Azərbaycanda idman və fiziki hazırlıq Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulub

Azərbaycanda idman və fiziki hazırlıq Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulub

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşır və ona həyati əhəmiyyətli məsələ kimi baxır. Şübhəsiz ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

Heydər Əliyev


Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur soydaşlarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalqın öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gəncləri yetişib və yetişməkdədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.
Artıq bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan və vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Gənclərdə vətənpərvəlik hisslərinin yüksək olması ordu quruculuğuna da öz təsirini göstərir. Müstəqillik qazandıqdan sonra ordu quruculuğunda aparılan köklü islahatlar isə hərb sahəsində əvəzsiz rol oynadı. Hər bir dövlət istəyir ki, ordusu güclü olsun. Buna görə də, bu sahədə gənclərin üzərinə ağır yük düşür. Təbii ki, əvvəlcə gənclərə yüksək səviyyədə milli mənlik şüurunu aşılamaq lazımdır. Ölkəmizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə bağlı keçirilən bayram böyük iftixar hissi ilə qeyd edilir. Bu amil gənclərdə ruh yüksəliyi yaradır. Sevindirici haldır ki, hazırda özlərini hərb peşəsində sınayan gənclərin sayı artmaqdadır. Gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi bizim ordumuzun bu günü və gələcəyi üçün əhəmiyyətlidir.
Respublikamızda yetişməkdə olan gənclərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolu danılmazdır. Bundan başqa, idman gənclərimizin həyat tərzinin formalaşmasında da müstəsna rol oynayır. Onların yarışlarda yüksək yerləri tutması milli mənlik şüurunun inkişafına da öz töhfəsini verir. Gənc nəslin nümayəndələrinin müxtəlif yarışlarda qələbə əzmi ilə mübarizə aparması onlarda vətənpərvərlik hissini formalaşdırır. Beynəlxalq arenalarda himnimizin səslənməsi və üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı idmançının borcu olmalıdır. Eyni zamanda, medal əldə edən idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunədir.

Dünya kubokunun Bakıda keçirilməsi gənc nəslin idmana marağını artırır

Azərbaycanın ordu sıralarında xidmət edən yüzlərlə hərbçi idmançısı müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Eyni zamanda, paytaxtımız dünya hərbçiləri arasında ayrı-ayrı növlər üzrə beynəlxalq turnirlərə ev sahibliyi edir. Məlumat üçün bildirək ki, hərbçilər arasında keçirilən yarışlar Beynəlxalq Hərbi İdman Şurası (CİSM) tərəfindən təşkil olunur. CİSM dünya miqyaslı hərbi idman təşkilatıdır. Onun məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır. Bu qurum 1948-ci il fevralın 18-də Fransada yaradılıb. Qurumun yaradılması ilə bağlı təşkil olunan iclasda Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayəndələri bir yerə toplaşaraq CİSM-i yaradıblar. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirən bu təşkilat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınıb. Hazırda 137 ölkəni özündə birləşdirən CİSM qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridir. Əsas məqsəd və vəzifələrə nail olmaq üçün CİSM hər il hərbçilər arasında 20-yə yaxın dünya çempionatı və 100-dən çox qitələrarası və regional hərbi idman yarışları keçirir.
Yeri gəlmişkən, hazırda Bakı şəhəri hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya kubokuna ev sahibliyi edir. Bu, ölkəmizdə idmana göstərilən qayğını, respublikamızda yaradılan idman qurğularının müasir tələblərə cavab verməsini bir daha sübut edir. Şübhəsiz ki, dünya hərbçilərinin yenidən Azərbaycanda toplaşması ölkə futbolunun inkişafına öz müsbət təsirini göstərəcək. Həmçinin Azərbaycanın gənc nəslinin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynayacaq. Bu il fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Beynəlxalq Hərbi İdman Şurası arasında "Beynəlxalq Hərbi İdman Şurasının 1-ci dünya futbol kubokunun təşkili haqqında” müqavilə imzalanıb. Müqavilə sənədini Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov və Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum imzalayıblar.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov qeyd edib ki, bu müqavilə Bakıda keçiriləcək hərbçilərin futbol üzrə birinci Dünya kuboku yarışlarının yüksək səviyyədə təşkil edilməsi və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə imzalanıb.
Çingiz Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra ölkəmizdə idman və Olimpiya Hərəkatı sürətlə inkişaf edib. Bunun nəticəsində Azərbaycan idmançıları qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda və Olimpiya oyunlarında böyük uğurlar əldə ediblər. Azərbaycanda idman və fiziki hazırlıq Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulub. İndiyədək Azərbaycan Beynəlxalq Hərbi İdman Şurası çərçivəsində cüdo, güləş, boks üzrə dünya çempionatlarına və bu qurumun Avropa konfransına ev sahibliyi edib.
Azərbaycan Silahlı Qüvvələrinin idmançıları indiyədək bu qurum çərçivəsində keçirilən dünya və Avropa çempionatlarında 170-dən çox medal qazanıb”, - deyə nazir müavini bildirib.
Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum tədbirin təşkili üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Kamerunlu qonaq qeyd edib ki, bu tədbirlər minlərlə hərbçini bir araya gətirir və dostluq məqsədi daşıyır. "Azərbaycan bu tədbirin təşkilində bizə yardım etməklə sülhsevər ölkə olduğunu göstərir. Biz gələcəkdə minlərlə idmançılarımızla birlikdə burada keçirilən tədbirlərdə iştirak edəcəyik. İnanıram ki, Azərbaycanın bütün beynəlxalq yarışları keçirməyə imkanı var”, - deyə Hamad Kalkaba Malboum vurğulayıb.
Qeyd edək ki, dünya kubokunda 16 komanda medallar uğrunda mübarizə aparır. Belə ki, yarışda Asiya qitəsindən Oman, Qətər, İraq, Bəhreyn; Amerikadan Braziliya, ABŞ, Kanada; Afrikadan Kamerun, Əlcəzair, Kot-D İvuar, Keniya, Mali; Avropadan Almaniya, Fransa və Hollandiya komandaları iştirak edirlər. Yarışda 16-cı komanda isə ev sahibi kimi Azərbaycandır. Yeri gəlmişkən, millimiz turnir çərçivəsində artıq 2 oyun keçirib. Komandamız Mali (4:0) və Kanada (2:0) yığmalarını məğlub edərək, vaxtından əvvəl 1/4 final mərhələsinə vəsiqə qazanıb. Həmyerlilərimiz son turda qrup liderliyi uğrunda İraq millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Beynəlxalq Hərbi İdman Şurası tarixində ilk dəfə keçirilən birinci futbol kubokuna ev sahibliyinin Azərbaycana etibar edilməsi çox sevindirici haldır. Azərbaycan dövləti digər beynəlxalq turnirlər kimi, bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə təminat verib. Bununla əlaqədar müdafiə, gənclər və idman nazirlikləri və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılıb.
Bakıda keçirilən yarışlarda 16 ölkədən 500 hərbçi idmançı iştirak edir. Bu tədbirin işıqlandırılması üçün xaricdən çoxlu sayda beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri də Bakıya gəliblər. İyulun 2-də start götürən yarış "Şəfa”, "Dalğa Arena”, "Bayıl Arena” və "Zirə” stadionlarında keçirilir. Turnirin bağlanış mərasimi iyulun 14-də olacaq.

"Qısa müddət ərzində respublikamız idman ölkəsinə çevrilib”
Ötən həftə Bakının "Dalğa Arena” stadionunda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında futbol üzrə I dünya kubokunun təntənəli açılış mərasiminə start verildi. Açılış mərasimində Azərbaycan Respublikasının Müdafiə naziri, general-palkovnik Səfər Əbiyev, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum, AFFA-nın baş katibi Elxan Məmmədov və yarışda çıxış edəcək 16 dövlətin futbol komandasının nümayəndələri iştirak edirdilər.
Turnirə çoxlu sayda qonağın gəlməsi onların dünya kubokuna ciddi yanaşmalarının bariz nümunəsidir. Tədbirdə çıxış edənlər Azərbaycanın həm idman, həm də ordu sahəsində yetərincə inkişaf etdiyini dəfələrlə vurğulayırdılar. Belə yarışın ölkəmizdə keçirilməsi ordumuza göstərilən qayğıdan irəli gəlir. Bu onu göstərir ki, tək vətənin keşiyində durmaqla kifayətlənmək olmaz. Daim idmanla da məşğul olmaq lazımdır. Hərbçilər arasında birinci dünya futbol kubokunun təşkilat komitəsinin sədri, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev turnirin açılış mərasimində qeyd etdi ki, belə tədbirlər gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə təkan verir. O, bildirdi ki, hərbçilər arasında idman yarışlarının tez-tez təşkil olunması onların daha sağlam və çevik olmasına şərait yaradır. "Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də bir çox uğurlar əldə etdi. Bu, ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir. İftixar hissi ilə qeyd edə bilərəm ki, hərbçilər arasında futbol üzrə I dünya kubokuna Bakı şəhəri ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladıqdan sonra ölkəmizdə idman və bədən tərbiyəsi kütləvi şəkildə inkişaf etməyə başlayıb. Qısa müddət ərzində respublikamız idman ölkəsinə çevrilib. Ölkə idmanına göstərilən diqqət və qayğının nəticəsi olaraq idmançılarımız beynəlxalq arenalarda böyük uğurlar əldə edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür. Azərbaycanın ordu idmançıları həmin vaxtdan bugünədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda iştirak edərək 85 qızıl, 74 gümüş və 112 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bu vaxtadək Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə Azərbaycanda 2004-cü ildə cüdo, 2006-cı ildə güləş və 2008-ci ildə boks üzrə dünya çempionatları uğurla keçirilib. İnanıram ki, qədim idman ənənələrinə malik olan Azərbaycan torpağından xoş və zəngin təəssüratla doğma ölkələrinizə qayıdacaqsınız. Arzu edirəm ki, Azərbaycan hərbçilərinin yığma futbol komandası çempionatda Azərbaycan Silahlı Qüvvələrini və xalqımızı ləyaqətlə təmsil etsinlər. Bir daha Hərbçilər arasında keçirilən I dünya kuboku yarışlarını iştirakçılarını, məşqçilərini, nümayəndə heyətlərinin rəhbərlərini və çempionatın bütün təşkilatçılarını salamlayır və hakimlərin ədalətli qərar verməsini arzulayıram”, - deyə Səfər Əbiyev əlavə edib.
Turnirə maraq kifayət qədər yüksəkdir. Demək olar ki, açılış mərasimində stadion azarkeşlər tərəfindən tam dolmuşdu. Qeyd edim ki, komandamızın heyəti hərbi xidmətdə olan gənclərdən qurulub. Bu, onu göstərir ki, əsgərlərimiz vətənimizin keşiyində durmaqla yanaşı, həm də idmanla yaxından maraqlanırlar. Bu, bizi sevindirən məqamlardandır. Dünya kuboku kimi, mötəbər yarışın ölkəmizdə təşkili gənclərdə bu sahəyə həvəsi daha da artırır. Onlar belə yarışlarda azarkeş kimi komandamızı stadionlarda dəstəkləyir, hərbçi idmançılarımıza ruh yüksəkliyi verirlər. Komandamız isə belə dəstək sayəsində qələbə qazanmağa, xalqımızın adını, dövlətimizin bayrağını ucalara qaldırmağa və azarkeşlərə sevinc bəxş etməyə çalışırlar. Hərbçilərimiz güclü azarkeş dəstəyi altında özlərinə inam hissləri artır və daim qələbə haqda fikirləşirlər.
Qeyd edək ki, Azərbaycanda bu cür möhtəşəm yarışların təşkil olunması ölkəmizin gənc nəslinin idmana olan marağının artması ilə yanaşı, onların milli mənlik şüurunun inkişafına da öz müsbət təsirini göstərir. Həmçinin ordu sıralarınada yer alan gənc əsgərlərimizin fiziki sağlamlığı möhkəmlənir. Hərbçi idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığını önə çəkir.
Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.