Xırdalan məktəbində gələcəyin istedadlı şahmatçıları yetişir

Xırdalan məktəbində gələcəyin istedadlı şahmatçıları yetişir

İntellektual idman növlərindən biri olan şahmat yarandığı dövrdən bu günə kimi öz popularlığını və əhəmiyyətini qoruyub saxlaya bilib. Aparılan araşdırmalara görə bu gün dünyada milyarda yaxın insan şahmatla maraqlanır. Bu heç də bəsit göstərici sayılmır. Şahmat insan düşüncəsi, həyat fəaliyyəti üçün xarakterik olan bir məşğuliyyətdir. Psixoloqların fikrincə bu intellektual idman növü ilə lap erkən vaxtlarda məşğul olmaq vacib şərtdir.
Araşdırmalara görə, şahmatın sayəsində uşaq kiçik yaşlarından müstəqil qərar vermək kimi xüsusiyyətə yiyələnir. Bundan əlavə, uşaqlarda mövcud vəziyyəti məntiqli qiymətləndirmək vərdişi də formalaşır. Təbii ki, bu bacarıqlar onun gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bundan əlavə şahmatla məşğul olan uşaqlar vaxtlarını düzgün planlaşdırmaq, strateji düşüncə tərzi və qoyulan məqsədlərə çatmaq bacarıqlarına malik olurlar. Nəticədə uşağın yaddaşı və riyazi hesablama qabiliyyəti də digər uşaqlara nisbətən daha güclü inkişaf edir. İlk baxışdan darıxdırıcı bir məşğuliyyət təsiri bağışlasa da, bu idman növü əslində uşaqlara mübariz və israrlı olmağı öyrədir. Bu baxımdan şahmat, boks, cüdo və ya güləşdən heç də geri qalmır. Yeganə fərq isə fiziki deyil, intelektual gücdən daha çox istifadə olunmasıdır.
Həkimlərin qənaətinə görə, şahmat özü nəinki uşaqda, hətta böyüklərdə də, hər iki yarımkürənin eyni vaxtda işləməsinə təsir göstərir. Bu həm diqqəti formalaşdırır, həm foto yaddaşı gücləndirir, Eyni vaxtda sol və sağ yarımkürə vəhdət təşkil edir. Təbii ki, bu da həm məntiqi təfəkkürü formalaşdırır, həm də ki, uşağın daha yaradıcı qabiliyyətə malik olmasını yaradır.
"Olimpiya dünyası” qəzeti ölkəmizdə şahmata diqqət yetirən idman nəşrləri arasında xüsusi rola malikdir. Hər sayımızda bu intellektual idman növü üzrə keçirilən yarışlardan, uğur qazanan şahmatçılardan bəhs edən yazılar dərc edirik. Budəfəki sayımızda şahmatda ilk addımlarını atan kiçikyaşlı bir istedadı oxucularımıza təqdim etmək istəyirik. Şamil Hüseynov 11 yaşı olmasına baxmayaraq, intellekti ilə xeyli fərqlənir. Onunla söhbətimiz zamanı bir daha belə qənaətə gəldik ki, şahmat uşağı insani keyfiyyətlərə kökləyir, onu cəmiyyətə layiqli bir vətəndaş kimi hazırlayır.

"Təkcə,
fiqurların
hərəkətlərini
bilmək kifayət etmir”
Şamillə söhbətimiz elə onun şahmat dərsi keçdiyi otaqda baş tutdu. Respublika dərəcəli hakim, məşqçi-müəllim Ruhəngiz Dibirova da bizə onunla söhbət üçün şərait yaratdı. Şahmat müəllimi əvvəlcə məktəb haqqında məlumat verdi. O bildirdi ki, 2014-cü ilin oktyabr ayında açılışı olan bu məktəbdə yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Şamilin sevimli müəllimələrindən biri olan Ruhəngiz xanım əvvəlcə özü barədə məlumat verdi.

"20 ildir ki, məşqçi-müəllim kimi çalışıram. Mənim şahmatda dərəcəm yüksək olduğu üçün artıq gənc yaşlarımdan demək olar ki, məşqçiliyə başlamışdım. 2013-cü ildən "Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində məşqçi-müəllim işləyirəm. 2014-cü ildən isə məni Xırdalan şahmat məktəbinə dəvət etdilər. Elə həmin müddətdən də burada çalışıram. Burada kifayət qədər uşağın şahmat sirlərinə yiyələnməsində vasitəçi olmuşam. Respublika dərəcəli hakiməm. Tezliklə FİDE hakimi adını alacağam. Məktəb barəsində məlumat verim ki, bu təhsil ocağı cəmi beş ilə yaxındır ki, fəaliyyət göstərir. Burada 5 yaşından 16 yaşına qədər uşaqlar şahmatın sirlərinə yiyələnirlər. Məktəb yeni olduğuna görə nailiyyətləri bir o qədər də çox deyil. Hər şey görülən işdən və çəkilən zəhmətdən asılıdır. İnanıram ki, bizim şahmat məktəbi də ölkəmizdə fəaliyyət göstərən digər məktəblər kimi nailiyyətli şahmatçıların yetişməsində böyük pay sahibi olacaq”, - deyə Ruhəngiz müəllimə bildirdi.
Daha sonra müsahibimiz yeniyetmə şahmatçımız barəsində fikirlərini diqqətə çatdırdı. Söhbət zamanı hiss etdik ki, müəllimə öz şagirdinin dərslərə, xüsusilə şahmata olan həvəsindən çox razıdır. "Bu məktəbdə istedadlı yetirmələrimiz var. Belə şahmatçılardan biri də Şamil Hüseynovdur. Şamil məktəbimizə 2016-cı ilin sentyabr ayından daxil olub. Hər zaman dərslərdə nümunəvi şagird kimi davamlı olaraq iştirak edib. Artıq ilk dərslərimizdən onun istedadlı olduğunu hiss etmişdim. Etiraf edim ki, Şamil düşüncəsinə və həvəsinə görə həmyaşıdlarından fərqlənirdi. Ona verilən tapşırıqları tez bir zamanda yerinə yetirirdi. Ən əsası isə şahmat oynamağı həddindən artıq çox sevir, həvəsi hədsizdir. Bu isə hər uşaqda hiss olunmur. Şamil tezliklə məktəbdaxili və Xırdalan şəhərində yerləşən yarışların hər birində iştirak etdi. Bir müddətdən sonra isə nəticələr qazanmağa başladı. Qısa zaman ərzində ardıcıl olaraq, 4, 3 və 2-ci dərəcə normalarını yerinə yetirdi. Şamil, əsasən Xırdalanda keçirilən yarışlarda iştirak edib. Lakin onun böyük potensialı var. Əgər o şəhər yarışlarında iştirak etsə idi, bu gün artıq birinci dərəcə normasını da yerinə yetirmiş olardı. Bir müəllim olaraq Şamilin istedadını görür, hər zaman onu dəstəkləyirəm. Düşünürəm ki, gələcəkdə də Şamil böyük nəticələr qazana biləcək.
Bir məsələni də qeyd edim ki, uşaqlar müxtəlif xarakterli olur. Bəzi istedadlı uşaqlar var ki, onların oturma və dinləmə qabiliyyəti zəif olur. Şamil məktəbə yeni gələndə də dərslərdə oturmağa səbri çatmırdı. Daim şahmat oynamaq istəyirdi. Həmişə Şamilə məsləhət verirdim ki, oynamaq üçün, əvvəlcə bu oyunun elmini öyrənməlisən ki, bildiklərini tətbiq edəsən. Təkcə, fiqurların hərəkətlərini bilmək kifayət etmir. Bu oyunun nəzəriyyəsini də bilməlisən.
Müəllimənin borcu uşağa şahmatı sevdirmək, ona bu növün sirlərini, incəliklərini izah etməkdir. Lakin bu işdə bizə valideynlər də kömək etməlidirlər. İdman elə bir sahədir ki, valideynlə müəllim birgə işləməlidir. Uşaq dərsdə öyrəndiklərini tətbiq etmək üçün mütləq yarışlarda iştirak etməlidir. Təkcə məktəbdə öyrəndikləri ilə kifayətlənməməlidir. Bunun üçün valideynlər özləri uşaqlarının şəhərdə keçirilən yarışlarda iştirakına şərait yaratmalıdır. Əgər uşaq, nə qədər çox yeni rəqiblə qarşılaşsa, bu ona gələcək karyerasında təcrübə baxımdan böyük kömək olacaq. Təəssüf ki, bu gün valideynlər buna etinasız yanaşırlar. Belə olan halda isə uşaqların öyrəndikləri biliklər o qədər də effektli olmur”, - deyə o bildirdi.



"Mən də tanınmış
qrossmeysterlərin sırasında olmaq istəyirəm”

Şahmat otağında söhbətmiz zamanı hiss etdik ki, Şamil də öz fikirlərini bildirmək istəyir. Elə buna görədə Şamilə özünü təqdim etməsini və şahmata olan sevgisinin haradan qaynaqlandığını sual verdik. Utancaq müsahibimiz özü barədə bunları dedi: "2008-ci il sentyabrın 19-da anadan olmuşam. Şahmatı 2015-ci ildə mənə atam öyrədib. O, həvəskar şəkildə şahmat oynayır. Şahmatda uğur qazanmaq üçün onunla peşəkar məşğul olmaq lazımdır. Ruhəngiz müəllimə mənə şahmatın incəliklərini öyrədib. 2016-cı ildən Xırdalan şahmat məktəbinin şagirdiyəm. Şahmat oynamaq, bu oyunu öyrənmək dərslərimdə də mənə böyük kömək olur. Riyaziyyat fənni çox çətin fənlərdən biridir. Amma mən həmin fənni yaxşı oxuyuram. Evdə valideynlərim də mənə kömək edirlər. Hiss edirəm ki, onlar mənim şahmat oynamağımdan və dərslərimi yaxşı oxumağımdan razı qalırlar. Özüm də çox istəyirəm ki, gələcəkdə tanınmış şahmatçılar sırasında yer alım. Çalışacağam ki, bunun üçün özümü daha da inkişaf etdirim. Asudə vaxtlarımda şahmat kitabından "Karo-Kann müdafiəsi” və s kimi gedişləri öyrənməyə çalışıram. Gələcəkdə keçiriləcək turnirlərdə çempion olmaq üçün müxtəlif kombinasiyaları, debütləri və gedişləri öyrənməli, biliklərimi daha da təkmilləşdirməliyəm.
Hələ ki, Xırdalanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlarda, həmçinin bilik gününə həsr olunmuş turnirlərdə birinci yeri tutmuşam. Bu naliyyətlər məni yeni qələbələr qazanmağa və mübarizə aparmağa stimul verdi. Düşünürəm ki, nailiyyət qazanmaq üçün daha böyük yarışlarda iştirak etməli və hazırlıq səviyyəmi daha da yaxşılaşdırmalıyam. Ölkəmizdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov kimi güclü zəka sahiblərimiz var. Mən də gələcəkdə tanınmış qrossmeysterlərin sırasında olmaq istəyirəm. Əgər bir gün həmin şahmatçılar bizim məktəbdə seans keçsələr, onlardan debütdə hansı gedişlə başlamağı soruşardım. Bu yaxınlarda Aydın Süleymanlı Hindistanda 14 yaşlı şahmatçılar arasında dünya çempionu oldu. Televiziyada eşitdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Aydın Süleymanlını qələbə münasibəti ilə təbrik edib. Bu, hadisə mənə daha da stimul verdi. Çox istəyirəm ki, bir gün mən də həmin səviyyəyə çatım. Bunu bacarmaq üçün isə daha çox çalışmaq istəyirəm”.
Bununla da Xırdalan şahmat məktəbindəki, görüşümüz başa çatdı. Lakin bu hələ son deyil. Biz əminik ki, yaxın müddətdə yenidən həmin təhsil ocağına baş çəkəcəyik. İnanırıq ki, kiçik şahmatçımızın əldə etdiyi uğurlar daha da artacaq. Biz onunla beynəlxalq yarışın qalibi kimi söhbət edəcəyik. Hər zaman Azərbaycanı təmsil edən idmançıları diqqətdə saxlayan "Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucuları adından balaca şahmatçımıza böyük nailiyyətlər diləyirik.

Anar Əhmədov