ADBTİA-da elmi-praktiki konfrans keçirilib

ADBTİA-da elmi-praktiki konfrans keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idmanda müasir elmi tədqiqat işlərinin inkişaf perspektivləri” mövzusunda professor-müəllim heyətinin elmi-praktiki konfransı keçirilib. Tədbirdə ölkənin tanınmış bədən tərbiyəsi və idman xadimləri, Akademiyanın professor-müəllim heyəti iştirak edib.
Plenar iclası açıq elan edən akademiyanın rektoru Fuad Hacıyev bu ali təhsil ocağında kadrların hazırlanması sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Natiq çıxışının sonunda konfrans iştirakçılarına müzakirələrdə fəal iştirak etməyi, ortaya əməli nəticələr qoymağı və bütövlükdə tədris prosesini müasir tələblərə uyğun qurmağı tövsiyə edərək, konfransın işinə uğurlar arzulayıb.
Tədris metodiki şurasının məsul katibi Yusif Quliyev konfrasın məqsədi, formatı, reqlamenti barədə məlumatın və konfransa təqdim edilmiş materialların Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Elmi xəbərlər” jurnalında dərc ediləcəyi haqqında məlumat verib.
Akademiyanın elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, Tibbi-bioloji elmlər kafedrasının müdiri Xəlil Qasımov digər natiqlər məruzələrlə çıxış ediblər.
Məşq və fiziki hazırlıq fakültəsinin dekanı, professor Firat Hüseynov məruzəsində ""Hərəkət strukturu və əzələ - bağ aparatının reaktivlik potensialının tədqiqi” haqqında danışıb.
"Tədqiqat istiqamətlərindən asılı olmayaraq, hərəkət strukturunun öyrənilməsi bədən tərbiyəsi və idman sahəsində həmişə aktual problem sayılır. Bu onunla əlaqədardır ki, istənilən idman növündə məşq yükünün təsiri nəticəsində hərəkət strukturunda müəyyən dəyişikliklər və təkmilləşmələr baş verir. Eyni zamanda məşq yükünün və onun məzmununun düzgün müəyyənləşdirilməməsi nəticəsində idmançı hazırlığında formalaşmış "zəif həlqələr” də hərəkət strukturunda yer tutur. Beləliklə, düzgün müəyyən olunmuş qiymətləndirmə hərəkətləri strukturunun təhlili idmançı hazırlığındakı zəif cəhətləri korreksiya etməyə, onları aradan qaldırmağa əsas vermiş olur.

İdman növündən asılı olmayaraq, insan bədəninin yerdəyişməsi 14 böyük seqmentdə baş verir. İrəliləmələr və yerdəyişmələr zamanı insanın dayaq sahəsinə nisbətən gövdənin və ətrafların yerləşmə vəziyyəti əlavə hərəkət enerjisindən istifadə üçün şərait yaradır. Bu enerji sırasında birinci yerdə duran əzələ-bağ aparatının reaktivlik enerjisidir. Bu enerjinin yaranma şəraiti və onun təzahürü idman sahəsində çalışan tədqiqatçıları həmişə maraqlandırır”, - deyə o, məruzəsində bildirib.
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev "Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında beynəlxalq təhsil sahəsində əlaqələrin möhkəmlənmə yolları” haqqında məruzə edib.
"Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb.
Azərbaycanda təhsilin dünya təhsil sisteminə və ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini geniş şəkildə araşdırmaq və nəticələrini qiymətləndirmək mühüm əhəmiyyət və aktuallıq kəsb edir.
Hər bir yeni yaradılan dövlətin, müstəqillik qazanmış bir respublikanın ən ümdə vəzifələrindən biri öz milli təhsil sisteminin yaradılmasına, bu sistemin sivil dövlətlərin təhsili səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Müstəqillik əldə etdiyimiz dövrdən bəri yeni təhsil sisteminin təşkili, onun inkişafı dövlətçilik siyasətinin ən önəmli uğurlarındandır. Təhsil islahatımızda yeni prinsiplərə, tələblərə tezliklə sirayət olunmalı, həmçinin humanistləşdirmə, diferensiallaşdırma və fərdiləşdirmə yolları ilə pedaqoji təfəkkürü formalaşdırıb yeni, nailiyyətlər əldə edə bilərik”, - deyə Dilqəm Quliyev vurğulayıb.
Məruzəsində Bədən Tərbiyəsi və İdman Akademiyasının Avropa ali təhsil məkanına inteqrasiyası məsələsində bir çox əhəmiyyət kəsb edən problem, perspektivlərindən danışan məruzəçi deyib:
"Birgə təhsil proqramları, xüsusilə ikili diplom dünyada universitetlərin əməkdaşlığının qanunauyğun mərhələsi kimi meydana çıxır. İdman Akademiyasının və Avropa ali məktəblərinin birgə proqramlarının yaradılması siyasətinin və asılılığının təhlili göstərir ki, akademiyada təhsil sisteminin inkişafı Avropa təhsil sistemindən asılılığın azaldılmasına səbəb olur. Avropa universitetləri ilə İdman Akademiyasının birgə proqramlar hazırlamasında başlıca prioritetlərdən biri də yeni təhsil bazarına çıxış, tələbə cəlb edilməsinin genişləndirilməsi, diplomların əmək bazarında mövqe və tanınma dərəcəsinin gücləndirilməsindən ibarətdir. Eyni zamanda İdman Akedimiysının müəllim və tədqiqatçıları üçün daha əlverişli şərait yaradılması və akademiyanın ali beynəlxalq rəqabət qabiliyyətliliyinin möhkəmləndirilməsindən ibarətdir”.
Natiqlərin çıxışından sonra konfrans öz işini "İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və "Bədən tərbiyəsi və idmanın idarə edilməsi və sosial-iqtisadi aspektləri” bölmələri üzrə davam etdirib. Konfransda ümumilikdə 35-ə yaxın məruzə dinlənilib.
Məruzələrdə fənlərin tədrisinin məqsəd və vəzifələri, mövcud vəziyyəti, aktual problemləri, imkan və perspektivləri mövcud problemləri diqqətə çatdırılıb. Bundan başqa çıxışlarda idmançıların qanında müqayisəli tədqiqi, fiziki tərbiyə dərslərinə olan təsirinin tədqiqi, pedaqoji-metodik işin modernləşdirilməsi, təhsildə keyfiyyətin idarə olunmasında beynəlxalq təhsil tədqiqatlarının rolu, valideyn övlad münasibətlərinin yeniyetmənin özünü qiymətləndirməsinə təsiri, tələbələrin asudə vaxtının təşkili yolları, fiziki tərbiyə müəllimi hazırlığının məzmunu, fiziki hazırlığına nəzarət və qiymətləndirmə metodları, idmanda qəfləti ölüm, linqvistik imperializmin inkişaf faktoru kimi idman sahəsində funksionallaşması, təlim prosesində yeni öyrənmə modelləri, mənəvi-əxlaqi dəyərlərin təhsildə tətbiqi, əhalinin bədən tərbiyəsi və idmana həvəsləndirilməsinin üsul və vasitələrindən danışılıb. Məruzələrdə həmçinin internat məktəblərinin təlim-tərbiyə işində fiziki tərbiyənin rolu, ingilis dilinin öyrənilməsinin aktual problemləri, ikinci dilin mənimsənilməsi və öyrənilməsi proseslərinə ana dilinin təsiri, idmançı psixologiyasında qorxuların rolu, idman testlərinin etibarlılığının yoxlanılması, ali məktəbdə təhsilin məzmununa texnoloji yanaşmaların xüsusiyyətləri və digər mühüm məqamlar öz əksini tapıb. Bölmə iclaslarında məruzələr müzakirə edilib, maraqlı və dəyərli təkliflər irəli sürülüb.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.

Dilqəm Quliyev