaruslar ölkələrində mövcud olan idman qurğularına uyğun olan idman növlərini proqrama daxil ediblər.

- Minskdən sonra növbəti Avropa Oyunlarının hansı ölkədə keçiriləcəyi məlumdurmu?

- Bu barədə AOK-un ilin axırında keçiriləcək Baş Assambleyasında müzakirələr aparılacaq. Assambleyada namizədliklə bağlı seçim elan olunacaq. Düşünürəm ki, Minsk-2019 ərəfəsində III Avropa Oyunlarının ev sahibinin adı açıqlanacaq.

- May ayında Belqrad şəhərində AOK İcraiyyə Komitəsinin iclası və seminar keçirildi. Azərbaycan nümayəndə heyəti də bu tədbirdə iştirak edirdi.

- AOK il ərzində keçirdiyi iki mötəbər tədbirlərdən biri may ayına planlaşdırılan seminar, digəri isə ilin sonunda təşkil edilən Baş Assambleyadır. Seminarda AOK-a üzv olan Milli Olimpiya Komitələrinin (MOK) prezidentləri olmasa da, baş katibləri mütləq iştirak edirlər. Seminarda, həm də AOK-un İcraiyyə Komitəsinin iclası keçirilirdi. İcraiyyə Komitəsinin üzvü kimi mən də tədbirdə iştirak edirdim. Tədbirdə əsasən nəzəri və texniki məsələlər müzakirə olundu, Tokio-2020, Pxençxan-2018 Olimpiya Oyunları Təşkilat Komitələrinin hesabatları dinlənildi. Azərbaycan nümayəndə heyəti də AYOF-a ev sahibliyi ilə bağlı təqdimatla çıxış etdi. İclasda, həm də AOK-un komissiyaları təsdiq olundu. MOK-un baş katibinin müavini Azər Əliyevin AYOF-un Komissiyasına üzv seçilməsi də böyük bir uğurdur.
"AYOF-ın açılış mərasimini Kristal Zalda konsert proqramı ilə əvəz etməyi düşünürük”

- Necə düşünürsünüz, Xuan Antonio Samarançdan sonra beynəlxalq Olimpiya Hərəkatında edilən dəyişikliklər və islahatlar işin xeyrinədirmi?

- X.A.Samarançın Beynəlxalq Olimpiya Komitəsinə (BOK) prezidenlik dövrünü beynəlxalq Olimpiya Hərəkatının ən gözəl dövrü hesab etmək olar. Həmin dövrdə Olimpiya Oyunlarının təşkilində demək olar ki, dünyanın nəhəng dövlətləri gərgin mübarizə aparırdılar. Hər bir ölkə ev sahibliyində maraqlı idi. Jak Roqq və Tomas Baxın dövründə də islahatlar, yeniliklər oldu. Düşünürəm ki, edilən bəzi yeniliklərin nəticəsini hələ bir müddətdən sonra görəcəyik. Yəni ki, edilən dəyişikliklərə qiymət vermək hələ tezdir. Götürək, Olimpiya proqramı ilə bağlı dəyişikliyi. Bu bir qayda idi ki, yarışların proqramında 28 idman növü nümayiş etdirilirdi və idmançıların (10500), medalların da sayı buna uyğunlaşdırılırdı. Proqrama yeni idman növü daxil edildikdə, avtomatik olaraq digəri xaric edilməli idi. Təbii ki, Olimpiya proqramına yeni 5 idman növünün daxil edilməsi, əvəzində isə heç birinin çıxarılmaması zamanın tələbidir. Tokio-2020 Olimpiadasından başlayaraq idmançılar proqramda 28 deyil, 33 idman növü üzrə mübarizə aparacaqlar. Bu da istər-istəməz iştirakçıların və medalların sayının artmasına səbəb olacaq. Bir sözlə, Olimpiya proqramında aparılan islahat və edilən dəyişikliklər zamanın, dövrün tələbidir.

- BOK mütamadi olaraq Tokio-2020 Təşkilat Komitəsinin işindən narazılığını ifadə edir. Sizcə, bu nə ilə bağlıdır?

- Olimpiya Oyunları başlamamışdan 2-3 il əvvəl adətən, müəyyən narazılıqlar olur. Təşkilat Komitəsi büdcəyə qənaət etmək məqsədilə xərcləri azaltmağa çalışır. Bu isə BOK-un xoşuna gəlmir və ya tələblərinə cavab vermir. Yadınızdadırsa, Rio-2016 Olimpiadasında da bu cür narazılıqlar var idi, həm də ciddi şəkildə. BOK hətta yarışların təxirə salınmasını istəyirdi. Son vaxtlar təklif olunur ki, Olimpiya Oyunlarının təşkilinə əvvəlkindən fərqli olaraq daha az xərc qoyulsun. Yarışların proqramında idman növlərinin sayının artması da artıq xərc deməkdir. Təbii ki, sponsorlar müqavilə əsasında ancaq öhdəliklərinə düşəni edirlər, başqa xərclər onları maraqlandırmır. Olimpiya Oyunlarında əsas gəlir mənbələrindən biri də televiziyadır. Tamaşaçı kütləsi toplamaq asan məsələ deyil. Xeyli vaxtdır ki, televiziya tamaşaçısının sayı 2-3 milyarddan o yana keçmir. Əvəzində isə xərclər çoxdur, vəsait kifayət etmir. Mütəxəssislər xərcləri Olimpiya kəndlərinin sadələşdirilməsi hesabına azaltmağa çalışırlar. Belə bir problem də vardır ki, böyük xərc tələb edən müəyyən idman qurğuları Olimpiya Oyunlarından sonra istifadəsiz qalır. Məsələn, basketbol meydançası üçün 18.000, voleybol meydançası üçün 12.000 tamaşaçı tələb olunur. Tələblərə görə, stadion 80 min yerlik olmalıdır və s. BOK artıq xərclərə yol verməmək üçün bəzi tələbləri yumşaltmağa çalışır.

- Paris-2024 və Los-Anceles-2028 Olimpiadalarının seçimi ilə bağlı nə deyə bilərsiniz?

- Mövcud problemlərdən biri də namizəd şəhərlərin seçimi məsələsidir. Los-Anceles və Paris şəhərlərinə ev sahibliyinin seçimsiz verilməsi Olimpiya Oyunlarının prinsip və fəlsəfəsinin dəyişdiyini bizə deməyə əsas verir. BOK bununla vaxt udmağa, bəzi məsələləri yoluna qoymağa çalışır. Bir çox ölkələr artıq xərclərə girməmək üçün Olimpiya Oyunlarına namizədlikdən imtina edirlər. Ola bilsin ki, gələcəkdə bu yarışlar bir ölkənin bir neçə şəhərində və hətta bir neçə ölkədə keçirilə bilər. Mənim fikrimcə, bunun mənfi tərəfləri də var. Belə olan halda Olimpiya prinsiplərinə, fəlsəfəsinə və devizinə xələl gəlmiş olur. Xartiyaya görə, dünyanın bütün idmançıları "Olimpiya Oyunlarında əsas qələbə deyil, iştirakdır” devizi altında bir kənddə toplaşır, dostlaşır, bu yarışı bayram kimi qeyd edirlər. Olimpiada başqa-başqa şəhər və ölkədə keçirildiyi halda təbii ki, bu prinsiplər öz dəyərini itirəcək. Təbii ki, hər şeyi zaman göstərəcək.

- Yeniyetmələrin Buenos-Ayres-2018 Olimpiadasında açılış və bağlanış mərasimləri stadionda deyil, meydanda keçiriləcək...

- Sinqapur-2010 Olimpiadasında da açılış və bağlanış mərasimləri stadionda deyil, amfiteatr deyilən bir yerdə keçirildi. Bu o məqsədlə edilir ki, həm yarış iştirakçıları bayram əhval-ruhiyyəsini hiss etsinlər, həm də tədbirə çoxlu tamaşaçı baxa bilsin. Açılış mərasimində idmançılar tribuna önündən növbə ilə keçirlər və sanki burada qonaq kimi iştirak edirlər. Əslində, bu yarış idmançıların bayramıdır. Məsələn, açılış mərasimində iştirakçı ölkələrin bayraqlarını könüllülər apara bilərlər. Düşünürəm ki, oyunların açılış mərasimlərinin formatında dəyişikliklər edilməsi labüddür. Məsələn, biz gələn il ölkəmizdə keçiriləcək AYOF-ın açılış mərasimini Kristal Zalda konsert proqramı ilə əvəz etməyi düşünürük. Bununla yeniyetmə idmançılara gözəl anlar yaşatmaq istəyirik. 14-17 yaşlı məktəbli uşaqları, necə deyərlər, rəsmi tədbirlərlə yormaq nəyə lazım?

- Yeri gəlmişkən, Yeniyetmələrin Buenos-Ayres Olimpiadasına hazırlıqla bağlı nə deyə bilərsiniz?

- Olimpiadaya lisenziya yarışları davam edir və komanda demək olar ki, hələ tam formalaşmayıb. Düşünürəm ki, oyunların ucuzlaşdıdırlması məsələsi bu yarışlarda özünü daha qabarıq göstərəcək. Bunu indidən sübut edən səbəblər yetərincədir. Buenos-Ayres-2018 Təşkilat Komitəsinin işində qüsurlar, nöqsanlar bunu deməyə əsas verir. Yarışlar üçün çox az sayda avtobus ayrılıb, zolaqların olmaması, maşınlar üçün dayanacaqların ayrılmaması yaxşı qarşılanmır. Bundan başqa, iştirakçı ölkələrin idman nazirlərinə akkreditasiya verilməməsi də başadüşülən deyil. Yarış yerlərinin mehmanxanalardan çox uzaqda olması istər-istəməz problemlər yaradacaq. Bir də ki, yarışlara biletləri qolbağlar əvəs edəcək. Qolbağların kimə, necə və hansı tələblər əsasında veriləcəyi də hələ müəyyən deyil. İştirakçı ölkə kimi təşkilat komitəsinə iradlarımızı bildirimişik. Bundan əvvəl keçirilən Sinqapur-2010, Nankin-2014 Olimpiadalarında belə problemlər yox idi.
- Hazırda dünyanın bütün diqqəti Rusiyada keçirilən dünya çempionatına yönəlib. Hansı komandaya azarkeşlik edəcəksiniz?

- Futbolu çox sevirəm. Gəncliyimdə həyatımı futbolsuz təsəvvür etmirdim. Düzünü deyim ki, son illərdə hansısa bir komandaya azarkeşlik etmirəm. Futbolda da çox şeylər dəyişib. Ötənilki dünya çempionatında Braziliya Almaniya oyununda hesabın 7:1 hesabı ilə almanların xeyrinə başa çatması ağlasığmaz bir şey idi. İndi futbolda oyunun taleyini ayrı-ayrı oyunçular həll edir, komanda ruhu yox olub elə bil. Sevdiyim, oyununu bəyəndiyim futbolçular barmaqla sayıla biləcək qədərdir. Bunlar potruqaliyalı Kriştanu Ronaldo, argentinalı Messi, misirli Məmməd Salahdır.

Bilirsiniz, Peleni Eysebio ilə müqayisə edəndə nə deyib? Deyib ki: "Eysebio gözəl oyunçu idi. Amma o futbolçunu bir nömrəli oyunçu hesab edirəm ki, öz milli komandasını dünya çempionu etməyi bacarıb”. Pele, Maradona öz ölkəsini dünya çempionu edən bilən əfsanəvi futbolçulardır. Çox təəssüf ki, Messi 3-cü dəfədir ki, Argentina millisini çempion edə bilmir. Bekkenbauer Almaniyanı dünya çempionu, Çarter qardaşları isə İngiltərəni çempion etmişdilər. Ronaldo əsil futbolçu olduğunu Avropa çempionatında sübut etdi. O futbolçulara azarkeşlik edirəm ki, onlar həm klubda, həm də millidə fərqlənə bilsinlər. Portuqaliya komandası həmişə sevimli komandam olub. Kruif vaxtından Hollandiya komandasına rəğbətim var idi. Fransızlara heç vaxt baxmamışam. Amma Zidana görə Fransa yığmasının oyununu izləmişəm. Bir sözlə, milliyə oyunçuya görə azarkeşlik edirəm. Bu dəfə məhz Məmməd Salaha görə Misir yığmasına azarkeşlik edirəm. 

- UEFA Avropa Liqasının final oyunları Bakıda keçiriləcək. Təşkilat Komitəsinin üzvü kimi nə deyərdiniz?

- Tədbir Bakı Olimpiya Stadionunda və bir gün ərzində cəmi 2 saat çəkəcək. Finala hansı komandaların çıxmasından çox şey asılıdır. Güclü komandalar gələrsə, gələn qonaqların da sayı da çox olacaq. Yarışla bağlı heç bir problem yoxdur. Problem finala baxmağa gələn 25-50 min qonağın 3 gün ərzində yerləşdirilməsi məsələsi ilə bağlıdır. Bu məsələdə, aeroport, mehmanxana, restoran, təhlükəsizlik məsələlərinin həll edilməsi çox vacibdir. Yenə də deyirəm, yarışla bağlı elə bir problem, çətinlik yoxdur. Problem oyunun ətrafında olan, oyuna baxmağa gələn azarkeş kütləsi ilə bağlı olacaq. Təşkilat Komitəsi əsas diqqəti buna yönəldəcək. Qonaqlar hamısı birdən eyni vaxtda gəldikləri üçün müəyyən çətinliklər yarana bilər. Çox güman ki, Bakı Hava Limanında bütün kənar reyslər təxirə salınacaq və aeroport gərgin iş rejimində işləyəcək.

- Çingiz müəllim, deyəsən, Sizi yorduq. Maraqlıdır, yorulanda necə dincəlirsiniz?

- Əvəllər yorgun olanda kitab oxuyurdum. İndi məni rəqəmlər sakitləşdirir. Məsələn, sudoku oynayıram. krossvords həll edirəm.

- Nədən yorulursunuz?

- Müasir informasiya bolluğunda adamı çox şey yorur. Hərdən də mətbuatdakı bəzi yazılardan da bezirəm.

- Televiziyaya baxırsınızmı?

- Televiziyada əsasən, xəbərlərə və komediya janrında filmlərə baxıram.

- Axırıncı oxuduğunuz kitab hansıdır?

- Elmi mövzuda kitabları demək olar ki, hər gün oxuyuram. Hərdən poeziyaya da müraciət edirəm.

- Stolunuzun üstündə müqəddəs Quran kitabı görürük...

- Quran stolüstü kitabımdır və bu müqəddəs kitabı ərəbcədən oxuyuram. Burada əxlaq və mənəviyyatdan tutmuş hüquqa kimi çox incəliklər haqda məlumat verilib.





Səadət Hakıyeva