Gənclərin vətənpərvərlik prinsipləri əsasında formalaşması öndə duran məsələlərdəndir

Gənclərin vətənpərvərlik prinsipləri əsasında formalaşması öndə duran məsələlərdəndir
XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi geridə qalan illər ərzində müxtəlif çətinliklərlə üzləşib, mürəkkəb yol keçib. Azadlıq ideyalarına sadiq olan xalqımız və dövlətimiz ölkədə qarşıya çıxan çətinlikləri milli ideyaların gücü ilə dəf edərək, demokratik və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması yolunda qətiyyətlə irəliləyir. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində respublikamızda hökm sürən qeyri-sabitlik şəraitində Azərbaycanın gənc nəsli sanki unudulmuşdu. Ölkəmizin gəncləri, demək olar ki, problemlər içərisində idi. Lakin 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı respublikamızda siyasi sabitlik, əmin-amanlıq, demokratik mühit yaratdı. Uzun müddət kölgədə qalan Azərbaycan gəncliyinin həyatında yeni səhifə açıldı. Gənc nəsil dövlət quruculuğu işlərinə cəlb olundu. Gənclərin hərtərəfli inkişafı, respublikanın ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi, onların problemlərinin həlli dövlətimizin əsas məqsədinə çevrildi. Dövlətimiz gənc nəslin fiziki inkişafına da xüsusi diqqətlə yanaşmağa başladı. Azərbaycanda inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar uşaq və yeniyetmələrimizin sağlam xidmət etməyə başladı. Gənclərə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqətlə yanaşıldı. Ölkəmizdə fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün bu, vacib idi. Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də təmsilçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlər oldu. Yaradılan şəraitdən bəhrələnən Azərbaycan gəncliyi öz sağlamlığını qorumaqla yanaşı, həm də bir sıra əhəmiyyətli yarışlarda uğur qazanmaqla ölkəmizin adını yüksəltdi.
Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən uşaq, yeniyetmə və gənclərin qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün bir sıra mühüm qərarlar qəbul olundu. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il iyulun 29-da imzalanmış "Dövlət gənclər siyasəti haqqında” fərman və fərmanla təsdiq olunmuş geniş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri, gənclərin bütün təbəqələrinin problemlərinin həlli üzrə konkret tədbirlər öz əksini tapdı. 2002-ci ildə Azərbaycan Respublikasının "Gənclər siyasəti haqqında” qanunu qəbul olundu. Bu qanun respublikamızda gənclər siyasətinin məqsədini, istiqamətini və hüquqi əsaslarını tənzimlədi. Qanunda gənclər siyasətinin aşağıdakı əsas prinsipləri öz əksini tapdı:
- gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik və dünyəvilik prinsipləri əsasında formalaşması;
- gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
- gənclərin yaradıcılıq potensialının, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipinin əsas götürülməsi.
Bu qanun Azərbaycan gənclərinin həyatında "yaşıl işıq” yandırdı. Ölkəmizin gənc nəslinin vətənpərvər ruhda tərbiyəsində bu qanunun xüsusi əhəmiyyəti oldu. Gənclər öz enerjisinə, gücünə güvəndi və gələcəyimiz üçün gərəkli olduqlarını anladılar. Azərbaycan gəncliyi dərk etdi ki, o, bütün müsbət əməlləri ilə dövlətimizə, xalqımıza faydalı ola bilər. Sevindirici haldır ki, bu gün Azərbaycanın gənc nəsli vətənə, ölkəyə, doğma torpaqlara sədaqət ruhunda tərbiyə alır. Hər bir gənc doğma vətənimizin çiçəklənməsi, qanlar bahasına əldə olunan müstəqilliyimizin qorunub saxlanması istiqamətində əlindən gələni əsirgəmir. Onların hər biri vətəndaşlıq vəzifəsini şərəflə yerinə yetirir.

Mənlik hissi insanın öz fikir və hisslərini öyrənməsinə yönəlir

Gənc nəslə göstərilən qayğı onların milli şüurunun təşəkkül tapmasına zəmin yaratdı. Bu, ən vacib amillərdən biri idi. Çünki milli şüura yiyələnməyən, milli dəyərləri qiymətləndirməyən gənclər öz vətəninin keşikçilərinə çevrilə bilməzlər. Araşdırmalar göstərir ki, milli şüuru inkişaf etmiş hər bir xalq millətin ümumi mənafeyini dəyərləndirərək onun rifahı üçün fədakarlıqla çalışır. Tarix qarşısında öz missiyasını aydın dərk edən hər bir millət öz gələcəyini daha da xoşbəxt etmək üçün inamla və ardıcıllıqla məqsədə doğru irəliləyir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyirlər. Mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın öz fikir və hisslərini, mənafe və məqsədlərini öyrənməsinə yönəlir. Sosial şəraitdən asılı olaraq mənlik şüuru dəyişə də bilər. Bütün lazımi şəraitlə təmin olunan Azərbaycan gəncliyi məhz mənlik hissini, mənəvi dəyərləri üstün tutaraq vətənpərvərlik ruhunda tərbiyə olunur. Bu, hər birimizi sevindirir. Qürur hissi keçiririk ki, vətənimizin sərhədlərinin qorunması, torpaqlarımızın düşmək tapdağından azad olunması məhz vətənpərvər gəncliyin öhdəsindədir.


Dövlət ideologiyasının əsasında milli-mənəvi dəyərlər, dövlətçilikideyaları durur

Fiziki və mənəvi cəhətdən sağlam olan gənc nəsildə milli şüur və vətənpərvərlik hissləri böyük sürətlə inkişaf edir. Vətənə layiq bir vətəndaş kimi yetişmək üçün gənc nəsil millətimizin tarixi keçmişindən, adət-ənənəsindən, milli xüsusiyyətlərindən bəhrələnir. Ən əsası isə, gənclərimizin qəlbində vətən sevgisi kök salır, onlar doğma vətənimizə daha çox bağlanırlar. Vətənpərvərlik isə doğulduğun torpağın tarixini, adət-ənənələrini bilmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, vətənin rifahı naminə əlindən gələni əsirgəməməkdir. Bütün bunların arxasında milli mənlik şüuru dayanır. Bu hisslər insanda lap körpəlikdən formalaşır və möhkəmlənir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun dünya görüşünün formalaşması və inkişafında, həmçinin onun, həyat hadisələrini düzgün dərk etməsində mühüm rol oynayır. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır.
Vətənpərvərlik sosial reallıqlar prosesində uşağın tərbiyəsi zamanı mühüm üsullardan birinə çevrilir. Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etməkdir.
Vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilir, onun təbii sərvətlərini qoruyur və mühafizə edir. Qeyd etmək lazımdır ki, milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Millətin mənəvi həyatının təmin edilməsi üçün onun fərdlərinin özünüdərk, milli mənlik, milli birlik duyğuları da güclü olmalıdır. Fərdlərdə özünüdərk, milli mənlik milli birlik və ideyaya sədaqət duyğusu formalaşdırılmasa, onlar millətə çevrilə bilməzlər. Özünüdərk, milli mənlik milli ideyaya sədaqət duyğusu kimi, millətin müdafiə instinktlərini işə salır.
Milli mənlik kimi dəyişkən xarakterli mürəkkəb elmi, sosial-siyasi məsələləri həll edərkən fərd və milləti təşkil edən biososial amillərdən birinin əhəmiyyətini azaldıb-artırmaq yanlış nəticələrə gətirib çıxarır. Hər hansı bir uşaq cəmiyyətdən ayrı böyüdüləndə bioloji instinktlər üstün olur və onda heç bir milli duyğu və hiss yaranmır. Onun üçün zaman və məkan anlayışları da ancaq bioloji ehtiyacların ödənilməsi, varlığın maddi təminatı baxımından müəyyən fizioloji əhəmiyyət kəsb edir. Cəmiyyətdə biogenetik əlamətlərin, insanaların daxilindən gələn duyğuların əhəmiyyətinin azaldılması, ya inkarı da çox vaxt yanlış nəticələrə gətirib çıxarır. Bəzi insanların varlığındakı ictimai instinktlər tükənməz bir qüvvə kimi çeşidli şəkillərdə ortaya çıxır. Onların mahiyyətindəki igidlik və rəşadət duyğusu ömrün sonuna kimi qalır. Bu duyğunu sosial amillərin təsiri ilə ancaq müəyyən qədər artırıb-azaltmaq olur.
Keçmiş sovetlər dövründə "İnsanların iradəsindən asılı olmayan fasiləli, sıçrayışlı, yüksələn xəttlə inkişaf edən vahid ümumdünya tarixinin dərk edilməsi” sovet fəlsəfəsinin əsasını təşkil edirdi. Bu isə nəinki gənclərin, ümumiyyətlə, bütün insanların müəyyən bir çərçivə daxilində fəaliyyətinə səbəb olurdu. Şübhəsiz ki, həmin dövrlərdə milli mənlik şüurunun inkişafından, adət-ənənələrin qorunmasında danışmaq mümkün deyildi. Çünki sovet dövlətinin ideologiyası tamamilə başqa istiqamətə yönəlmişdi.
Azərbaycanın müstəqilliyi elan ediləndən sonra bəzi alimlər cəmiyyətdə idealogiya axtarışına başladılar. Ancaq ilk baxışdan cəlbedici görünən bu ideologiyalar dövrün demokratik ideyaları ilə nə qədər çox doldurulsalar da, millətin bütün iqtisadi, siyasi tələblərini ödəmək səviyyəsinə qalxa bilmədilər. Milli dövlətçiliyin inkişafında milli ideologiyanın rolu əvəzsizdir, buna görə də vətənsevərliyin, dövlətçiliyin kökündə millətçilik, millətsevərlik duyğusu dayanır. Milli ideya millətlə birlikdə meydana gəlir və millətin mənafeyinə xidmət edir. Əgər milli ideyanı milli ideologiya kimi qələmə versək, onda milli ideologiya həm millətə, həm də dövlətə xidmət edən ideologiyadır. Milli ideologiya bir dövlət ərazisində yaşayan çoxsaylı bir millətə deyil, bütün millət, xalq, etnik qrup və milli azlıqlara da xidmət edir. Milli ideyanın əsas məqsədi milli mənafenin müdafiəsi üçün kütlələrin səfərbərliyə alınmasıdır. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin formasından asılı olmayaraq, milli mənafenin müdafiə edilməsi, ümumbəşəri tələblər səviyyəsində, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın, milli azlıqların, etnik qrupların mədəniyyətlərinin inkişafına şərait yaradılması və s. mühüm yer tutmalıdır. Azərbaycanda dövlət ideologiyasının əsasında milli-mənəvi dəyərlər, dövlətçilik ideyaları durur. Ölkə millətlərinin əbədiliyini, dövlətin mövcudluğunu təmin etmək əhalinin təşkilolunma qabiliyyətini yüksəltmək üçün gərəkli ideya dövlətçilik-azərbaycançılıqdır. Azərbaycanın dövlət strategiyasının əsasında milli-mənəvi dəyərlər, milli dövlətçilik, azərbaycançılıq ideyları dayanır.
Azərbaycan gəncliyi milli şüurunu daim inkişaf etdirir, vətənpərvərlik ruhunda tərbiyə alır. Bu, Azərbaycan dövlətinin ölkəmizin gənc nəslinə göstərdiyi yüksək qayğının bariz nümunəsidir. Azərbaycanın gənc övladları vətənimizin keşiyində dayanmağa, topaqlarımızın hər qarışı uğrunda canını fəda etməyə hazırdır. Vətənpərvərlik hisslərinin önə çəkildiyi müasir dövrümüzdə bu, ən vacib amildir. Bu gün Azərbaycan topaqlarının işğal altında olması ölkəmizin hər bir vətənpərvər övladını mübarizəyə səsləyir. Azərbaycan gəncliyi dərindən dərk edir ki, vətənimizin hər bir qarışı qorunmalı, topaqlarımız işğaldan azad edilməlidir. Sevindirici haldır ki, ölkəmizdə hər bir gənc bu ideya uğrunda qüvvəsini səfərbər etməyə hazırdır.

Hərbi-vətənpərvərlik tərbiyəsi
ümumdövlət işinin mühüm bir
sahəsinə çevrilib

Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə ruhunu inkişaf etdirməlidir.
Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir. Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilmişdir.
Məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması heç də təsadüfi deyildir. Məlumdur ki, hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamağa xidmət etməlidir. Buna görə də, Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır.
Orta məktəblərin təhsil sistemi çağırış yaşı hələ çatmamış gənclərə ibtidai hərbi hazırlıq keçilməsini, onların fiziki cəhətdən möhkəmliyini təmin etməyi, onları orduda xidmətə hazırlamağı tələb edir. Bu cəhətdən də indiki şəraitdə çağırışa qədərki məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa, məhəbbət tərbiyə etməli, onlarda vətən qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir.
Vətənpərvərlik mövzusu dövlətimizin apardığı gənclər siyasətinin ana xəttini təşkil edir. Bu siyasət vətənin istiqlalı, torpaqları uğrunda apardığı mübarizədə gənc nəslə təkan verir, onların əsl vətənpərvər insan, vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Azərbaycan dövlətinin vətənpərvərlik sahəsində həyata keçirdiyi tədbirlər ölkəmizin gənc nəslini Vətəni sevməyə, hər qarış torpaq uğrunda mübarizə aparmağa səsləyir. Vətəninin əsl vətəndaşı olan gənlərimiz qırılmaz tellərlə, canlı rişələrlə xalqına, elinə-obasına bağlıdır. Azərbaycan gəncliyi məhz dövlətimizdən, xalqımızdan güc aldığı üçün vətənpərvərdir. Vətəninə, yurduna-yuvasına bağlılıq, vətəndaşlıq borcu bu nəslin əsas amalıdır.
Şübhəsiz ki, vətənin sərhədlərini qoruyan hər bir gənc fiziki cəhətdən sağlam olmalıdır. Belə olmazsa, sərhədlərimizin toxunulmazlığını təmin etmək müşkül məsələyə çerilə bilər. Məhz buna görə də ölkə gənclərinin sağlam həyat tərzinin formalaşması üçün ən mühüm tədbirlər həyata keçirilir. Qeyd etdiyimiz kimi, ölkəmizin bütün bölgələrində yeni idman qurğuları yaradılır və gənclərin istifadəsinə verilir. Bu qurğularda sağlam gənclər yetişir. Azərbaycanın ordu sıralarına məhz fiziki cəhətdən sağlam gənclər çağrılır. Belə gənclər torpaqlarımızın keşiyini çəkməklə yanaşı, həm də müxtəlif beynəlxalq miqyaslı yarışlarda ölkəmizin idman şərəfini qoruyurlar. Vətənimizin adını uca tutmaq niyyəti ilə idmançılarımızın müxtəlif mötəbər yarışlarda iştirakı onlarda milli qürur, vətənpərvərlik hisslərini, milli mənlik şüurunun tərbiyəsini daha da gücləndirir. Gənc nəslin nümayəndələri müxtəlif yarışlarda qələbə əzmi ilə yarışırlar. Beynəlxalq yarışlarda üçrəngli bayrağımızın dalğalanması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə zəmin yaradır. Eyni zamanda, medal əldə edən idmançılarımız yeniyetmə və gənclərimiz üçün nümunəyə çevrilirlər.

Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.